Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz

Rusiya ilə Türkiyə arasında zaman-zaman yaranan bəzi gərgiliklərə rəğmən bu iki ölkə günümüzdə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir.

Rusiya ilə Türkiyə arasında zaman-zaman yaranan bəzi gərgiliklərə rəğmən bu iki ölkə günümüzdə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Moskva və Ankaranın birgə əməkdaşlığı xüsusilə Cənubi Qafqazda, daha dəqiq desək Qarabağda özünü açıq şəkildə büruzə verir. Eyni zamanda Moskva hər nə qədər Türkiyəni Qarabağda sıxışdımağa, onu buradan uzaq tutmağa çalışsa da, lakin Ankara da öz növbəsində haqlı olaraq Qarabağda varlığını davam etdirməyə maraqlı görünür. Bütün halda isə Moskva və Ankara "mehriban düşmənçiliyi" özünü büruzə verir. Elə bu günlərdə həm Lavrov-Çavuşoğlu görüşü, həm də Putinin Türkiyə ilə bağlı fikirlərində bu gərginliyin şahidi olduq.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, dünən həm Rusiya prezidenti Vladimir Putin, həm də xarici işlər Sergey Lavrov Qarabağla bağlı suallara cavab vermək məcburiyyətində qaldılar. Onun sözlərinə görə, Vladimir Putin Rusiya vətəndaşlarının suallarına onlayn formatında cavab verərkən Qarabağ haqqında danışdı, Sergey Lavrov isə Antalyada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşərəkən mövzuya toxundu: "Putin Qarabağ ermənilərinin gələcəyi haqqında fikir yürüdərkən, Lavrov Antalyada olduğuna görə Türkiyə ilə birgə addımlardan danışdı. Misal üçün Putin dedi ki, Rusiya Qarabağda yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacaq. "Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil" deyən Kreml sahibi normal infrastrukturun qurulması probleminin mövcudluğunu vurğulayıb. Putin Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminə də toxundu: "Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb. Bu, ancaq iki müttəfiq respublika arasında inzibati sərhəd olub. Biz indi bu işin həyata keçirilməsi prosesindəyik. Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. İstərdim, düşünüm ki, onilliklər ərzində yığılıb qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq".

Mərkəz rəhbərinin sözlərinə görə, Putinin sözlərindən belə çıxdı ki, Rusiya həm Qarabağdakı ermənilərin sosial problemlərini həll edəcək, həm də Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində hakim rolunu oynayacaq: "Sergey Lavrov isə Türkiyədə olduğuna görə Ankaraya xoş gəlsin deyə birgə əməkdaşlıq haqqında bunları dedi: "Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün "3+3" əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq".

Elxan Şahinoğlunun sözlərinə görə, Putinin və Lavrovun nə demələrindən asılı olmayaraq Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Kremli narahat edir: "Ancaq buna açıq etiraz edə bilmirlər, əksinə Ankaranın ünvanına xoş sözlər səsləndirirlər. Bu da Türkiyənin Cənubi Qafqazda artan roluna işarədir. Buna baxmayaraq, Rusiya Ermənistana bundan sonra da havayı hərbi texnika göndərməkdə, orada yeni hərbi bazalar yaratmaqda davam edəcək. Bizim vəzifəmiz isə Qarabağa nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamaqdır".

Siyasi şərhçi Samir Hümbətov isə deyib ki, Türkiyədə qardaş ölkənin XİN başçısı Mövlud Çavuşoğlu və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutmuş görüş zamanı tərəflər arasında bir çox məsələlər müzakirə olunub: "Onların arasında bizi daha çox maraqlandıran post-müharibə dövründə Ermənistan-Azərbaycan arasındakı münasibətlər idi. Mətbuata verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, Cənubi Qafqaz məsələsi tərəflər arasında müzakirə olunmuş ən məhsuldar məsələlərdən biri olub. Rusiya XİN başçısı Sergev Lavrov post-müharibə dövründə kommunikasiyalar məsələsinə toxunaraq bildirib ki, "Biz əminik ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək". Fikrimcə, Rusiya XİN başçısı Segey Lavrovun belə açıqlama verməsini təsadüfi hesab etmək doğru olmazdı. Lavrov yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinsə əldə edilməsi o qədər də inandırıcı deyil". Samir Hümbətov bildirib ki, həm Ermənistan, həm də Rusiya üçün regionda mövcudluğunu qoruyub saxlamağın yolu iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir: "Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinə də toxunub və bildirib ki, "Ərdoğanın Şuşaya səfəri Türkiyə və Azərbaycan arasındakı ikitərəfli münasibətlər kontekstində baş tutub. Biz bu gün Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edərək Azərbaycanla Ermənistanın münasibətinin normallaşmasına, azərbaycanlıların və ermənilərin bu torpaqlarda yan-yana, mehriban qonşuluq şəraitində yaşamalarına şərait yaratmağa kömək etsin. O zaman istənilən bütün məsələləri, o cümlədən siyasi məsələləri həll etmək daha asan olacaq".  Lavrov verdiyi bu açıqlama ilə onu da etiraf etmiş oldu ki, Türkiyə Azərbaycan üçün təminatçı ölkədir və Azərbaycana qarşı hər hansı təzyiq göstərməkdənsə, Türkiyə ilə mehriban münasibət qurub, Türkiyənin vasitəsi ilə Azərbaycandan hansısa məsələdə razılıq almaq məcburiyyətindədirlər.  Lavrov bildirib ki, Türkiyə və Rusiya üçün əməkdaşlığının əlavə istiqamətlərindən biri regionda, yəni Cənubi Qafqazda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsidir. O, fikirlərini bununla əsaslandırıb ki, "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün "3+3" mexanizminin yaradılması təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq və ilk vaxtlar üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm, Azərbaycan-Ermənistan məsələsində sıx və səmərəli əməkdaşlıq bizi qane edir".

Siyasi şərhçinin sözlərinə görə, Rusiya XİN başçısının bu açıqlamaları onu göstərdi ki, bir neçə məsələ özləri üçün daha yaxşı aydındır: "Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Artıq regionda Türkiyə də var və Rusiya onunla hesablaşmağa məcburdur. İkincisi, Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz. Üçüncüsü, əgər Rusiya Ermənistanı mövcud durumdan xilas etmək istəyirsə həm Türkiyə, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır. Dördüncüsü, Zəngəzur dəhlizinin açılması və kommumikasiyaların qurulması sanksiyalar səbəbində çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də 3+3 formatında təklif edilmiş platforma daha məntiqəuyğundur. Nəhayət, Lavrovun çıxışından belə qənaətə gəlmək olar ki, Rusiya indi daha çox regionda mövqeyini qorumağa çalışır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31