Regionun güclü ordusu- MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU
24 İyun 2021 15:53 SiyasətBir əsrdən çox yaşı olan Azərbaycan Silahlı Qüvvələri növbəti ildönümü ərəfəsindədir. Bir neçə gün sonra Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 ili tamam olur. 1918-ci il, iyun ayının 26-da Şərqin ilk demokratik respublikası sayılan Azərbaycan Xalq Cümhurıyyətinin təsis etdiyi Silahlı Qüvvələri ötən dövr ərzində olduqca səmərəli, məhsuldar, eyni zamanda çətin və şərəfli dövr keçib.
Necə ki, XX əsrin 18-20-ci illərində Azərbaycan Silahlı Qüvvələri təsis edilib formalaşmağa başladı, eynilə də həmin əsrin 90-cı illərində eyni proses təkrarlandı. Sovetlərin dağılması və yeni müstəqil respublikaların yaranması avtomatik olaraq yeni ordunun formalaşmasını labüd edirdi. Lakin müstəqilliyin ilk illərində bütün sahələrdə böhranlı vəziyyətin mövcudluğu ordu quruculuğuna istənilən səviyyədə diqqətin artırılmasını, güclü ordu formalaşdırılmasını mümkünsüz edirdi. Məhz bu amil idi ki, o zamankı vəziyyətdən istifadə edən Ermənistan Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasətinə başladı, ərazilərimizin 20 faizini işğala məruz qoydu.
Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu, Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması istiqamətində təxirəsalınmaz addımlar atılmağa, tədbirlər həyata keçirilməyə başlanıldı. Qısa vaxt ərzində qeyri-qanuni silahlı birləşmələr, nizamsız şəkildə fəaliyyət göstərən silahlı qüvvələr təkmilləşdirildi, Azərbaycanda ordu quruculuğu sahəsində təqdirəlayiq addımlar atıldı.
Bu gün müasir tariximizə regionun ən güclü, peşəkar ordusu kimi daxil olan Azərbaycan Silahlı Qüvvələrinin hazırkı gücü, potensialının təməlində də məhz ümummilli lider Heydər Əliyevin zamanında ordu quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlar dayanır. Məhz Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi, onun modernləşdirilməsi istiqamətində atdığı addımların ulu öndərdən sonra da davam etdirilməsi Silahlı Qüvvələrimizin regionun ən güclü ordusu kimi tanınmasına yol açdı.
Azərbaycan Ordusunun ən güclü, peşəkar orduya çevrilməsi, qarşısına qoyduğu məqsədlərə nail olmasını şərtləndirən başlıca amillərdən biri də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar oldu. Ölkəyə rəhbərlik etdiyi 18 ilə yaxın bir müddətdə əsas prioritetlərindən biri də ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi olan Cənab İlham Əliyev Ali Baş Komandan kimi hər zaman əsgər və zabitlərinin yanında oldu. Ən çətin anlarda, situasiyalarda belə əsgərlərini tək buraxmadı, hətta onlarla eyni səngəri bölüşdü. 2016-cı ilin Aprel hadisələri və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini düşməndən azad edərkən bunun əyanio şahidinə çevrildik. Həyatını riskə ataraq düşmənlə yaxın bir məsafəyə gedib səngərdə Aprel döyüşlərinin qəhrəmanları ilə görüşən, onları təltif edən Ali Baş Komandan həm də bununla gələcək qələbələr üçün zəmin yaratmış olurdu. Səngərdə Ali Baş Komandanını yanında görən əsgər daha mübariz, daha döyüşkən olur, düşmənlə son damla qanına qədər vuruşub torpaqlarını işğaldan azad etməyi arzulayırdı.
Nəhayət, bu arzu reallığa çevrildi. Həm də bu təkcə Azərbaycan əsgərinin arzusu deyildi, bu bütün Azərbaycan cəmiyyətinin, uşaqdan böyüyə hər kəsin arzusu, istəyi idi. Bu arzu, istəyi də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev reallığa çevirdi. 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı, şəhər və rayonlarımızı erməni işğalından azad edərək tarixə qalib Ali Baş Komandan, sərkərdə kimi düşdü. Həmçinin Azərbaycan Ordusu da Müzəffər Ordu olduğunu təsdiqlədi.
Düşmənin bir neçə ilə işğal etdiyi şəhər və rayonlarımızı cəmi 44 günə azad etməklə Azərbaycan Ordusu tarixi öz adını qızıl hərflərlə yazdı.
Əgər 30 ilə yaxın müddətdə Azərbaycan əsgəri, zabiti öz gününü, bayramını məyus halda, başıaşağı şəkildə qeyd edirdisə, artıq onun alnı açıq, üzü ağdır. Çünki artıq torpağı azaddır, düşmən tapdağı altında deyil.
Məhəmməd