Qarabağda antiterror əməliyyatların keçirilməsi zərurətə çevrilir

Keçən həftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də Ermənistanda, hətta bu ölkənin ağası sayılan Rusiyada diqqətlə izlənilib, təhlil olunub desək yanılmarıq.

Keçən həftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN Türk" televiziya kanalına verdiyi müsahibə təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də Ermənistanda, hətta bu ölkənin ağası sayılan Rusiyada diqqətlə izlənilib, təhlil olunub desək yanılmarıq. Çünki sözügedən müsahibədə Azərbaycan dövlət başçısının səsləndirdiyi fikirlərdə Rusiya və Ermənistan faktorlarına da diqqət çəkilmiş və 10 noyabr bəyanatından sonra Moskva bə İrəvanın ortaya qoyduğu davranışlar sərt şəkildə tənqid olunmuşdu. Həm də haqlı şəkildə. Çünki 10 noyabr bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları üzərilərinə düşən vəzifələrdən başqa hər bir işlə, hətta separatçıları yenidən silahlandırmaqla məşğuldur ki, bu da Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır və ictimaiyyətin həmin narazılıq dolu fikirlərini də dövlət başçısı "CNN Türk"ə verdiyi müsahibədə Rusiyanın rəsmi dairələrinin diqqətinə çatdırdı. Prezident bildirdi ki, Rusiyadan gözləntimiz üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir: "Bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq".

Dövlət başçısı daha sonra açıq şəkildə ifadə edib ki, bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır: "Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur".

Rusiya və onun "sülhməramlılar"ının ortaya qoyduğu bu səhv yanaşma və Azərbaycana qarşı nümayiş etdirilən hörmətsizlik öz növbəsində Ermənistanın revanşist qüvvələrinin yenidən əl-qolunun açılmasına zəmin yaradır. Məhz son həftələrdə dövlət sərhədində düşmən tərəfinin demək olar ki, bütün istiqamətlərdən atəşkəsi pozması da onu deməyə əsas verir ki, Ermənistandakı revanşist qüvvələr Rusiyanın ortaya qoyduğu ermənipərəsət mövqedən ruhlanıblar. Ona görə də hətta Qarabağda, Şuşa ətrafında yaşayan ermənilər belə müntəzəm olaraq separatçılığa əl atıb Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlar törədirlər. Bu isə Azərbaycanı haqlı olaraq əlavə tədbirlər görməyə məcbur edir. Əlavə tədbirlər isə heç şübhəsiz ki, antiterror əməliyyatları deməkdir. Çünki Qarabağda qalan separatçılar zərərsizləşdirilməyənə, yaxud Rusiya "sülhməramlıları" onları tərkisilah etməyənə qədər regionda tam sabitlikdən söhbət gedə bilməz.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev də "CNN Türk"ə müsahibəsində dolayısıyla antiterror əməliyyatlarının mümkünlüyünü ifadə edib: "Dövlət başçısı bildirdi ki, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq".

MHP sədri hesab edir ki, İlham Əliyevin bu mesajlarının əlavə şərhə ehtiyacı yoxdur: "Azərbaycan liderinin bu ismarıclarında və iradlarında 10 noyabr və 11 yanvar razılaşmalarının qarantoru kimi bilavasitə Rusiya rəhbərliyindən öz öhdəliklərinə münasibətdə centlmensayağı davranış sərgiləməsi istənilir. Bir növ Rusiyaya deyilir ki, konyukturanın tələblərindən asılı olaraq Kremlin geosiyasi prioritetləri dəyişə bilər və yaxud Kreml Yelisey sarayı ilə hansısa gizli sövdələşmələrə də gedə bilər, lakin bütün hallarda Rusiya rəhbərliyi öz öhdəliklərinə, öz imzasına sadiq qalmalıdır. Rusiya öhdəliklərinə sadiq qalmayacaqsa, indiyə qədər dəfələrlə şahidi olduğumuz kimi bundan sonra da öz müttəfiqlərini itirməyə davam edəcək".

Əlisahib Hüseynov deyib ki, 10 noyabr və 11 yanvar razılaşmalarına münasibətdə də Rusiya öz vasitəçilik rolunu axıra qədər yerinə yetirməlidir: "Rusiya "ikili standart"lardan çıxış etməməli və Ermənistanı qoyub Azərbaycana təzyiq göstərməməlidir. Eləcə də Rusiya sülhməramlıları da ilk başdan onlara bəslənilən inamı, etibarı bərpa etmək yolunu tutmalıdırlar. Əlbəttə, bu elə də asan məsələ deyil. Çünki son aylarda sülhməramlıların ermənipərəst mövqe tutmaları və birbaşa funksiyalarından kənara çıxan fəaliyyətlərlə tez-tez diqqət mərkəzinə gəlmələri Azərbaycan cəmiyyətində onlara qarşı ciddi inamsızlığın baş qaldırmasına gətirib çıxarıb. Bu isə hesab edirəm ki, həm sülhməramlıların komandanlığını, həm də ki, Rusiya rəhbərliyini narahat etməlidir.  Bir sözlə, regionun növbəti dəfə qan çanağına dönməməsi hazırda məhz Rusiyanın mövqeyindən asılıdır. Rusiya tərəfi Üçüncü Qarabağ müharibəsinin başlanmasını və ya Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsini istəmirsə, o zaman sülhməramlılar öz missiyalarını qeydsiz-şərtsiz və layiqincə yerinə yetirməlidirlər. Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin revanşizmə can atan Ermənistanı xəbərdar etmiş və bildirmişdi ki, 10 noyabr öhdəliklərinə əməl etməmək intihar deməkdir. Buyurun, hazırda 10 noyabr və 11 yanvar razılaşmalarında yer alan öhdəliklərə əməl olunmur. Və bunun da məsuliyyəti məhz Ermənistanın və Rusiyanın üzərinə düşür".

Göründüyü kimi, həm Rusiya və onun "sülhməramlılar"ının Ermənistanı silahıandırması, həm də Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onların Qarabağa üz tutması Azərbaycanın antiterror əməliyyatları həyata keçirməsini zərurətə çevirir. Bu isə Ermənistan üçün heç də müsbət sonluqla yekunlaşmayacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31