Ermənistan üçtərəfli razılaşmanın şərtlərini pozmaq yolunu tutub
Əlimusa İbrahimov: “Azərbaycan öz torpaqlarını işğaldan azad etmək missiyasını davam etdirə bilər”
26 Avqust 2021 11:38 SiyasətƏlimusa İbrahimov: "Azərbaycan öz torpaqlarını işğaldan azad etmək missiyasını davam etdirə bilər"
Ermənilər son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozur və bir qayda olaraq bunu yenə Azərbaycan tərəfinin üzərinə qoymağa cəhd edirlər. Təbii ki, Azərbaycan ordusu ermənilərin təxribatlarını cavabsız buraxmır və erməniləri susdururlar. Qarşı tərəfin indki şəraitdə fəallaşması maraq doğurur və bunu bir neçə istiqamətdə izah edirlər. Bəzi siyasətçilər hazırki status-kvodan razı qalmayan və revanşizmə meylli qüvvələrin bu hadisələrdə əli olduğu barədə fikir bildirir, bəziləri isə Paşinyana müxalif qüvvələrin onun apardığı siyasəti pozmaq cəhdi kimi qiymətləndirirlər. Politoloq Əlimusa İbrahimov hesab edir ki, erməni hərbçilərinin fəallaşmasının Fransa prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin "fəallaşması" ilə üst-üstə düşməsi sərhəddə baş verən hadisələrə birbaşa təsir edir: "Bu hər iki erməni havadarı Azərbaycan-Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasında maraqlıdırlar. Rusiya qarışıqlıqdan istifadə edərək Ermənistana özünə daha çox bağlamaq, öz hərbçiləri və sülhməramlılarının statusunu dah da genişləndirmək məqsədi güdür. Fransa isə ATƏT-in Minsk qrupunun dondurulmuş fəaliyyətinin buzunu əritmək istəyir. Onun bu marağı göründüyü kimi heç də Rusiyanın marağı iə üst-üstə düşmür. Çünki ATƏT-in Minsk qrupunun fəallaşması Rusiyanın fəaliyyətinin zəifləməsi ilə müşayiət oluna bilər ki, bu da Rusiyanın həzm edə bilməyəcəyi hadisədir". Onun sözlərinə görə, bu hər iki dövlət Əfqanıstanda baş verən hadisələrin əks-sədasının bizim regiona da gəlib çıxmasından narahatdırlar: "Onlar Talibanın hakimiyyətə gəlməsi nəticəsində yaranan hərc-mərclik, Pakistan və Türkiyənin mövqelərinin möhkəmlənməsindən ehtiyat edirlər. Çünki, Azərbaycana qardaş və dost olan bu ölkələrin güclənməsi elə Azərbaycanın bütün sahələrdə olduğu kimi Azərbaycan-Ermənistan cəbhəsində də güclənməsinə birbaşa təsir edəcək. Bu şəraitdən istifadə edən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək missiyasını davam etdirə bilər. İstənilən halda, cəbhədə atəşkəsi pozmaqda maraqlı olan qüvvələrin güddükləri məqsədlərindən asılı olmayaraq Azərbaycan öz ərazi bütövlüyünün bundan sonra da ən yüksək səviyyədə qorunmasında tələb olunan bütün tədbirləri görəcək".
xxx
Millət vəkili Tahir Rzayev isə qeyd edib ki, Paşinyan ölkəni idarə edə bilmir, ermənilər başqa dövlətlərə sığınır: "Ermənistan əhalisinin əksəriyyəti erməni millətçilərinin, bəzi siyasətçilərin müharibəyə hazırlıq, revanş ötürmək, orduya səfərbər olmaq barədə söylədiklərinə inanmır. Bunun mümkün olmadığı fikrindədirlər". Deputatın sözlərinə görə, mövcud reallıqlar, dövlətin bugünkü vəziyyəti, 44 günlük müharibədəki ağır məğlubiyyət bunu deməyə əsas verir: "Ermənistan iqtisadiyyatı artıq çöküb, müharibə ağır olan vəziyyəti daha da çətinləşdirib. Daxili çəkişmələr böhranı kəskinləşdirib, xarici borclar artıb, işsizlik, yoxsulluq, xəstəlik insanların həyatını olduqca çətinləşdirib. Paşinyan hakimiyyəti ölkəni idarə edə bilmir. Sabitlik yaratmağa, qarşıdurmanı aradan qaldırmağa, siyasi qüvvələr arasında həmrəylik yaratmağa qadir deyil. Millətçilik, təcavüz niyyətindən, çirkin məqsədlərindən əl çəkməyən, müharibənin acınacaqlı nəticəsindən ibrət götürməyən Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni saxta bəyanatlar verməklə, üçtərəfli bəyanatın şərtlərini pozmaqla, sərhədlərimizə hücumlar təşkil edib, atəş açmaqla yenidən müharibəni alovlandırmaq həvəsindədir". Tahir Rzayev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında Qarabağın "status" məsələsinə yenidən toxunduğunu xatırladıb. O, bildirib ki, erməni baş nazir paralel olaraq Minsk qrupunun fəaliyyətinin bərpa edilməsini tələb etməklə imzalanmış bəyanatın şərtlərini pozmaq yolunu tutur: "Ermənistan rəhbəri sanki Azərbaycan Prezidenti, cənab İlham Əliyevin mövqeyindən xəbərsizdir. Dövlətimizin rəhbəri dəfələrlə Ermənistana və beynəlxalq aləmə bəyan edib ki, status olmayacaq. Minsk qrupu 30 ildir ədaləti bərpa edə bilmədiyinə, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün heç bir təşəbbüs göstərmədiyinə görə, onun fəaliyyəti məqbul deyil. Biz özümüz tarixi ədaləti bərpa edib, torpaqlarımızı işğaldan qurtarmışıq. Ermənistanın yenidən müharibə etmək cəhdi əbəsdir. Millətçilik, yersiz ideyalar, siyasi qarşıdurmalar, parlamentdəki dava-dalaş bu dövləti uçuruma aparır. Sadə xalq isə bundan bezib və onların çoxu nicat yolunu ölkəni tərk etməkdə, başqa dövlətlərə sığınmaqda görürlər. Bu ilin yanvar, iyul ayları ərzində 43 min 39 nəfərin Ermənistanı tərk etməsi acınacaqlı vəziyyətin göstəricisidir. Ölkə boşalır, bu halda dövlətin yenidən müharibə arzusuna qapılması onun yer üzündən silinməsinə gətirib çıxara bilər. Ağıllı ermənilər bunu dərk etdiklərinə görə, sülh müqaviləsinin bağlanmasına, üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsinə, Azərbaycan və Türkiyə ilə münasibətin yaxşılaşdırılmasına üstünlük verirlər. Əks halda onlar ölkəni tərk etməyi vacib bilirlər. Bu əsl reallıqdır, Ermənistan boşalır".
Alim