Siyasi-tarixi əhəmiyyət kəsb edən fərman
44 günlük Vətən müharibəsində uğurlu qələbəmizdən sonra Azərbaycanın qarşısında duran digər mühüm vəzifə işğaldan azad edilən ərazilərimizin abadlaşdırılması, həmin şəhər və rayonlarda quruculuq işlərinin aparılması dayanırdı.
8 İyul 2021 15:18 Siyasət44 günlük Vətən müharibəsində uğurlu qələbəmizdən sonra Azərbaycanın qarşısında duran digər mühüm vəzifə işğaldan azad edilən ərazilərimizin abadlaşdırılması, həmin şəhər və rayonlarda quruculuq işlərinin aparılması dayanırdı. Qeyd etmək lazımdır ki, ötən qısa müddət ərzində bu məqsədlə bir sıra sənədlər imzalanıb, konkret fəaliyyətlərə start verilib. Ötən gün Azərbaycan dövlət başçısının iqtisadi rayonlarla bağlı imzaladığı fərman həmin sənədlər sırasında mühüm əhəmiyyətə malikdir. Çünki sənəddə bir daha Zəngəzur məsələsinə aydınlıq gətirilir və bir iqtisadi rayon kimi Azərbaycanın tərkibində təsnifatlaşdırılır. Elə əksər ekspertlər də belə düşünür. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyir ki, Prezidentin xeyir-duası və rəsmi fərmanı ilə siyasi leksikonumuza "Şərqi Zəngəzur" siyasi termininin, coğrafi-iqtisadi anlayışının daxil edilməsi, eləcə də Xankəndi, Xocalı, Xocavəndin Qarabağ iqtisadi rayonuna daxil edilməsi son günlərin ən mühüm hadisəsi sayılmalıdır. Onun sözzlərinə görə, bu addım öz əhəmiyyətinə və çəkisinə görə 10 noyabr Bəyanatından və 15 iyun Bəyannaməsindən (Şuşa bəyannaməsi) əsla geri qalmır: "Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmana əsasən bir tərəfdən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə bir tərəfdən isə çox gözəl addımdır bütün dünya ictimaiyyətinə açıq mesaj verilir ki, Zəngəzur bütövlükdə tarixi Azərbaycan torpağıdır və bu gün həmin torpağın bir hissəsi - Qərbi Zəngəzur faktiki olaraq Ermənistanın girovluğunda qalmaqdadır. Azərbaycan Prezidenti "Şərqi Zəngəzur" ifadəsini dövriyyəyə gətirməklə bölgədə yeni geosiyasi reallığın təməlini qoyur. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının "Şərqi Zəngəzur" adı altında vahid iqtisadi rayonda birləşdirilməsi necə deyərlər, günümüzün zəruri tələbi idi. Eyni zamanda bununla həm də tarixi ədalətin bərpası üçün, Zəngəzur qəzasının gerçək sahibinin kimliyini dünyaya bəyan etmək üçün hüquqi zəmin yaradılmış oldu".
Partiya sədri deyib ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonları da daxil olmaqla Xocavənd, Xocalı rayonları və Xankəndi şəhərinin yeni Qarabağ iqtisadi rayonuna daxil edilməsi isə işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsinə təkan verməklə bərabər, həm də "Dağlıq Qarabağ münaqişəsi"nin və qondarma "Artsax" anlayışının həmişəlik olaraq tarixə gömülməsi baxımından da olduqca əhəmiyyətlidir: "Bu o deməkdir ki, artıq nə status söhbətinə heç bir yer qalmayıb, nədəki düşmən bizim Xankəndidən, Xocalıdan əl çəkdiyimizi əsla düşünməsin. Sözügedən fərmanın imzalanması ilə rəsmi Bakı hamıya mesaj verdi ki, Azərbaycan Xankəndi, Xocalı, Xocavənd üzərində öz suverenliyini dinc yolla bərpa etmək əzmindədir və bu qaçılmazdır. İndi artıq Xankəndində tezliklə Azərbaycan bayrağının dalğalanacağına heç kimdə zərrə qədər də şübhə yeri qalmadı. Yəni ki, orada yaşayan mülki ermənilər də artıq bu yeni reallığa hazır olsunlar. Ölkəmizin digər ərazilərində olduğu kimi Xankəndidə və ətraf ərazilərdə də yalnız Azərbaycan qanunları işləyəcək. Bu rəsmi Bakının prinsipial mövqeyidir və bu mövqe həqiqətən də alqışa layiqdir".
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə deyib ki, Prezident İlham Əliyevin şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında fərmanı siyas-tarixi əhəmiyyət kəsb edir: "Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və revanşizmin fiaskosudur. Zəngəzur məsələsi məhz Qarabağın kiçik bir hissəsində erməni separatiminin varlığına son qoyacaq və Xankəndində Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək. Proseslər ona doğur gedir. Qeyri-rəsmi olsa da Azərbaycan konkret olaraq Qərbi və Şərqi Zəngəzur coğrafi adını siyasi leksikonuna daxil etdi".
MCP rəsmisi qeyd edib ki, Ermənistanın 30 ildə bizə qarşı işğalçı, faşist, siyasəti öz əleyhinə işləyir: "Ermənistanın bir çıxış yolu var, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülhə getmək. Azərbaycan KTMT müşahidəçilik statusu alması, Ermənistan ərazisində Qərbi Zəngəzurda hərbi əməliyyatlar keçirməsinə mane olmayacaq. Bu strategiyanın əsas təməli Xankəndində oturmaq olacaq".
Süleyman