Politoloq: Bu görüş yeni dönəmdə tərəflərin bir-birinin qarşılıqlı strateji prioritetlərini müəyyənləşdirməsi baxımından aktualdır
18 İyun 2021 20:44 SiyasətXəbər verildiyi kimi, İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ liderləri arasında görüş keçirilib. Kibertəhlükəsizlik, dünyada sabitliyin qorunması, regional münaqişələr və ikitərəfli münasibətlərin müzakirə olunduğu Putin-Bayden görüşü 4,5 saat davam edib.
Məsələyə münasibət bildirən politoloq Nurlan Qələndərli "Olaylar"a açıqlamasında qeyd edib ki, hər iki ölkə müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan geopolitik güc mərkəzləri kimi çıxış edir. Onun sözlərinə görə, bu hegemon qüvvələr arasında münasibətlər strateji rəqabət və geosiyasi mübarizə müstəvisində cərəyan olunur: "Prezidentlər Co Bayden və Vladimir Putin arasında keçirilmiş görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqədar bir sıra məsələlərin müzakirə olunması hələ əməkdaşlıq, dialoq və ya maraqların uzlaşdırılması demək deyil. Bu, ilk növbədə, yeni dönəmdə tərəflərin bir-birinin qarşılıqlı strateji prioritetlərinin müəyyənləşdirməsi baxımından aktualdır".
Nurlan Qələndərli deyib ki, ABŞ-Rusiya təmasları çərçivəsində qarşıdakı dövrdə bir sıra məsələlər prioritet ola bilər. Politoloqun sözlərinə görə, tərəflərin təsir imkanlarına malik olduğu strateji əhəmiyyətli regionlarda rəqabət, uzlaşma və əməkdaşlıq məsələlərinin müzakirəsi gələcək dialoq platformasında yer ala bilər: "Geostrateji proseslərin gedişatı fonunda razılaşmalar əldə ediləcəyi təqdirdə, bəzi regionlarda bu güc mərkəzlərinin bir-birinə qarşılıqlı güzəştlərinin şahidi ola bilərik. Silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi də tərəflər üçün strateji gündəmin aktual məsələlərindəndir. Bütövlükdə, yeni işbirliyi imkanlarının yaranmasına baxmayaraq, tərəflər arasında geostrateji rəqabətin ən aktiv fazaya transfer olunacağını söyləyə bilərik".