Azərbaycanı istəməyən, antimilli qüvvələrin növbəti siyasi uydurması
5 Avqust 2021 11:59 SiyasətZaman-zaman bir sıra millət vəkillərinin öz səlahiyyətlərini aşaraq qeyri-qanuni əməllərə yol verməsi, törətdikləri hərəkətlərlə cəmiyyətdə ciddi iradla qarşılanmaları belə bir fikrin formalaşmasına yol açıb ki, VI çağırış Milli Məclisi istər dövlətin, istərsə də cəmiyyətin etimadını doğrultmadığı üçün onun buraxılması zərurəti meydana çıxıb. Hətta ölkədə referendum keçiriləcəyini də deyənlər var. İddia olunur ki, məhz referendum yolu ilə mojaritar seçki sistemi ləğv ediləcək və proporsional seçki sisteminə keçiləcək. Bəs görəsən, bu indiki halda real görünürmü və deputatlar bu barədə nə düşünür?
Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, bu, müəyyən antimilli, Azərbaycanı istəməyən dairələrin ortaya atdığı spekulyasiya istiqamətində addımlardır Deputatın sözlərinə görə, Milli Məclisin buraxılacağı, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçiriləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır, qərəzlidir və müəyyən siyasi dairələrin məqsədinə xidmət edir: "Hər bir hadisənin baş verməsi üçün onu şərtləndirən amillər olmalıdır. Bugünkü reallıqlar ondan ibarətdir ki, sözügedən proseslərin baş verməsi üçün ölkədə heç bir amil, əsaslar yoxdur. Çünki ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indi biz yeni tarixi dövrə daxil olmuşuq. Tarixi Qələbəyə imza atmışıq və yeni tarixi dövrdə qarşımızda yeni hədəflər mövcuddur. Bunlar ilk növbədə Qarabağın bərpası və yenidən qurulması, həmin ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlıdır. Ermənistanla sülh müqaviləsinin bağlanması da vacib məsələlərdən biridir".
Elman Nəsirov qeyd edib ki, bütün bu reallıqlar fonunda növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsinə ehtiyac yoxdur: "Buna o halda ehtiyac olardı ki, parlament öz üzərinə düşdüyü funksiyanı yerinə yetirə bilməsin: "Halbuki VI çağırış Milli Məclisin fəaliyyəti kifayət qədər uğurlu olub. Parlament qanun yaradıcılığı, deputatların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, mətbuata açıq olmaları, seçicilərlə müntəzəm görüşləri və onların problemlərinin həlli istiqamətində atılan addımlar nöqteyi-nəzərindən kifayət qədər uğurlu fəaliyyət göstərib. Həmçinin Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarova sözün həqiqi mənasında parlamentə xanım kübarlığı gətirib. Bütün məsələlər operativ şəkildə açıq müzakirə olunur. İclaslar başlayarkən 30-45 dəqiqə ərzində cari məsələlər müzakirə edilir, hər kəs öz istədiyi fikri açıq şəkildə ifadə edir".
Millət vəkili parlamentin beynəlxalq əlaqələrinə də diqqəti yönəldərək bildirib ki, bu sahədə də Milli Məclisin əlaqələri kifayət qədər güclüdür: "Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Türkiyəyə, Pakistana, Rusiyaya, Macarıstana olan yüksək səviyyəli səfərlər və əldə olunan nəticələr, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi, bütün bunlar göstərir ki, parlamentimiz diplomatik cəhətdən də çox uğurlu fəaliyyət göstərir. Bu reallıqları, həmçinin parlamentdə çoxpartiyalı təmsilçiliyi nəzərə aldıqda qeyd edə bilərik ki, Milli Məclisin ilyarımlıq fəaliyyəti səmərəli olub. Parlamentin buraxılması, növbədənkənar parlament seçkilərinin, eyni zamanda, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur. Bu, müəyyən antimilli, Azərbaycanı istəməyən dairələrin ortaya atdığı spekulyasiya istiqamətində addımlardır".
