Əfqanıstan yenidən hədəfdə

“Əfqanıstanda baş verən proseslər qlobal geostrateji mübarizənin tərkib hissəsi və təzahürüdür. Müxtəlif regional və qlobal güc mərkəzləri bu ölkə ətrafında cərəyan edən proseslərin fonunda sərt siyasi mübarizəyə qoşulublar”.

"Əfqanıstanda baş verən proseslər qlobal geostrateji mübarizənin tərkib hissəsi və təzahürüdür. Müxtəlif regional və qlobal güc mərkəzləri bu ölkə ətrafında cərəyan edən proseslərin fonunda sərt siyasi mübarizəyə qoşulublar". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Nurlan Qələndərlinin sözlərinə görə, hazırkı şəraitdə bəzi geostrateji faktorlar Əfqanıstan ətrafında cərəyan edən rəqabət və mübarizə xarakterli proseslərin kəskinləşməsini şərtləndirir: "Geopolitik nəzəriyyələrdə Əfqanıstan "Mərkəzi Asiyanın açarı - qapısı", həmçinin "Yaxın Şərqə yol" kimi səciyyələndirilir. Bu ölkəyə nəzarəti təmin etmək güc mərkəzləri üçün həmin bölgələrdə möhkəmlənmək imkanları yaradır. Ona görə də son zamanlar Mərkəzi Asiyada və Yaxın Şərqdə proseslərin intensivləşməsi fonunda Əfqanıstanla bağlı yeni ssenarilərin reallaşdırılması təsadüfi xarakter daşımır. Digər tərəfdən, bəhs olunan ölkənin zəngin yeraltı sərvətlərə malik olması ticari və tranzit nöqteyi-nəzərindən əlavə iqtisadi dividend vəd edir. Ona görə də bir sıra güc mərkəzləri Əfqanıstanda idarəedilən xaosun olmasında maraqlıdırlar. Yeri gəlmişkən, ABŞ-ın silahlı qüvvələri çıxarması Birləşmiş Ştatların Əfqanıstandan çıxması deyil. Vaşinqton, sadəcə olaraq, bu ölkədə hərbi-siyasi varlığının və nəzarət mexanizminin formasını dəyişir".

Onun sözlərinə görə,  Əfqanıstanda siyasi ekstremizmin güclənməsi - silahlı qruplaşmaların radikal fəaliyyətinin genişlənməsi yeni kataklizmlərə səbəb olacaq: " Xarici hərbi-siyasi direktivlər əsasında fəaliyyət göstərən dağıdıcı silahlı qruplaşmaların hədəfi qeyri-sabitlik mühitinin saxlanmasıdır. Regionda olduqca mürəkkəb geostrateji şərait bu ölkə daxilində vəziyyətin daha da kəskinləşməsini, yeni münaqişə ocağının yaranmasını şərtləndirəcək. Təbii ki, radikalizmin güclənməsi terror fəaliyyətinin artmasına da təkan verir. Bütövlükdə, biz qarşıdakı dövrdə bu ölkə daxilində baş verən dağıdıcı proseslərdən bəzi güc mərkəzləri tərəfindən regional miqyasda siyasi və iqtisadi dividend qazanmaq məqsədilə istifadə edilməsinin şahidi olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31