Politoloq: “Xəzərin o tayındakı qardaşlarımız da milli özünüdərk mərhələsinə qədəm qoyur”
6 İyul 2021 16:40 SiyasətXəzərin o tayı yeni eraya daxil olur. Avqustun 1 -i Özbəkistan latın əlifbasına keçir, ABŞ ordusu və NATO qoşunları Əfqanıstanı tərk edir, Rusiya Tacikistanda hərbi təlimlərə başlayır, Türkiyə və Pakistan Əfqanıstanla bağlı ortaq məxrəcə gəlirlər. "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov qeyd edib ki, çoxları ABŞ - ın Əfqanıstanı tərk etməsini bölgədə qeyri - sabitliyin başlanğıcı adlandırırlar. Lakin, mən belə deməzdim. Suriya və İraqda baş verənlər göstərdi ki, elə qeyri - sabitlik Pentaqon bölgədə mövcud olan zaman daima pik həddə olub: "Çin, Rusiya, Pakistan və Türkiyə taliblərin "öhdəsindən gələ biləcəklər". Mənim buna şübhəm yoxdur. Üstəlik İran da bu istiqamətdə daha da fəallaşacaq. Beləcə, hərə uzlaşan maraqlarını həyata keçirəcək. O ki qaldı Mərkəzi Asiyaya, türk birliyinin güclənməyə istiqamət aldığına artıq heç kimin şübhəsi yoxdur. Nəhayət ki, Xəzərin o tayındakı qardaşlarımız da milli özünüdərk mərhələsinə qədəm qoyaraq gələcək xarici prioritetlər mövzusunda Ankara və Bakının uzun illərdir apardığı fəaliyyətə töhfə verəcəklər. Təsadüfi deyil ki, erməni ekspertlər MBD məkanında prosesləri şişirdərək Rusiya və Türkiyəni qarşı - qarşıya qoymaq istəyirlər".