Elçin Mirzəbəyli: “Bu əzm, bu iradə bizi Zəfərdən Zəfərə daşıyacaq”

Silahlı Qüvvələr günü ərəfəsində Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Sərəncam imzalaması hərbçilərimizin daim ölkə rəhbərinin, dövlətin daim diqqət mərkəzində olduğunu, bu prosesin sistemli, ardıcıl bir şəkildə həyata keçirildiyini nümayiş etdirir. Məlum olduğu kimi, Sərəncama əsasən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir və bu əlavə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq.
Siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, iyunun 24-də 76 min nəfərdən çox hərbçimiz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar. Onların və ailələrinin sevinc hissindən, düşünürəm ki, hər birimizə pay düşür. Qəhrəmanlarımızı xoşbəxt görəndə biz də xoşbəxt oluruq. Bu hissləri hər kəsdən öncə, şübhəsiz ki, Ali Baş Komandan yaşayır: "Vətən müharibəsindən keçən 8 aya yaxın bir zaman kəsiyində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin onların yüksək vətənpərvərlik hissi, daşıdıqları mənəvi dəyərlər qədər, nümunə yaratması baxımından bəlkə də daha çox dəyəri olan təvəzökarlıqlarının, şəhid analarının, atalarının, övladlarının, qardaş və bacılarının heyrət doğuran əzm və iradələrinin, qazilərimizin heç bir bədii mətnlə ifadə olunmayacaq mətinliyinin şahidi olmuşuq. Gözümüzün önüdə bizi bundan sonra milinillər boyu ayaqda saxlayacaq, bir millət, xalq olaraq mənəvi böyüklüyümüzün sərhədlərini bütün zamanların üstündən çəkəcək nümunələr yaranır. ​ Şübhə etmirəm ki, bu əzm, bu iradə bizi Zəfərdən Zəfərə daşıyacaq, qarşımızdakı bütün maneələri aşmağımıza vəsilə olacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31