Şuşa bəyannaməsi Türkiyə və Azərbaycanın qardaşlığının bütün dünyaya bildirən bir mesajdır
17 İyun 2021 12:53 Siyasət"Prezidentinin Şuşaya səfəri Azərbaycanın arxasında qardaş ölkənin timsalında böyük gücün dayandığını göstərdi və bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu". Bunu "Olaylar"a deyən Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənovun sözlərinə görə, 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix yazdılar. Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının sübutu oldu: "Prezident Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə məhz 15 iyun Milli Qurtuluş Günündə səfər etməsi özlüyündə böyük əhəmiyyət və məna daşıyırdı. Səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını əminliklə deyə bilərik. Səfərin məhz 15 iyun tarixində baş tutmasını bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır".