Milli birlik və həmrəyliyin göstəricisi

MVP: “Şuşa bəyannaməsi Azərbaycanın, eyni zamanda Qarabağın təhlükəsizliyinin qarantidir”

Milli Vəhdət  Partiyası: "Şuşa bəyannaməsi Azərbaycanın, eyni zamanda Qarabağın təhlükəsizliyinin qarantidir"

Tarixin sınaqlarından uğurla çıxan Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, qarşılıqlı əlaqələri günümüzdə də daha dinamik şəkildə inkişaf edir, möhkəmlənir. Hər ötən gün yeni bir mərhələyə qədəm qoyan bu əməkdaşlıq günümüzdə sözün həqiqi mənasında dünyaya bir nümunə, örnəkdir. Bunu təkcə iki qardaş ölkənin rəsmi və qeyri-rəsmi dairələri, ictimaiyyəti deyil, eyni zamanda beynəlxalq aləm də təsdiqləyir.

Azərbaycanın keçən ilin sentyabrında erməni təxribatına qarşı başlamış olduğu əks-hücum əməliyyatı və 44 günlük müharibənin  yekunu  olan  tarixi Zəfər bir daha Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə möhkəm, təməlli olduğunu təsdiqlədi. Başlamış olduğumuz haqq işi uğrunda mübarizəyə qardaş ölkədən təkcə ölkə rəhbərliyi səviyyəsində siyasi deyil, eyni zamanda ictimai dəstək də gəldi. Qardaş ölkənin siyasi partiyaları, ictimai təşkilatları Azərbaycanın yanında olduqlarını ifadə etdilər. Eynilə Azərbaycanın siyasi cameəsinin böyük bir qismi 44 günlük Vətən müharibəsində bütün daxili çəkişmələri, hakimiyyətlə problemləri bir kənara  qoyaraq dövlətə, dövlətçiliyə, başlamış olduğumuz haqq işi uğrunda mübarizəyə dəstək verdiyi kimi. Bəlkə də savaşda tarixi zəfər əldə etməyimizi şərtləndirən başlıca amillərdən biri də məhz həmin günlərdə əldə etdiyimiz milli birlik, həmrəylik idi. Hamı, hər kəs qələbə üçün çalışırdı. İqtidarı da, müxalifəti də.

Sevindirici haldır ki, 44 günlük müharibə dövründə əldə etdiyimiz milli birlik, həmrəylik günümüzdə də qorunub saxlanılır, hətta daha da inkişaf edir, möhkəmlənir.  Ötən gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa bəyannaməsinə olan münasibəti və bununla bağlı bəyanat imzalaması fonunda bunu aydın görürük. Məlumat üçün qeyd edək ki,  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.

Bəyanatda deyilir ki, 2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir.

Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk.

Milli Vəhdət Partiyası hesab edir ki, ölkədə fəaliyyət göstərən iqtidarlı-müxalifətli əksər siyasi partiyaların tarixi Şuşa bəyannaməsini dəstəkləyən bəyanat imzalaması Azərbaycanda milli birlik və həmrəyliyin mövcudluğunun göstəricisi ilə yanaşı, eyni zamanda dövlətçilik ənənələrinin möhkəmləndiyinin təsdiqidir. Partiya hesab edir ki, normal dövlətlərdə və cəmiyyətlərdə dövlətçilik, milli maraqlarla bağlı məsələdə bütün siyasi qüvvələr eyni sırada yer alır və bu zaman bütün daxili çəkişmələr, incikliklər arxa plana keçir: "Artıq Azərbaycanda da bir neçə illərdir ki, məhz bu ənənə formalaşıb. Dövlətin siyasi sahədə həyata keçirdiyi islahatlar, hakimiyyətin müxalifətlə yaxınlaşması, müntəzəm olaraq partiyalarla diskussiyalar, müzakirələr, görüşlərin keçirilməsi bu ənənənin formalaşmasına gətirib çıxarıb. İndi Azərbaycanda mütləq əksəriyyət partiyalar dövlət, dövlətçiliklə bağlı məsələdə hakimiyyətlə həmrəydir, onun yanındadır. Çünki sivil cəmiyyətlərdə daxili siyasi proseslər məhz bu cür təmzinlənir".

MVP-nin qənaətincə, siyasi partiiyaların Şuşa bəyannaməsini dəstəkləyən bəyanat imzalaması eyni zamanda dünyaya, Azərbaycanda zaman-zaman gərginlik yaratmaq istəyən xarici qüvvələrə bir mesajdır ki, ölkədə milli birlik və həmrəylik mövcuddur: "Yəni Azərbaycanın siyasi cameəsinin də mövqeyi ondan ibarətdir ki, Şuşa bəyannaməsi Azərbaycan xalqı tərəfindən birmənalı olaraq dəstəklənir. Bu bəyannamənin imzalanmasından əndişə keçirib narahat olan müəyyən xarici dairələr Azərbaycan daxilində gərginlik yaratmaq istəsələr, bu halda ilk növbədə qarşılarında məhz siyasi müxalifəti görəcəklər. Çünki Şuşa bəyannaməsi Azərbaycanın, eyni zamanda Qarabağın təhlükəsizliyinin qarantidir. Sabitlik, təhlükəsizlik mövcud olan yerdə isə təbii ki, inkişaf da olur".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31