“Vilderslər və hətta makronlar öz mədə bulandıran hərəkətləriylə burada nəyisə dəyişmək gücündə deyillər”
29 İyun 2021 11:42 Siyasət"Açığını deyim ki, bu çempionatda Niderland və Fransa komandalarına Ermənistanın təmsilçilərinə yanaşmam necə ola bilərdisə eləydi. Əminəm ki, çoxunuz onlara elə mən yanaşan kimi yanaşırdınız və bunun da səbəbkarı hər iki ölkənin özəlliklə də 44 günlük savaşdakı zəfərimizdən sonra Azərbaycana qarşı qərəzlərini gizlətməyən islamafob çevrələri, Makronla Vilders kimi siyasətçiləridir. Elələrinin həddini aşan hərəkətləri, parlamentlərinin ədalətdən və beynəlxalq normalardan uzaq qətnamələri təəssüf ki, Azərbaycanda təkcə onların özlərinə yox, təmsil etdikləri dövlətə də yanaşmanı dəyişir. Ancaq min şükür ki, vilderslər və hətta makronlar öz mədə bulandıran hərəkətləriylə burada nəyisə dəyişmək gücündə deyillər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Niderland və Fransa parlamentlərinin qətnamələrinin futbol üzrə Avropa çempionatında oyunun gedişininə təsir dərəcəsi nə qədərdirsə, bizim regiondakı geosiyasi proseslərə də bir o qədərdir. Yaxud da sözü gedən ölkələrin parlamentlərinin Qarabağla bağlı qətnamələri Fransa və Niderland komandalarını çempion kimi sırımaq, kubokun onlara verilməsini tələb etmək qədər anormaldır: "Amma haqq üçün onu da deyək ki, hər iki ölkənin komandaları parlamentlərindəkilərin oynadığı siyasətdən qat-qat yaxşı futbol, elə həm də siyasət oynayırdılar.Yeri gəlmişkən, Fransa və Niderland yığmasındakı ən yaxşı oyunçuların bir çoxu həmən dövlətlərin zamanında onlara qarşı soyqırımı, indi isə seqreqasiya siyasəti yeritdikləri xalqların təmsilçiləridir".