Elçin Mirzəbəyli: “Əfqanıstandakı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin Türkiyə hərbçilərinə həvalə olunacağı gözləniləndir”
14 İyun 2021 11:52 Siyasət"Ərdoğan-Bayden görüşündə müzakirə olunacaq məsələlərdən biri NATO qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsidir. Bu məsələdə Vaşinqton çox güman ki, Ankaranın dəstəyini istəyəcək". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi icmalçı Elçin Mirzəbəylinin sözlərinə görə, təxminən bir həftə öncə "The National News" Türkiyənin Kabul hava limanının təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumat yayıb. Məlumatda eyni zamanda bildirilir ki, Ankara NATO-nun Mərkəzi Asiyada qeyri-rəsmi xüsusi nümayəndəsi statusuna yiyələnmək niyyətindədir: ""The National News", eyni zamanda iddia edir ki, Əfqanıstandakı türk hərbçilərinə heç vaxt atəş açmayıblar və bu, Türkiyənin Əfqanıstandakı bütün qruplar tərəfindən qəbul edildiyindən xəbər verir. Bununla yanaşı Əfqanıstan təhlükəsizlik qüvvələrinin 17,5 min hərbçisinin türklər tərəfindən yetişdirildiyi, onlardan 3,5 min nəfərinin Türkiyədə təlim keçdiyi vurğulanır ki, bu da Ankaranın daha bir üstünlüyü kimi qəbul oluna bilər. Məhz bu baxımdan, rəsmi Ankara üçün əlverişli razılaşmalar əsasında Əfqanıstandakı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin Türkiyə hərbçilərinə həvalə olunacağı gözləniləndir. Hazırda Əfqanıstanda 227 türk şirkətinin daimi əsaslarla fəaliyyət göstərdiyini və tikinti sektorunun 90%-nin bu şirkətlərin əlində olduğunu nəzərə alsaq, Türkiyənin Əfqanıstandakı hərbi mövcudluğunun davam etməsi rəsmi Ankaranın da maraq dairəsində olmalıdır".