Rusiya regionda öz varlığını qorumağa çalışır
Son vaxtlar Azərbaycan və Rusiya prezidentləri arasında təmaslar daha sıx xarakter daşıyır. Xüsusilə, 10 noyabr bəyanatından sonra Qarabağda müharibədən sonrakı vəziyyəti müzakirə etmək üçün Kreml rəbəri davamlı olaraq azərbaycanlı həmkarına zəng edərək bu istiqamətdə müzakirələr aparır. Ötən gün də Azərbaycan prezidenti cənab İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
24 İyun 2021 14:22 SiyasətSon vaxtlar Azərbaycan və Rusiya prezidentləri arasında təmaslar daha sıx xarakter daşıyır. Xüsusilə, 10 noyabr bəyanatından sonra Qarabağda müharibədən sonrakı vəziyyəti müzakirə etmək üçün Kreml rəbəri davamlı olaraq azərbaycanlı həmkarına zəng edərək bu istiqamətdə müzakirələr aparır. Ötən gün də Azərbaycan prezidenti cənab İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Baş tutmuş bu telefon danışığı haqqında mediaya verilən məlumatlara əsasən, ölkə başçıları cənab İlham Əliyev və Vladimir Putin 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə tərəflər arasında imzalanmış üçtərəfli bəyanatların icrası məsələlərini, bu bəyanatdan irəli gələn bir sıra məsələləri, xüsusilə də nəqliyyat kommunikasiya məsələlərini müzakirə ediblər. Verilən məlumatlara əsasən həmçinin tərəflər arasındakı strateji əlaqələrin dərinləşdirilməsi məsələləri də müzakirə edilib.
Siyasi şərhçi Samir Hümbətov davamlı olaraq baş tutan bu kimi telefon danışıqlarına diqqət çəkərək qeyd edib ki, tərəflər arasında baş tutmuş bu telefon danışığı ilk baxışdan sıradan bir danışıq kimi görünsə də, amma telefon danışığının baş tutması zamanına və müzakirə edilmiş məsələlər bəzi proseslər haqqında müəyyən təsəvvür yaradılmasını mümkün edir: "Bu telefon danışığına qədər regionda baş vermiş hadisələrə qısa nəzər saldığımızda təxmini belə mənzərə yaranır. Türkiyə prezidenti öncə Belçikaya NATO dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün səfər etmişdir. Bu səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Co Bayden və NATO üzvü olan digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirmişdir. Rəcəb Tayyib Ərdoğan Brüsseldəki səfərini başa vurduqdan sonra 14 iyunda oradan birbaşa Azərbaycana Bakıya, 15 iyunda isə Füzuli və Şuşaya səfər etdi. Bu səfər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyevlə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında "Şuşa bəyannaməsi" imzalandı. Bu bəyannamə Qars müqaviləsini xatırlatmaqla yanaşı, müasir dövrə uyğun olaraq iki qardaş dövlət arasında siyasi, iqtisadi, mədəni, hərbi və s. sahələrdə əməkdaşlığın ən üst səviyyəyə qalxmasına şərait yaratmış oldu".
Samir Hümbətov deyib ki. bu bəyannamə ilə Azərbaycan özünə qarşı yönəlmiş xarici təhdidlərin qarşısını almağı bacardı: "Həmçinin bu səfərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistlərin suallarına cavab verərkən bu bıyannamənin tələbinə uyğun olaraq Azərbaycanda Türk hərbi bazalarının qurulmasının mümkünlüyünü bildirməsi və buna Rusiya tərəfindən, daha dəqiq desək Rusiya prezidentinin sözcüsü Dimitri Peskov və Rusiya XİN başçısı Sergey Lavrovun narahat halda cavab vermələri onu göstərmiş oldu ki, Türkiyə artıq bu bəyannamə ilə Cənubi Qafqazda varlığını təsdiqləyib. Həmçinin ilk Türkiyə prezidentinin Şuşaya bu səfəri kimi tarixə düşmüş oldu".
Siyasi şərhçi bildirib ki, 16 iyun 2021-ci ildə isə İsveçrədə ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında 3,5 saata qədər təkbətək görüş baş tutdu: "18 iyun 2021-ci ildə isə İranda prezident seçkiləri baş tutdu. Əvvəlki seçkilərdən fərqli olaraq seçici fəallığı az olsa da, verilən ilkin məlumatlara əsasən bu seçkidə təqribən 40% ə qədər seçici fəallığı müşahidə edildi ki, bu seçicilərin də 62%-nin qatı mühafizəkarlığı ilə tanınan İbrahim Rəisiyə səs verdiyi bildirilir.
20 iyun 2021-ci ildə isə Ermənistanda parlament seçkiləri baş tutdu. İlkin verilən məlumatlara görə bu seçkilərdə öncədən də seçkilərin favoriti hesab edilən və hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan digər namizədlərini bir neçə dəfə qabaqlayaraq 53,92% səslə qalib gəlib. Yəni qərbin dəstək verdiyi Nikol Paşinyan Rusiyanın dəstək verdiyi Robert Koçaryan və Serj Sarkisyanı bir neçə dəfə üstələyərək təkbaşına hökumət qurmaq səlahiyyətlərini yenidən əldə etmiş oldu. 21 iyun 2021-ci ildə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi Azərbaycana səfər etmiş və Azərbaycan XİN başçısı cənab Ceyhun Bayramovla görüşlər keçirmişdir. Bu görüş çərçivəsində də tərəflər arasında qarşılıqlı siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi haqqında xəbərlər yayılır".
Samir Hümbətovun sözlərinə görə, görünən odur ki, baş vermiş bu proseslərin fonunda Rusiya prezidenti Vladimir Putin vəziyyətin Rusiya üçün nəinki regionda, eyni zamanda dünyada ürəkaçan olmadığını anlayır: "Ona görə də mümkün qədər Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə deyil, qorumağa çalışır. Rusiya yaxşı başa düşür ki, postsovet məkanında artıq dominantlıq etmək çətindir. Onun qarşısında NATO-da gücünə görə II yerdə dayanan Türkiyə var. 12 iyunda Ermənistanın 15 terrorçu qarşılığında Ağdamda basdırdığı 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycana Gürcüstan vasitəsi ilə təhvil verməsi isə Rusiya üçün ciddi zərbə oldu. İndi Rusiya Türkiyənin regionda varlığına mane ola bilməsə də, öz varlığını qorumağa çalışır".
Füzuli
Olaylar.az