Ərdoğanın Şuşaya səfəri çox mühüm tarixi hadisə idi

Şuşa Bəyənnaməsi regionda sülh və təhlükəsizliyin təminatıdır

Şuşa Bəyənnaməsi regionda sülh və təhlükəsizliyin təminatıdır

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində hər iki dövlətin maraqlarını əks etdirən bir sıra müddəalar yer alır. Sənəddə xüsusilə qeyd edilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Bəyannamədə deyilir: "Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır". Sənəddə, həmçinin Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı vurğulanır. Maraqlıdır, Müttəfiqlik münasibətləri haqqında Şuşa bəyənnaməsi Azərbaycan və Türkiyə əməkdaşlığına hansı töhvələr verəcək?

Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir və  bunu tarix sübut edib: "Qardaşlığın, dostluğun əsrlərlə yaşı var. Bu qardaşlıq uzun illər islahatdan çıxıb, XVIII, XX əsrlərdə və sonrakı dönəmdə Türkiyə daim Azərbaycana dəstək olub. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi xalqımız üçün sevincli bir hadisədir. Türkiyə bu gün dünyada öz sözünü deyən, öz siyasətini yeridən və haqqı, ədaləti müdafiə edən, öndə gedən dövlətdir. Cənab Ərdoğanın Azərbaycana ilk gəlişi deyil, onun ölkəmizə etdiyi səfərlərin hər biri Azərbaycan xalqı üçün əlamətdardır. Qarabağ məsələsində də Türkiyə daimi olaraq bizim haqq səsimizi dəstəkləyir. Cənab Ərdoğan bir müddət  əvvəl qəti olaraq bildirdi ki, Azərbaycana səfər edəcək, Şuşaya və digər azad olunmuş ərazilərə gedəcək, erməni vandallarının vəhşiliklərini öz gözləri ilə görəcək. O mənfur düşmənin vandallığını nəinki Türkiyədə, hətta beynəlxalq təşkilatlarda çıxışında da dünyaya yayır. Bu səfər ərəfəsində Ərdoğan öz fikirlərini bütün dünyaya bəyan edəcək. Torpaqlarımız 30 il erməni işğalı altında olub, kəndlər, şəhərlər viran edilib. Azərbaycan ərazilərinin işğalı bəşəriyyətə qarşı da bir cinayətdir, vandallıqdır. Cinayətlər yenə də həyata keçirilir, diversiya qrupları təxribatlar törətməyə çalışır. Ərdoğan qəti sözünü söyləmək istəyir ki, münaqişə artıq bitib və Azərbaycan qalib ölkədir. Məsələnin sülh yolu ilə həll olunması üçün qəti addımlar atılmalıdır". T.Rzayev vurğulayıb ki, Ermənistanın müəyyən şərtləri qəbul etməsi üçün Rusiya, Türkiyə, Azərbaycan rəhbərləri bütün səylərini ortaya qoyurlar: "Ərdoğanın Şuşada olması xüsusi bir məna daşıyır. Çünki Şuşada olan mədəniyyət mərkəzlərinin, tarixi abidələrin yerlə-yeksan olmasını Ərdoğan öz gözləri ilə görəcək və beynəlxalq təşkilatlarda əsaslı faktlarla sözünü deyəcək. Cənab Ərdoğan parlamentdə oldu və bir neçə dəfə də olub. Parlamentdə çıxış edən zaman dəyərli məsləhətlərini verib, qanunvericiliyin möhkəmlənməsi, millət vəkillərinin fəaliyyəti, iki qonşu ölkənin əməkdaşlığının möhkəmlənməsi sahəsində və beynəlxalq aləmdə baş verən reallıqlara öz qəti mövqeyini bildirib. Parlamentlərarası dostluq əlaqəmiz möhkəmdir və gündən-günə möhkəmlənir. Qardaş ölkəyə səfərlərimiz zamanı hər iki ölkə arasında mövcud olan bir çox məsələlərin daha səmərəli həyata keçirilməsi üçün təşəbbüslər göstəririk. Azərbaycanı azad, müstəqil, inkişaf edən, torpaqları işğaldan azad olunmuş ölkə kimi görmək ideasına xidmət edirik. Ərdoğanın Azərbaycana səfərini çox mühüm tarixi hadisə kimi qiymətləndirirəm".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31