Prezident İlham Əliyev hərbi qulluqçuları mükafatlandırdı
24 İyun 2021 16:43 SiyasətPrezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması haqqında sərəncam imzalayıb. "Olaylar" xəbər verir ki, dövlət başçısının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 min 647 hərbi qulluqçusu "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Təltif edilənlərin 1-i general-mayor, 11-i polkovnikdir.
Prezidentin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncamına görə, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 2643 hərbi qulluqçu "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub. Təltif edilənlərin 1-i general-leytenant, 2-si general-mayor, 16-sı polkovnikdir.
Ali Baş Komandanın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 4225 hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Təltif edilənlərin 1-i general-leytenant, 3-ü general-mayor, 4-ü polkovnikdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Sərəncamına görə isə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 784 hərbi qulluqçusu "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.Təltif edilənlərin 20-si polkovnik, 57-si polkovnik-leytenantdır.