Bizi özümüzə qaytaran sənəd
Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır
8 İyul 2021 11:48 SiyasətŞərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" tarixi əhəmiyyət daşıyan fərman imzalayıb. Fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Sənəddə Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruriliyi, eyni zamanda Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibliyi göstərilir. Maraqlıdır, bnelə bir iqtisadi rayonun yaradılması Azərbaycana nə vəd edir?
Millət vəkili Musa Qasımlı qeyd edib ki, bu fərman təkcə iqtisadi məna daşımır, eyni zamanda gerçək tarixi keçmişimizi, milli ruhumuzu və qan yaddaşımızı təzələyərək bizi daha geniş üfüqlərə götürür: "Bir tarixçi olaraq fərmanda diqqətimi ən çox cəlb edən iki məsələ oldu. Birincisi, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarından ibarət Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Məlum olduğu kimi, Zəngəzur etnomədəni və tarixi-coğrafi baxımdan bir tam olaraq tarix boyu Azərbaycana aid olub. Fərmanda da yazıldığı kimi, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Bilindiyi kimi, Zəngəzur qəzası o zaman deyildiyi kimi, Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. Zəngəzurun qərb hissəsi 1920-ci il dekabrın 1-də Ermənistana verildikdən sonra tam olan bu ərazimiz parçalanıb və Naxçıvanla quru əlaqəmiz kəsilib. Nəinki "Zəngəzur", hətta daha sonra "Şərqi Zəngəzur" və "Qərbi Zəngəzur" terminləri düşünülmüş şəkildə unutdurulub. Cənab Prezidentimizin fərmanı buraxılmış səhvləri düzəldir və bizi özümüzə qaytarır. İkincisi, fərmana əsasən yaradılan Qarabağ iqtisadi rayonuna Xankəndi şəhərinin də daxil edilməsi hələ xəyallarla yaşayan revanşistlərə ağır zərbədir. Fərmanda Qarabağ iqtisadi rayonu belə ifadə edilir: "Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)". Ömrümüzə yazılan 44 günlük şərəfli, qürurlu günlər yenə də davam edir. Gözümüzün önündə dövlət başçımız gözəl bir tarix yaradır. Bir mahnıda deyildiyi kimi: Dünya mərdlər dünyasıdır, ərənləri min yaşasın! Sinəsini tufanlara gərənləri min yaşasın! Nəbzi xalqın ürəyi ilə vurunları min yaşasın! Həqiqətin keşiyində duranları min yaşasın!"
xxx
Politoloq Asif Nərimanlı qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanında iki detalın tarixi əhəmiyyəti var: Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi; Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi: "Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Beləliklə, sülhməramlıların nəzarətindəki Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər". Politoloq hesab edir ki, bununla Qarabağın "statusunun" olmayacağı rəsmi sənədlə təsdiq olunur; Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər: "Əliyevin prosesi yetişdirməsi və zamanında - Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir. Burada həm də müharibədən sonra "Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq" suallarının rəsmi cavabı yer alır. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Əliyev dövlətin gələcək strategiyasını açıq elan edir. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, İlham Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı? Birincisi, Moskvada Putin-Paşinyan görüşü keçirilən vaxt Bakının Qarabağa dair mövqeyini rəsmi sənədlə təsdiqlədi və bununla Qarabağla bağlı mümkün "yeni təklifləri və istəkləri" sıradan çıxardı; İkincisi, dünən Qarabağda qanunsuz erməni silahlı birləşmələrin Ağdam istiqamətində atəş açmasından sonra atacağı cavab addımlarını rəsmiləşdirdi. Bakı Qarabağda açılan atəşlə bağlı yaydığı informasiyada açıq mesajını vermişdi: Rus sülhməramlıları atəşkəsə nəzarət edə bilmir; Qanunsuz erməni hərbi birləşmələri üçtərəfli razılaşmaya uyğun bölgədən çıxarılmalıdır; Prezident bu informasiya mesajından bir gün sonra imzaladığı fərmanla "Azərbaycan sərhədləri daxilində qanunsuz hərbi birləşmələrə icazə verilməyəcək" mesajını verdi". Gözləntilərə gəldikdə politoloq qeyd edib ki, Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin - erməni qoşunların çıxarılması - qısa zamanda icrasını və separatçı rejimin təmizlənməsini tələb edəcək; Moskva və İrəvana alternativ variantın anti-terror əməliyyatı olduğunu başa salmaq üçün müəyyən addımlar atılacaq: kiçikçaplı əməliyyatlar mümkündür; Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gələcək: məqsəd türk hərbçilərin sülh yaratma prosesində iştirakını artırmaqdır və buna zəmin yaradacaq proseslərin şahidi ola biləcəyik.
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmana əsasən ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir: "İqtisadi rayonlar çoğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir. Bu baxımdan yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir. Eyni zamanda nəzərə alsaq ki, artıq biz iqtisadi rayonların sırasında yeni adda - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı və yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar, Qarabağ iqtisadi rayonunda təmsil olunacaq". Onun sözlərinə görə, Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. Əvvəlki təsnifata uyğun olaraq Yuxarı Qarabağ iqtisadi rayonu ötən il 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olmuşdu. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb: "Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik. Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır. Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək".
Alim