Ermənilərin ölkəmizə vurduğu ziyanın miqyası dünya ictimaiyyətinə çatdırılmalıdır
“Karabakh Center” internet-resursu bu məsələdə əhəmiyyətli rol oynayacaq
1 İyul 2021 12:30 Siyasət"Karabakh Center" internet-resursu bu məsələdə əhəmiyyətli rol oynayacaq
Azərbaycanda "Karabakh Center" internet resursunun təqdimat mərasimi keçirilib. "Karabakh.Center" internet resursunun yaradılmasında məqsəd ermənilərin işğal müddətində törətdiyi dağıntıların, vurduğu ziyanın miqyasını dünya ictimaiyyətinə çatdırmaq, bu faciələrin, vandallıqların təkrarlanmamasının vacibliyi mesajını verməkdir. Məlum olduğu kimi 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz tərəfindən 30 il işğal altında qalmış torpaqlarımız azad edildi. Yalnız bundan sonra erməni vandallarının törətdiyi genişmiqyaslı dağıntı faktları üzə çıxdı. Artıq mənfur düşmən tərəfindən viran edilmiş Azərbaycanın şəhər və rayonlarının real vəziyyəti, talan edilmiş maddi-mədəni irsin dünya ictimaiyyətinə çadırılması zərurəti yaranıb. Məhz bu reallığın beynəlxalq aləmə çatdırılması üçün vahid mərkəzdən idarə olunan mənbənin yaradılmasına ehtiyac duyulur. Yeri gəlmişkən xatırladaq ki, "Karabakh Center" internet-resursunun yaradılması təşəbbüsü Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Müxtəlif dillərdə fəaliyyəti nəzərdə tutulan portal xarici auditoriyaları Azərbaycan həqiqətləri barədə məlumatlandırmağa imkan yaradacaq. Millət vəkili, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım qeyd edib ki, portalda Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi, dini abidələrin tamamilə məhv edilməsi öz əksini tapıb. Deputat bildirib ki, Azərbaycan dövlətini qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir: "İşğaldan azad edilmiş şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Postkonflikt dövründə dövlət - özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl təsisatların bu prosesə cəlb olunması həmin bölgənin bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini artıra bilər".
Deputat bildirib ki, Qarabağ Dirçəliş Fondu azad olunan ərazilərin bərpa prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlar üçün yaradılan vahid platformadır: "Fond xalqımızın Qarabağın bərpasında birlik və iştirakının təminatçısıdır. Qarabağ Dirçəliş Fondunun dinamik fəaliyyət qurması, bu fəaliyyət çərçivəsində, ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı, layihələr bu prosesdə böyük bir imkan qaynağı olacaqdir. Fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, dədə-baba torpaqlarımızı hərtərəfli bərpa edərək, Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsidir. Əminəm ki, Fond Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu Fondun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda ölkənin inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaq. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək. Prezident İlham Əliyevin vurguladıgı kimi "Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq".
Nurlan