Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Azərbaycan bu gün həm də hərbi sahədə mövcud olan gücü, potensialına görə, regionda lider ölkələrdən biridir desək yanılmarıq. Müstəqilliyin ilk illərindən, daha dəqiq desək ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi hərbi və müdafiə sahəsində də təqdirəlayiq addımların atılması bu günkü tarixi qələbəmizi şərtləndirən amillərdən idi. Eyni zamanda burada Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi də vacib məqamlardandır. Məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilə yaxın mddətdə ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması sahəsində görüyü işlər, atdığı addımlar 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə etməyimizə imkan yaratdı. Təsadüfi deyil ki, bunu dövlət başçısı İlham Əliyev özü də Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə bir qrup hərbiçi ilə keçirdiyi görüşdə çıxışı zamanı açıq şəkildə ifadə edib. Dövlət başçısı bildirib ki, hərbi sahədə çoxşaxəli hazırlıq gedirdi. Azərbaycan Prezidentinin sözlərinə görə, odumuzun silah-sursatla təchiz edilməsi, - biz buna nail olduq, - həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi: "Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır". İlham Əliyevin sözlərinə görə, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik: "Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi".

Azərbaycanda ordu qurucluğu sahəsində görülən işlər və nəticə etibarilə 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizə diqqət çəkən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, 1993-cü il noyabrın 23-də Milli Şurada "Müdafiə haqqında" Qanun qəbul edilməsi ordu quruculuğu istiqamətində görüləcək bütün tədbirlərin mahiyyəti üçün hüquqi əsas yaratdı. Onun sözlərinə görə,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev yerli müdafiə batalyonlarının buraxılması haqqında sərəncam imzaladı: "Bununla da orduda vahid komandanlıq yaradıldı. Yəni nizami ordunun əsası qoyuldu. Məhz buna görə də hərbi ekspertlər Heydər Əliyevi müasir Azərbaycan dövlətçiliyini, həm də müasir Azərbaycanın ordusunun qurucusu bilir. Ölkə başçısının 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu, tarixə sədaqətin təzahürü idi. Belə ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə Azərbaycan korpusunun yaradılmışdı, 26 iyun tarixi bu səbəbdən tarixə yenidən və həmişəlik yazıldı. Ulu Öndər müasir Azərbaycan Respublikasını Azərbaycan Demokratik Cümhuriyyətinin varisi bilirdi, bu baxımdan müasir Azərbaycan ordusu da Azərbaycan Demokratik Cümhuriyyəti ordusunun varisi idi".

Səbinə Xasayeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyətin siyasi kursunu ordu quruculuğu istiqamətində də dövlətə, dövlətçiliyə böyük sədaqətlə inkişaf etdirdi: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində təşəbbüsləri Ermənistanın danışıqlardan yayınması ilə nəticələnirdi. Azərbaycanda münaqişənin sülh yolu ilə həllinə cəhdlərlə bir sırada ordu quruculuğunda da böyük işlər görülür, geniş miqyaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən ordumuz gərəkli nüfuz qazanırdı. Bunların nəticəsiydi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı.  Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar ordunun nizami ordu kimi formalaşması prosesini hərbi-elmi baxımdan yüksək səviyyədə tamamladı. Bu prosesdə ictimiyyətin də iştirakı təmin edildi. Ordu sıralarına minlərlə gənc gəldi ki, bu da həm ordunun gücünün artırılması kimi, həm də ordu - ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsi kimi gərəkli oldu".

Millət vəkili deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi, hərbi texnikalarla, atıcı silahlarla, uçuş aparatları ilə və s. təchiz edilməsi, müasir standartlara uyğun, bütün infrastrukturlara malik yeni hərbi şəhərcikləin inşa edilməsi, hərbi tələblərə cavab verən təlim poliqonlarının yaradılması, müxtəlif təyinatlı və müxtəlif miqyaslı təlimlərdə uğurla iştirakı ordunun döyüş hazırlığını arzulanan səviyyədə yüksəltdi: "Türkiyə ilə Azərbaycanın aviasiya sahəsində birgə təlimləri "TurAz Qartalı" adlanır və hər il böyük coşqu ilə keçirilir. Azərbaycanlı pilotların peşə hazırlığı, yüksək pilotaja malik olması türkiyəli həmkarlarını qane etməsəydi, belə birgə təlimlər keçirilməzdi. Pilotlarımız Vətən müharibəsində də böyük şücaətlə vuruşdular. Düşmənin neçə-neçə komanda məntəqəsi, mövqesi, qruplaşması pilotlarımız tərəfindən darmadağın edildi. 2016-cı ilin Aprel döyüşləri, döyüşlərdə əldə edilən qələbələr, Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji yüksəkliklər də daxil olmaqla 2000 hektardan çox ərazi işğaldan azad edildi. Bu qələbələr düşmənin əsgər və zabitlərinə müəyyən vahimə də yaşatdı, ordumuzun şəxsi heyətinin döyüş əzmimi də yüksəltdi, qələbə ruhunu da".

Səbinə Xasayeva bildirib ki, 2020-ci ilin iyun döyüşlərində də əks-hücum əməliyyatı ilə yeni ərarzilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpalarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı: "Azərbaycan Ordusnunu hissələri bu hücumun qarşısını aldı. Cənab Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu. Ordu hissələrimiz qısa müddətdə düşmənin illərlə yaratdığı, müxtəlif vasitələrlə möhkəmləndirdiyi müdafiə sistemini darmadağın etdi, ilk qələbələr qazanıldı. Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası müharibəsi idi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciətində dedi: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Azərbaycan Ordusu ölkə başçısının bu kəlamlarını döyüşlərdə qələbələrlə təsdiqləyirdi. Gücü ilə, qüdrəti ilə, mənəvi-psixoloji hazırlığı ilə. Azərbaycan Ordusu Zəfər qazandı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31