Rusiyanın Azərbaycana münasibətini Jirinovski kimi sıradan bir deputat deyil,..
10 noyabr tarixli Bəyanata imza atan Vladimir Putin müəyyənləşdirir.
5 Avqust 2021 12:38 Siyasət10 noyabr tarixli Bəyanata imza atan Vladimir Putin müəyyənləşdirir
Zaman-zaman Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski özünün antiAzərbaycan, antiTürkiyə mövqeyi ilə gündəm yaradır. Tamamilə qərəz və yalana söykənən bu mövqeyə son aylarda təhdid də əlavə olunub. Elə Rusiya Liberal demokratlarının liderinin bu günlərdə Azərbaycan dövləti və onun lideri, Cənab Prezident İlham Əliyev barədə sərsəmləmələri də bu qəbildəndir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib ki, bir neçə gündür Azərbaycan mətbuatını, sosial şəbəkələrini və informasiya platfromalarını ən çox zəbt edən mövzulardan biri Jirinovskiy ilə bağlıdır: "Düşünürəm ki, biz cəmiyyət olaraq informasiya məkanımızın bu şəkildə kənar idarəçiliyinə imkan verməməliyik. Məhz, elə buna görə deyirəm ki, biz Azərbaycan xalqına və dövlətinə qarşı növbəti dəfə əsassız və absurd fikirlər səsləndirən Jirinovskiyə layiq olmadığı reaksiyanı göstəririk. Çünki, onun kimi hazırda öz ölkəsində belə "şəxsiyyət"i ilə yanaşı səsləndirdiyi fikirləri də, ciddiyə alınmayan birisinin şəkillərinin ölkəmizdə manşetlərdə əks olunması Jirinovskinin özü üçün ən çox arzuolunan haldır. Əslində, onun dəyərini, daha doğrusu dəyərsizliyini sübut edən fikirləri rusların özü, ən yüksək məmurlarından tutmuş, mədəniyyət xadimləri ilə yanaşı, sadə vətəndaşları da dəfələrlə bəyan ediblər. Ancaq təbii ki, bununla yanaşı onu da mütləq nəzərə almaq lazımdır ki, biz dövlətimizə və dövlətçiliyimizə qarşı bu cür fikirləri də cavabsız qoymamalıyıq".
Mərkəz rəhbərinin sözlərinə görə, maraqlısı odur ki, Jirinovskinin bütün cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanan həmin absurd açıqlamaları sərsəm fikirlər və özü isə təlxək adlandırılsa da, geniş müzakirə obyektinə çevrildi: "Bunu da, yenicə unudulmaz qalibiyyət yaşamış Vətən müharibəsində ordusunun və rəhbərinin ətrafında sarsılmaz monolit birlik göstərən cəmiyyətin hiddətinin və qəzəbinin təzahürü kimi başa düşmək olar. Tarix də göstərib ki, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq əsl xalq, ordu və rəhbər birliyi və onun gücü qarşısında heç bir quvvə duruş gətirə bilməz".
Xəyal Bəşirov bildirib ki, Vladimir Jirinovskinin özü və fikirləri xalqımıza və cəmiyyətimizə çox tanışdır: "Onun təkcə xalqımıza və dövlətimizə deyil, hazırda vətəndaşı olduğu və qanunvericilik orqanında təmsil olunduğu Rusiya dövlətinə və xalqına da nə dərəcədə zərərli olduğunu isbat etməyə belə lüzum yoxdur. Bu şəxsdə Azərbaycana, azərbaycanlılara və türklərə qarşı çox ciddi bir qıcıq və qisasçılıq hissləri müşahidə olunur. Bunu bir çoxları gənclik travması ilə əlaqələndirir. Ancaq onun müdhiş həyat tarixçəsinə nəzər salsaq bu münasibəti hədəfdən yayındırmağa hesablanmış və əslində nifrət nümayiş etdirdiyi tərəfə çalışan xəfiyyə obrazının fəaliyyətinin nəticəsi də hesab etmək olar. Qazaxıstanın Alma-Ata şəhərində doğulub, əsas ali təhsil olaraq türkoloq ixtisasına yiyələnən və ziddiyyətli karyerasının əvvəlində Türkiyədə fəaliyyət təcrübəsi keçən Vladimir yəhudi əslli atasına məxsus Eydelşteyn soyadını deyil, anasının əvvəlki ərindən olan uğursuz Jirinovskiy soyadını qəbul edib. Bioloji olaraq haqq etmədiyi soyadı daşıyan Vladimir Jirinovskiy kim bilir bəlkə də, uzun illər ərzində hələ türkologiya üzrə ali təhsilinin dördüncü kursunda Türkiyənin Kiçik İskəndəriyyə şəhərində təcrübə keçərkən üzərinə götürdüyü öhdəliyə görə türk xəfiyyəsi qismində fəaliyyət göstərməkdədir. Hər bir halda əminəm ki, özü kimi, fəaliyyət tarixçəsi də çirkab içində olan bu şəxs heç göründüyü kimi də deyil".
Xəyal Bəşirov onu da deyib ki, Jirinovskinin aparıcının diqqətini və marağını zərrə qədər cəlb etməyən məlum sərsəm fikirlərinə gəldikdə isə, o fikirlərin sərsəmliyini və absurdluğunu isbat etməyə uşaq məntiqi belə yetər: "Çünki, Rusiyanın Azərbaycana münasibətini Jirinovskiy kimi sıradan bir deputat deyil, 10 noyabr tarixli Bəyanata imza atan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müəyyənləşdirir. Həmin Putin ki, 44 günlük müharibə dönəmində Ermənistan dövlətinin, onun rəhbərinin və dünya ermənilərinin bütün yalvarışlarına baxmayaraq ermənilərin Jirinovskinin əlinə verdiyi həmin xəritələrdəki ərazilərin Azərbaycana məxsus olduğunu və o ərazilərdəki döyüşlərin KTMT-na heç bir aidiyyatının olmadığını açıq bəyan etdi. Həmin Vladimir Putin ki, ordusu darmadağın edilmiş və diz çökdürülmüş Ermənistanı biabırçı kapitulyasiya aktını imzalatdırmaqla müzəffər Azərbaycan əskərindən, ordusundan və Ali Baş Komandanından xilas etdi. Həmin Rusiya Prezidenti ki, ən son görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevə mövqeyinə və regiondakı addımlarına görə bir daha təşəkkür etdi. Bu səviyyədə mövcud olan dövlətlərarası münasibətlərlə və nəhəng şəxsiyyətlər olan dövlət başçılarımız arasındakı səmimi qarşılıqlı hörmətlə müqayisədə jirinovskiy kimilərin bəyanatları və çığırtıları yalnız milçək vızıltısı effekti yarada bilər. Ona görə də, bu qəbildən olan cılız siyasətbazlara və onların dəyərsiz söz yığıntılarına layiq olmadıqları dəyəri verməyək və onları sərsəm fikirləri ilə birlikdə manşetlərə deyil, 44 günlük zəfərli müharibəmizdə müzəffər Ali Baş Komandanımızın bir çox lazımsız məfhumları göndərdiyi yerə göndərək".
Füzuli