Strateji müttəfiqliyin dərinləşməsində yeni səhifə

44 günlük müharibədəki parlaq Qələbəmiz həyatımızı dəyişdiyi kimi ictimai-siyasi reallıqlarımızı da kökündən dəyişib.

44 günlük müharibədəki parlaq Qələbəmiz həyatımızı dəyişdiyi kimi ictimai-siyasi reallıqlarımızı da kökündən dəyişib. Biz Vətən müharibəsindən sonra tez-tez ən müxtəlif tarixi hadisələrə şahidlik edirik. Bu günlərdə növbəti böyük tarixi hadisəyə şahidlik etdik. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, qardaş ölkəmizin - Türkiyənin dövlət başçısı  ilk dəfə Qarabağa səfər etdi və işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı qəbul etdi: "Anadolu türkləri demişkən, ağırladı. Rəsmi təntənəli qəbuldan sonra Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və hər iki dövlət başçısı bu tarixi sənədi qardaş ölkələr arasında münasibətlərin yeni mərhələsi üçün "yol xəritəsi" kimi qiymətləndirdi. Şuşadan dünyaya və düşmənlərimizə mesajları özündə əks etdirən bu mühüm Bəyannamədə Türkiyə-Azərbaycan ilişgilərinin əhatə etdiyi bütün sahələr ehtiva olunub, diqqət mərkəzində saxlanılıb. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Beləliklə, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi geniş anlamda rəsmiləşdirildi və hüquqi-siyasi məzmun qazandı. Bu mənada Şuşa Bəyannaməsini tarixi Qars müqaviləsinin (1921-ci il) davamı və yaxud, məntiqi yekunu da hesab etmək olar. Bunu cənab Prezidentimiz də öz çıxışında qeyd etdi. Bundan sonra hər iki qardaş ölkə bir-birinin təhlükəsizliyinə açıq dəstək verəcək".

Partiya sədri deyib ki, Şuşa Bəyannaməsini təkcə Azərbaycan və Türkiyə üçün əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirmək olmaz: "Bu anlaşmanın bölgəmiz və eləcə də bütün Türk dünyası də üçün olduqca böyük tarixi əhəmiyyəti var. Belə ki, rəsmi Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri də 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı oldu. Bu çağırışın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ilk dəfə hələ keçən ilin dekabrın 10-da Zəfər Paradının tribunasından səsləndirildiyini hamımız yaxşı xatırlayırıq. Dünən isə Şuşadan verilən mesajlar bir daha onu göstərdi ki, hər iki ölkə bundan sonra da bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini "Altılıq platforması" çərçivəsində bu əməkdaşlıq prosesində görmək istəyir. Bununsa yolu ilk növbədə Zəngəzur dəhlizinin və yaxud İlham Əliyevin də qeyd etdiyi kimi Zəngəzur yolunun açılmasından keçir".

Əlisahib Hüseynov bildirib ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasının həm iki qardaş ölkə arasında, həm də region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini hesab edir: "Bu, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ndə də öz əksini tapıb. Eyni zamanda, sözügedən dəhlizin açılması Çindən və Orta Asiyanın türkdilli respublikalarından tutmuş Avropa Birliyi ölkələrinə qədər, nəhəng bir coğrafiyanın bütün subyektləri üçün yeni iqtisadi və logistik imkanlar açacaq. Eləcə də Ermənistanı idarə edən və ya idarə etmək istəyən qüvvələrin ağlı varsa, konstruktiv mövqe tutmalı, revanşist şüarlardan əl çəkib sülh və əməkdaşlıq müstəvisinə keçməli, Ermənistanın da bu yeni imkanlardan yararlanmasına şərait yaratmalıdırlar. Əks təqdirdə, itirən yalnız Ermənistan olacaq.  Şuşa Bəyannaməsinin imzalanması həm də ona görə son 30 ilin ən mühüm tarixi hadisələrindən biridir ki, bu sənədi imzalayan qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunu açılacağını bəyan etdi. Bu da öz-özlüyündə ölduqca mühüm məsələdir. Çünki Şuşada Türkiyənin Baş Konsulluğunun açılması Türkiyənin bölgədə mövqeyinin daha da möhkəmlənməsi və gücünün daha da artması deməkdir. Bu, isə heç şübhəsiz ki, Azərbaycanın da maraqlarına uyğundur. Bu bizim gücümüzə əlavə güc qatacaq. Hörmətli Ərdoğanın da qeyd etdiyi kimi, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Qardaş ölkə eyni zamanda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verməyə hazır olduğunu da bir daha nümayiş etdirdi. Bir sözlə, bu sənədin imzalanması Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dostlarımıza da, düşmənlərimizə də bəyan etdi. Eləcə də, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin strateji müttəfiqliyinin dərinləşdirilməsi üçün yeni səhifə açdı".

Təkamül Partiyasının sədri Teyyub Əliyev deyib ki, qardaş Türkiyəmizin çox hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə bu səfəri indiyədək baş vermiş səfərlərə bənzəmir. Onun sözlərinə görə,  bu səfər iki qardaş dövlət arasında münasibətləri  müasir şəraitdə mümkün olan ən yüksək səviyyəyə qaldıran, sözün əsl mənasında möhtəşəm Şuşa bəyannaməsinin qəbulu ilə yadda qalacaq tarixi səfərdir: "Şuşa Bəyannaməsi şübhəsizdir ki, iki qardaş xalqlarımız, ölkələrimiz arasında indiyədək bərqərar olmuş münasibətləri keyfiyyətcə yeni, ən yüksək səviyyəyə qaldıracaqdır. Bu Bəyannamə həm hər iki xalqın  böyük liderləri Müstafa Kamal  Atatürkün və Heydər Əliyevin xalqlarımız arasında tarixən mövcud olmuş, zəmanəmizdə möhkəmlənərək yüksək səviyyəyə çatmış dostluq və qardaşlıq münasibətlərini bütün dünyaya, xüsusilə bədxaxlarımıza bir daha xatırlatdı. Misilsiz tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsində bu şəhərdə Türkiyənin Baş Konsulluğunun açılmasına dair qəbul edilmiş qərar, müdafiyə sahəsində əməkdaşlığı, qarşılıqlı hərbi yardımı nəzərdə tutan razılaşma, 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi qələbəni həzm edə bilməyən, revanşizm eşqi ilə alışıb-yanan erməni faşistlərinə və onların havadarlarına bir daha göstərdi ki, Azərbaycan xalqı, dövləti öz haqlı mübarizəsində tək deyildir!".

Partiya sədrinin sözlərinə görə, bəyannamədə hörmətli Prezidentlər R.T.Ərdoğan və İlham Əliyev tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq şəkildə ifadələrin səsləndirilməsi göstərdi ki, heç kim Qarabağ savaşından sonra reallığa çevrilmiş bu dəhlizin açılmasına mane ola bilməyəcək: "Şuşa Bəyannaməsi bir daha göstərdi ki, Vətən Müharibəsi dövründə olduğu kimi indi də və  bundan sonra da Türkiyə və Azərbaycan daim bir yerdə olacaqdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31