Moskva Araikin göz yaşlarına inanacaqmı?
“Qagik İsaxanyanın Nikol paşinyan tərəfindən Qarabağa göndərilməsi Ermənistanda birmənalı qarşılanmayıb
14 İyul 2021 11:20 Siyasət"Qagik İsaxanyanın Nikol paşinyan tərəfindən Qarabağa göndərilməsi Ermənistanda birmənalı qarşılanmayıb. Siyasi qüvvələr arasında qondarma respublikanın prezidenti adlandırılan Araik Arutyunyanın tezliklə əlində olan səlahiyyətlərdən məhrum ediləcəyi haqqında məlumatlar dolaşmaqdadır". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Xankəndində ilişib qalmış ermənilər arasında bu "prezidentə" narazılığın son həddə çatması haqqında artıq yetərincə məlumat var. Digər tərəfdən Azərbaycanla münasibətlərin müsbət istiqamətdə inkişafı bu şəxsin səlahiyyətlərinin əlindən alınaraq Xankəndindən uzaqlaşdırılmasını tələb edir. Əks halda yenidən hakimiyyət olimpinə oturacaq Paşinyan üçün vəziyyətə nəzarət etmək olduqca çətin olacaq. Həmçinin Paşinyanın İrəvanda olan Qarabağ Erməni klanı ilə əlaqələndirici funksiyası yerinə yetirən Arutyunyanın aradan çıxarılması ilə Köçəryan-Sarqsyan cəbhəsinin zəiflədilməsi əsas məqsədlərindən biridir: "Paşinyanın köməkçisi cəmi üç gün, 12-15 iyul tarixlərində Xankəndində ezamiyyətdə olub işgüzar görüşlər keçirəcək. Bu üç günün nəticəsində Paşinyan Araik Arutyunyanın gələcək taleyi haqqında qərar qəbul etməlidir. Amma hadisələri qabaqlayaraq demək mümkündür ki, yeni Baş Nazirin köhnə "prezident" haqqında qəbul edəcəyi qərar heç də Araik üçün sevindirici olmayacaq. Bu haqda Moskvadan yenicə dönən Paşinyanla Araik arasında baş tutmuş söhbət zamanı ona artıq məlumat verilib. Baş Nazir səlahiyyətlərini icra edənlə "prezident" arasında söhbətdən təşvişə düşən Araik Arutyunyan yaxın günlərdə növbəti dəfə Moskvaya səfər edəcəyi haqda məlumat verib. Bu səfərin də hansı məsələlərlə əlaqədar ortaya atıldığı artıq heç kimdə şübhə yaratmır. Səfərin "prezident" statusundakı Araikin Moskvaya son səfəri ola biləcəyi də. Görəsən Moskva bu dəfə Araikin göz yaşlarına inanıb onun vəzifədə qalmasına yardım edəcəkmi? Düşünürəm ki, yox. Rusiyanın Ermənistanda Paşinyanın qəzəbindən xilas etməyə çalışdığı daha önəmli fiqurlar var- Robert Köçəryan, Serj Sarqsyan və digərləri. Araik Arutyunyan bu siyahidə sonuncu yerlərdən birini tutur Rusiya üçün. Siyasi icmalçıların bu yaxınlarda baş tutan Putin-Paşinyan görüşünün iki dövlət arasında strateji əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı təşkil olunduğunu irəli sürmələrinə baxmayaraq, fikrimcə orada Röbert Köçəryan və Serj Sarqsyanın hakimiyyətdə təmsil olunmaları məsələsi müzakirə olunan məsələlərdən ən önəmlisi olub. Paşinyanın Rusiyanın tələbləri qarşısında müqavimət göstərdiyi haqda məlumatlar da artıq ətrafa yayıılmaqdadır. Belə olan halda Araik Arutyunyanın köməyinə gələcək qüvvənin olub-olmayacağı qaranlıq qalır. İstənilən halda Araik ümidini itirmək istəmir. Çünki ölən ümidlər onu da özü ilə apara bilər".