Şuşa Bəyənnaməsi Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın hüquqi bazasını təşkil edir

Azərbaycan və Türkiyənin qədim tarixə söykənən dostluq və qardaşlıq əlaqələri bu gün də ən yüksək səviyyədədir

Azərbaycan və Türkiyənin qədim tarixə söykənən dostluq və qardaşlıq əlaqələri bu gün də ən yüksək səviyyədədir. Ortaq dil, din birliyi, xalqların və dövlətlərin vahidliyi qardaşlıq münasibətlərini sarsılmaz edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirilir.Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi dediklərimizin bariz nümunəsidir. Demək olar ki, sözügedən bəyannamənin imzalanması ilə iki qardaş dövlət arasındakı münasibətlər zirvə mərhələsinə qədəm qoydu. Yeri gəlmişkən qeyd edək ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti malikdir. Siyasi baxımdan qeyd etmək olar ki, bəyənnamə hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsini təmin edir. Paralel olaraq müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə şərait yaradır. Nəticə etibarilə hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artırmasına səbəb olur. Məlum olduğu kimi son yüz ildə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması müşkül məsələyə çevrilib. Regionda marağı olan beynəlxalq güclərin öz istəklərinin təmin olunmasına çalışdıqlarından Cənubi Qafqaz sanki poliqona dönüb. Bu baxımdan Şuşa bəyənnaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasını təmin edəcək.

Etiraf edilməlidir ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilərək ərazi bütövlüyünün təmin olunmasında qardaş Türkiyənin müstəsna rolu var. Türkiyə həm siyasi, həm də hərbi əməkdaşlıqda daim ölkəmizin yanında olub. Elə 44 günlük Vətən müharibəsində də Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirilməlidir. Təkcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsiə ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətini qeyd etmək kifayətdir ki, bununla bununla ölkəmizin təhlükəsizliyi etibarlı şəkildə qorunmuş olur.

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq regional coğrafiyaya sığmır, beynəlxalq sahədə də uğur qazanmaqdadır. Belə ki, hər iki dövlət aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir. BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verir. Heç şübhəsiz ki, Müttəfiqlik Bəyənnaməsi bu sahədə əməkdaşlığı daha da artıracaq. Ən azından sənəddə əksini tapmış "tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili" məsələsi bu əməkdaşlığı labüd edir.

Birmənalı şəkildə qeyd etmək olar ki, bəyənnamədə əksini tapmış müddəalar Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın hüquqi bazasını təşkil edir. Belə ki, sənədə əsasən  iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq təmin olunacaq. Bu məqsədlə səlahiyyətli struktur və qurumlar əlaqəli fəaliyyət göstərəcək. Bu isə ümumilikdə Azərbaycanın sərhədlərinə hər hansı dövlətin müdaxiləsinin qarşısının alınması üçün əlavə bir təminat hesab olunmalıdır.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31