Dövlətimiz bundan sonra da güclənəcək

Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazdı.

Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazdı. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva deyir ki, 2020 ci il sentyabrın ayının 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması ermənilərin terrorçu, faşist və işğalçı xislətinin daha da pisləşməsini ortaya qoymuş oldu. Onun sözlərinə görə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğalçı erməni silahlı qüvvələrinin döyüş fəallığını azaltmaq məqsədilə həyata keçirdiyi düşməni sülhə məcburetmə əməliyyatları qısa müddət ərzində möhtəşəm uğurlar əldə olunmasına imkan verdi: "Qürurverici haldır ki, məhz Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini dadmış oldu. Ölkə başçısı İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş "Qarabağ Azərbaycandır!" şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb".

Hakim partiya rəsmisi qeyd edib ki, döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan mənfur düşmən beynəlxalq konvensiyalarda təsbit olunmuş müharibə qaydalarını kobud şəkildə pozur: "Belə ki, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə də çoxsaylı raket zərbələri endirib. Erməni vandallığını bir daha nümayiş etdirən bu terror aktları və müharibə cinayətləri Xocalı qətliamının davamı olmaqla mülki şəxslərin, o cümlədən uşaqların və qadınların həyatına son qoymuş oldu. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn düşmənin bu cəhdləri uğursuzluğa düçar oldu. Şübhə yoxdur ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirdi.Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycan dövlətinin strateji baxışlarını aydın ifadə edir: "Müharibə başa çatdıqdan sonra nəinki bölgə, həm də dünya dəyişdi. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlandı".

Siyasi şərhçi Tural Məmmədov isə deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. Onun sözlərinə görə, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı: "Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu".

O deyib ki, Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə, milli faciə idi: "Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Ölkəmizin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.

Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı. Möhtərəm Prezident cənab İlham Əliyev Müzəffər Ordumuzun Ermənistana qarşı apardığı "Dəmir yumruq" əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: "Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik".

Ölkəmizdə ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı".

Tural Məmmədovun sözlərinə görə, ölkə başçısının Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, ordu müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi: "Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi. Dövlət başçısına olan inamın qaynaqlandığı ünvanların sayı gündən-günə artmaqdadır. Avropalı diplomatları da heyran qoyan məhz xalq-hakimiyyət vəhdəti, amal və məqsəd birliyidir. Heç də əbəs yerə dünyanı iqtisadi, siyasi, humanitar burulğana düşmüş bir okeana, Azərbaycanı isə ortasında sabitlik, əmin-amanlıq, dinclik hökm sürən adaya bənzətmirlər. Doğrudan da, ölkəmizin inanılmaz dərəcədə inkişafını əsaslandıran bir sıra amillərin arasında xalq-iqtidar birliyinin əsas götürülməsi təsadüfi deyil".

Tural Məmmədov onu da bildirib ki, artıq düşmən ölkə anlamalıdır. Dövlətimiz bundan sonra da güclənəcək, hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verilib, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır: "2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı uğur Sarkisyan rejiminin sonu idisə, 2020-ci il Vətən müharibəsindəki məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdışı ümidinin üzərindən birdəfəlik xətt çəkdi. Artıq sadə insanlar yaranmış reallıqları qəbul etmək məcburiyyətində qaldıqları üçün Ermənistanda revanşistlərin heç bir siyasi perspektivi yoxdur. Ermənistanda seçki günü yaşanan gərginliklər, edilən rüsvayçı müdaxilələr bu ölkədə ictimai-siyasi böhranı bir qədər də dərinləşdirdi. Artıq Azərbaycan güclü iqtisadiyyata sahibdir və regionda güc mərkəzidir. Qalib ölkə olaraq da diktə edən tərəfdir. Ermənistan isə regionda yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətindədir.

Şanlı Zəfər azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Beynəlxalq aləm gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Möhtərəm Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi dövlət başçımızın ətrafında birləşəcək".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31