Tarixi zəfərimizi daxili və beynəlxalq auditoriyaya çatdıran “Zəfər salnaməsi”

Azərbaycan yaşadığımız əsrdə elə bir uğura, zəfərə, qələbəyə imza atıb ki, yüz illər keçsə də bu barədə danışılacaq, yazılacaq, ölkəmizin tarixi qələbəsi arxivləşdiriləcək. Necə ki, günümüzdə də bu barədə yazılır, 44 günlük Vətən müharibəsindəki qələbəmiz təbliğ edilir, gələcək nıəsillərin bilməsi üçün arxivləşdirilir. Çünki olduqca vacibdir. Ona görə ki, yetişməkddə olan nəsil, gələcəyimiz günümüzdə Azərbaycanın, ona rəhbərlik edən liderin nələrə qadir olduğunu bilməli, tariximizlə, onun qəhrəmanları ilə qürur duymalıdır. Bu baxımdan "Zəfər salnaməsi" adlı kitabı xüsusi əhəmiyyətə malik nəşrlərdən hesab etmək olar. Nəfis tərtibatda işıq üzü görən kitabın əhəmiyyətini artıran başlıca məqamlardan biri "Zəfər salnaməsi"nin Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə işıq üzü görməsidir. Əslində bu tipli kitabların, nəşrlərin məhz Prezident  Administrasiyası tərəfindən dəstək görərək işı üzü görməsi zəruridir. Çünki belə olan halda çap edilən nəşrlərdə, kitablarda hansısa təhrif edilmiş materiallardan, yazılardan söhbət gedə bilməz. Etiraf edək ki, indiyə qədər işıq üzü görən müxtəlif səpkili bu tipli kitablarda müəyyən təhrif edilmiş, yaxud kimlərdənsə eşidilmiş materiallar əsk olunub ki, həmin nəşrlər də kifayət qədər sanballı əsər kimi yadda qalmayıb.

"Zəfər salnaməsi"nin əhəmiyyətini artıran ikinci bir məqam onun geniş və zəngin redaksiya heyətinin olmasıdır. Kitabın redaksiya heyətinə nəzər yetirsək görərik ki, "Zəfər salnaməsi"nin hazırlanmasında, geniş oxucu kütləsinə təqdim olunmasında azərbaycanlılarla yanaşı, Andrey Vasilyev kimi şef redaktor, Yelena Çirikova kimi rəssam, Sergey Kivrin, Andrey Qolovanov kimi məşhur fotoqraflar, eləcə də Yan Pirt, Qalina Lisenko kimi tanınmış simaların böyük əməyi olub. Bu amilin özü həm də "Zəfər salnaməsi"nin beynəlxalq əhəmiyyətli bir nəşr olduğunu da təsdiqləyir. Kitabın 3 dildə-Azərbaycan, rus və ingilis dillərində hazırlanması da təsadüfi sayıla bilməz. Yəni bu o deməkdir ki, "Zəfər salnaməsi" təkcə daxili deyil, eləcə də beynəlxalq auditoriya üçün nəzərdə tutulub.

Layihə rəhbəri və baş redaktoru Musa Mərcanlı, şef redaktoru isə Andrey Vasilyev olan kitabda yer almış hər  3 hissə bir-birindən maraqlı, eyni zamanda günümüz üçün vacib olan tarixi faktlarla zəngindir. Kitabın redaksiya heyəti Vətən müharibəsini şərtləndirən amillər, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi, güclənməsi istiqamətində atılan addımlar, 44 günlük Vətən müharibəsi, eləcə də topraqlarımızın işğaldan azad edilməsindən sonra Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərə səfərlərindən geniş bəhs edirlər.

Ümumiyyətlə, "Ərəfə", "Vətən müharibəsi" və "Qayıdış" bölmələrindən ibarət olan kitabın əsasını təşkil edən materiallarda dövlətin və onun başçısı-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyət xətti aydın izlənilir. Kitabda oxucuya çatdırılan əsas məqamlardan biri də ondan ibarətdir ki, İlham Əliyev bu fəaliyyətin əsas hərəkətverici qüvvəsidir. Onun iradəsi və liderlik keyfiyyətləri, strateji məqsədlərlə düşünmək və onlara çatmaq bacarığı. Möhkəm siyasi və mənəvi mpvqeyi ölkənin inkişaf sürətini müəyyən edib, onun dünya miqyasında tanınmasını, Vətən müharibəsində qələbəsini təmin edib.

"Zəfər salnaməsi"nin yekununda tarixi zəfəri, 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirən, Azərbaycan xalqına bu sevinci bəxş edən Azərbaycan Silahlı Qüvvələrinin qələbə paradından da geniş bəhs edilib. 2020-ci il, dekabr ayının 10-da, Bakının Azadlıq meydanında baş tutan qələbə paradında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi, Bakıdan iki ölkə liderinin dünyaya barış, sülh mesajı verdiyi də əksini tapıb. Bu həm də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya bir daha sübutu, göstəricisi idi. Və bu dostluq-qardaşlığın heç bir qüvvə tərəfindən pozula bilməyəcəyi ismarıcı idi.

Bir sözlə "Zəfər salnaməsi" müasir dövrümüz, Qarabağ müharibəsi, ən əsası 44 günlük Vətən müharibəsi və tarixi qələbəmizin həm daxili, həm də beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyətli nəşrlərdən biridir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31