Sahil İsgəndərov: Artıq BMT adlı təşkilat dişsiz və mənasız bir təşkilata çevrilib
“Bunu da yaddan çıxarmaq olmaz ki, prezident məhz BMT-nin müasir dövrün tələblərinə və çağırışlarına cavab verməsi ilə bağlı əvvəllər də fikirlər səsləndirmişdir və bununla bağlı konkret olaraq qrumda ciddi islahatlara ehtiyac duyulduğunu demişdi.”
25 Avqust 2021 17:43 Siyasət"Bunu da yaddan çıxarmaq olmaz ki, prezident məhz BMT-nin müasir dövrün tələblərinə və çağırışlarına cavab verməsi ilə bağlı əvvəllər də fikirlər səsləndirmişdir və bununla bağlı konkret olaraq qrumda ciddi islahatlara ehtiyac duyulduğunu demişdi."
Bu fikirləri Olaylar.az-a Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlərinə münasibət bildirən siyasi ekspert, politoloq Sahil İsgəndərov deyib:
"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşdə səsləndirdiyi fikirlərdən ilk növbədə aydın olan budur ki, Azərbaycan prezidenti çox haqlı şəkildə dünyanın ən mötəbər təşkilatı olan BMT-nin işinin yarıtmazlığı barədə, konkret olaraq bu təşkilatın özünün qəbul etdiyi qətnamələrə etinatsızlığı barədə sətirarası mesajlar ötürdü.Əslində, BMT-də qəbul olunmuş 4 qətnamənin yerinə yetirilməməsi ilə bağlı BMT-nin əlinin ağdan qaraya vurmaması və ümumiyyətlə, bir növ otuz il müddətində Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in MİNSK qrupu həmsədrlərinin inhisarına verilməsini bəhanə gətirərək, bu məsələnin həllində heç bir qətiyyətli addım atmaması, siyasi iradə göstərməməsi ilə bağlı Azərbaycan prezidenti bu iradları bildirməklə, konkret olaraq son vaxtlar BMT-də çox ciddi islahatlar aparılması barədə fikirləri bir daha təsdiqləmiş oldu. Bunu da yaddan çıxarmaq olmaz ki, prezident məhz BMT-nin müasir dövrün tələblərinə və çağırışlarına cavab verməsi ilə bağlı əvvəllər də fikirlər səsləndirmişdir və bununla bağlı konkret olaraq qrumda ciddi islahatlara ehtiyac duyulduğunu demişdi. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə, məhz münaqişə dövründə yenə də bu təşkilatın konkret olaraq heç bir ciddi addımlar atmaması, ümumiyyətlə siyasi iradə ortaya qoymaması, ilk növbədə isə həmin ərazilərin yenidən qurulması ilə bağlı Azərbaycana təşkilat verməməsi və bunda fəallıq göstərməməsi, sanki, iştirakdan boyun qaçırması sözsüz ki, tənqidə laiq bir məqamdır ki, bunu da prezident sətirarası orda çatdırdı. Məsələ burasındadır ki, çox təəssüf olsun ki, BMT sanki bu dəqiqə dünyada gedən proseslərdən özünü bir növ kənara qoyub və sadəcə orda olaraq vaxtaşırı hansısa məsələlərlə bağlı təhlükəsizlik şurasının iclaslarının çağırılması məsləsində iştirak edir. Orda da bildiyiniz kimi dünənin güc mərkəzləri arasında çox ciddi ziddiyyətlər mövcud olduğundan qətiyyətli işlər görülmür, addımlar atılmır.".
Həmçinin ekspert prezidentin verdiyi mesajlarada toxunub:
"Digər tərəfdən təəssüfləndirici haldır ki, prezident bunu vurğuladı, BMT-nin daha bir qanadı olan, tarixi-mədəni irsin dünyada qorunub saxlanılmasında birbaşa məsuliyyətli olan YUNESKO-nun da otuz il müddətində Azərbaycanın işğal altındakı ərazilərini heç bir səfər etməməsi və ordakı vandalizm faktlarını qeydə almaması qarşılığında indi birdən guya ki, Azərbaycanın artıq işğaldan azad etdiyi ərazilərdə xristian dini və mədəni irsi abidələrinin təhlükə altına düşməsi ilə bağlı qol-qanad açması, hay-küy salması təəssüf doğuran haldır ki, bunu da prezident vurğuladı. Bir daha onu qeyd etmək istəyirəm ki, əslində Azərbaycan prezidentinin əsas iradı ondan ibarət idi ki. əgər BMT həqiqətən də öz tarixi missiyasına sadiqdirsə və o tarixi missiyanı yerinə yetirmək iqtidarındadırsa, ən azı özünün Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara hörmətlə yanaşmalı və onların birmənalı şəkildə operativ qaydada həyata keçirilməsi, əməl olunmasına qarşılığında özünün nüfuzunu qoruyub saxlamalıdır. Yoxsa, otuz il müddətində cırtdan Ermənistana heç bir təzyiq mexanzimini işə salmayan və dəfələrlə də belə iradlar tutulanda ancaq onu deməsi ki, əslində həmin münaqişənin həllində ATƏT-in MİNSK qrupu məşğul olub, yəni, biz yaxamızı kənara çəkirik, bu onu göstərir ki, artıq BMT adlı təşkilat dişsiz və mənasız bir təşkilata çevrilib. Bu baxımdan mən düşünürəm ki, həqiqətən də Azərbaycan prezidentinin mesajlarında o məqam qırmızı xətlə keçirdi ki, əslində bu qurumda çox ciddi islahatların vaxtı çoxdan yetişir."