Deputat Anar Məmmədov da deyib ki, artıq bir neçə gündür istər sosial şəbəkə platformalarında, istərsə də bəzi media orqanlarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə dezinformasiya xarakterli məlumatlar yayılır: "Əfsuslar olsun ki, Vətən müharibəsində xalqın yanında yer almayanlar bu gün Milli Məclisin tərkibi, fəaliyyəti, seçki sistemi barədə yeni yalanlar uydurmaqla siyasi səhnəyə qayıtmaq istəyirlər. Bu kəslər belə ifadələr işlətməklə sadəcə ictimai rəyi çaşdırmağa çalışırlar. Bu isə mümkün deyil. Hər kəs çox yaxşı bilir ki, onların bu cür hərəkətlərə əl atması özlərinin şəxsi maraqları ilə bağlıdır. Çünki sosial şəbəkələrdə yalan iddialar səsləndirənlər Vətən uğrunda müharibədə xalqın milli birliyindən kənarda qalmaqla hansı mövqedə olduqlarını açıq şəkildə ortaya qoydular. Bu siyasi təxribat xarakterli məlumatı yayanların məqsədi yalnız qanunverici orqan ilə xalq arasında olan münasibətləri kəskinləşdirmək, Azərbaycan parlamentinin demokratik imicinə zərbə vurmaqla siyasi dividend əldə etməkdir".
Millət vəkili deyib ki, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər: "Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir. Artıq siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Parlamentin iclasları kifayət qədər maraqlı, gərgin müzakirələr və diskussiyalar şəraitində keçir, müxtəlif siyasi baxış və mövqelərin mübarizəsi meydanı kimi diqqətləri özündə saxlamaqla dialoq üçün əvəzsiz məkan rolunu oynayır. Bu zaman edilən çıxışlar, səsləndirilən təkliflər, lazım gəldiyi halda bilavasitə edilən canlı yayımlar istər mətbuatda, istər cəmiyyətdə, istərsə də ailələrdə geniş müzakirə və mübahisə predmetinə çevrilir".
Deputat bildirib ki, Azərbaycan parlamentinin fəaliyyəti dövrün və cəmiyyətin tələblərinə uyğun qurulub və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatların ruhuna tam cavab verməkdədir: "Parlamentimiz bu gün Konstitusiya ilə ona verilən səlahiyyətlər çərçivəsində qanunvericilik, nəzarət və təmsilçilik kimi əsas funksiyalarını fəaliyyətinin bütün dövrlərində böyük məsuliyyətlə yerinə yetirməyə çalışaraq hakimiyyətin müstəqil qanadlarından biri, insanlara, onların hüquqlarının və azadlıqlarının qorunması işinə daha yaxın bir dövlət orqanı olaraq bu missiyasını şərəflə daşımaqdadır".
Millət vəkili Elşad Mirbəşir oğlu deyib ki, bəzi KİV-lərdə guya Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə əlaqədar referendumun keçirilməsi və Parlamentin buraxılmasına dair heç bir fundamental əsası olmayan fikirlər yer alıb. Onun sözlərinə görə, bu kimi saxta məlumatların yayılması süni şəkildə gündəm yaratmağa hesablanmış uğursuz manipulyasiyaslar olmaqla yalnız radikal siyasi qüvvələrin maraqlarına xidmət edə bilər: "Əvvəla, dövlət başçımız tərəfindən ölkəmizdə genişmiqyaslı və köklü islahatlara start verilən zaman yeni çağırışlara ən tez reaksiya verən qurumlardan biri Milli Məclis oldu. Azərbaycan Parlamenti cənab Prezidentin yeni idarəçilik konsepsiyasına adekvat olaraq növbədənkənar seçkilərə getdi və nəticədə hakimiyyətin bu qanadında böyük dəyişikliklər reallaşdı. Növbədənkənar parlament seçkilərindən sonra ölkəmizin siyasi palitrasında təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşdı. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür".
Deputat deyib ki, ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atıb: "Milli Məclis 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində olduqca intensiv fəaliyyətlə yadda qaldı. Pandemiya şəraitində millət vəkilləri seçicilərlə həm onlayn, həm də canlı formada görüşlər keçirməkdədirlər. Seçicilərin müraciətləri, qayğıları diqqətlə dinlənilir, onların həlli ilə bağlı əlaqədar icra orqanlarına məktublar göndərilir. Eyni zamanda deputatlar vətəndaşları narahat edən məsələləri həm parlament tribunasından səsləndirir, həm də media vasitəsilə cəmiyyətə çatdırır. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi bir daha təsdiq etdi ki, Milli Məclis ölkəmizin beynəlxalq əlaqələrinin qurulmasına olduqca mühüm töhfələr verir. Parlament diplomatiyasının inkişaf etdirilməsi daha intensiv xarakter alıb. Bir sözlə, Azərbaycanda referenduma və ya Parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur. Hakimiyyətin hər üç qanadı öz funksiyalarını peşəkarlıqla yerinə yetirir".
Məhəmməd