Müzəffər ordumuz-qürur mənbəyimiz
26 İyun 2021 10:54 Siyasət103 il öncə Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır. Dövrün ağır şərtləri daxilində dövlətin və onun nizami ordusunun formalaşdırılması xalqımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin təzahür forması idi. 1918-ci il iyunun 26-da ilk hərbi hissənin - əlahiddə korpusun yaradılması haqqında qərar Demokratik Cümhuriyyətin öz ordusunu formalaşdırması sahəsində israrlı olduğunu ortaya qoydu və Azərbaycanda ordu quruculuğu istiqamətində əsaslı nəticələr əldə olunmasına səbəb oldu. İllər keçdikdən sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan Qalib ordusu ilə fəxr edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir. Onu da qeyd edək ki, müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır.
Hazırda Azərbaycan Ordusu dövlətin və xalqın təhlükəsizliyinin qarantı rolunda çıxış edir. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır. Bunu 2016-cı ilin 4 günlük aprel savaşı və 44 gübnlük Vətən müharibəsi bir daha göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 və 44 günlük savaşda xeyli sayda hərbçisini itirdi.
MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın həbri büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir . Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimiərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bundan başqa Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. Mütəmadi olaraq qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur. Məhz Ordu sahəsində görülən işlərin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun "dəmir yumruğu" Ermənistan Silahlı Qüvvələrini tamamilə darmadağın edərək 30 ildən bəri işğal altında qalan torpaqlarımızı azad etdi.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə qeyd edib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq: "Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".
Dövlət başçısı bəyan edib ki, biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik: "Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.
Alim