Ərdoğan qərbi “zərərsizləşdirdi”, ermənilərin arzularını Şuşada “dəfn etdi” : TARİXİ HƏMLƏNİN DETALLARI
16 İyun 2021 14:08 Siyasət"Ərdoğanın səfərindən öncə qeyd etdiyimiz kimi, Bakı bundan sonra 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası - erməni qoşunların çıxarılması tələbini sərtləşdirə bilər".
Olaylar.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, torpaqlarımızda separatçı rejimin və erməni terrorçuların neytrallaşdırılması məqsədilə mümkün anti-terror əməliyyatlarını Azərbaycan və Türkiyə ordusu birlikdə həyata keçirəcək.

"Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsində artıq Türkiyə də tərəfdir. Sərhəddə "beynəlxalq müşahidəçilərin" yerləşdirilməsi baş verərsə, Türkiyə də müşahidəçilər arasında olacaq. Mümkündür ki, sərhəd məsələsi də Türkiyə və Rusiya tərəfindən həll ediləcək, sərhəddə maraqlarımıza qarşı yarana biləcək təhdidlər Türkiyənin iştirakı ilə neytrallaşdırılacaq".
A.Nərimanlı deyir ki, Qarabağ məsələsi üzərindən Minsk qrupu formatının dirildilməsi cəhdləri baş tutmayacaqdır.

"Bölgədə praktiki addımlarla Azərbaycanın sərhədləri daxilində yarana biləcək təhlükələri neytrallaşdıran Türkiyə beynəlxalq siyasi platformada da bu cəhdlərə qarşı qalxan olacaq. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə ordusu de-fakto birləşir yəni Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsini həyata keçirəcək.Həmçinin Müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılması reallaşa bilər. Azərbaycanda İHA istehsal mərkəzinin açılacağı gözləniləndir. Bəyannamənin imzalanması ilə də, Türkiyə Zəngəzur dəhlizinin də təhlükəsizliyinin qarantına çevrilir".
Şuşa bəyannaməsinin Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcı olduğunu qeyd edən A.Nərimanlı bildirdi ki, burada bir neçə mühüm məqamı da vurğulamaq lazımdır:
"Azərbaycan sərhədinin təhlükəsizliyinin qarantı olan müttəfiqlik bəyannaməsi Qarabağda "status" arzularının da birdəfəlik dəfn edilməsi deməkdir, hətta "statusu" gələcəyə saxlayan Rusiya belə buna nail ola bilməyəcək. İkinci məsələ odur ki, Qarabağda və bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi. Cənubi Qafqazda uzun illər tək güc olan Rusiya bölgəni Türkiyə ilə bölüşdü. Bu da ruslara da sərf edir. Azərbaycana qarşı Cənubdan, Şimaldan və Qərbdən gələ biləcək bütün mümkün təhdidlərin qarşısında artıq rəsmi olaraq Türkiyə var".
metbuat.az