Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir
15 İyun 2021 08:14 SiyasətMüstəqillik, azadlıq - hər bir ölkənin var olması üçün çox əhəmiyyətli bir amildir. Müstəqilik, azadlıq- istər fərd olaraq hər bir vətəndaş üçün, istərsə də bütöv bir xalq, bir millət üçün müqəddəs, əvəz olunmaz nemətdir. Milli kimliyini əbədi etmək istəyən xalqlar tarix boyu müstəqillik uğrunda mübarizə aparmışlar. Azərbaycan xalqı da əsrlərdən bəri arzusunda olduğu, uğrunda mübarizə apardığı istiqlalı bundan bir əsr əvvəl əldə etsə də, təəssüf ki, ilk demokratik respublikanın ömrü uzun sürmədi. Xarici təzyiqlər, daxili çəkişmələr Demokratik Respublikanı yavaş-yavaş tənəzzülə uğratdı və 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikası süqut etdi. Xalq tam 70 il tarixi şəraitin yetişməsini gözləməli oldu. N Lakin nə 70 illik siyasi quruluş, nə ideoloji sistem, nə rejim qadağaları Azərbaycan xalqının müstəqil olmaq arzusunu azalda bilmədi, öz ölkəsinə sahib çıxmaq əzmini qıra bilmədi. Sovetlər İttifaqında gedən proseslər və ittifaqın dağılması ilə əlaqədar cərəyan edən ictimai-siyasi vəziyyət xalqın öz müstəqillik istəyini əldə etməsinə şərait yaratdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra siyasi mübarizənin yeni dövrü başladı. Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə etməli idi. Tarix sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq və əbədi etmək onu qazanmaqdan daha çətindir. Və təəssüf ki, müstəqilliyini yenicə qazanmış millət, elə ilk günlərdən onu itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyin elanı ilə Azərbaycan böyük bəlalara sürükləndi. Azərbaycanın bir dövlət kimi faktiki olaraq dünya xəritəsindən silinmək qorxusunun yaşandığı bir zamanda Heydər Əliyev olmasaydı indi müstəqi Azərbaycandan danışmaq qeyri-mümkün idi. O müdhiş günlərdə, xalqa hava və su kimi lazım olan o böyük şəxsiyyət, o dahi insan xalqının ona ünvanlanan həyəcanlı səsinə səs verdi, xalqının ona uzanan titrək əllərini öz güclü əlləri ilə sıxdı, xalqının ona bəslənən sonsuz ümidlərinə arxa durdu. Və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyin sübutuna çevrildi. Bu qayıdış Azərbaycan xalqının qurtuluşu - Qurtuluş günü oldu.
Beləliklə, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamızda tügyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin, Azərbaycanın qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən həmin çətin ağırlı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının mübarizəsinin tarixində ən mühüm hadisədir. Məhz bu amillər nəzərə alınaraq Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Milli Məclisin həmin gün küçirilən iclasında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. Bütün çətinliklərə, manelərə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qaydışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur və 15 iyun- Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ulu Öndərin layiqli siyasi varisi cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Ümummili Lider Heydər Əliyevin müyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək ölkəmizi daha yüksək inkişaf mərhələsinə çıxartmışdır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxsahəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.
Zəka