Elvin Babayev: “Azərbaycan-Türkiyə əməkdaşlığı təkcə Bakı və Ankaraya deyil, ümumilikdə region ölkələri üçün də faydalıdır”

“Gündən günə inkişaf edən Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə olduğu kimi iqtisadi sahədə də yeni-yeni imkanlar, perspektivlər yaradır.

"Gündən günə inkişaf edən Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə olduğu kimi iqtisadi sahədə də yeni-yeni imkanlar, perspektivlər yaradır. Zamanında Naxçıvan Muxtar Respublikasına çəkilən Ümid körpüsü kimi mühüm əhəmiyyətli tranzit layihəsini, sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihələri əvəzlədi və sadaladığımız layihələr iki qardaş ölkə arasında əlaqələri inkişaf etdirməklə yanaşı, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinə təkan verdi". Bu fikirləri "OLAYLAR"-a  iqtisadçı ekspert Elvin Babayev səsləndirib. O bildirib ki, günümüzdə Ankara ilə Bakı qlobal əhəmiyyətli enerji, nəqliyyat tranzit layihələrində də birgə yer alır və bu layihələr hər iki ölkənin iqtisadi potensialını artırır: "TANAP, TAP, kimi layihələri bu sıraya aid etmək olar". Elvin Babayev deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi zəfəri Bakı ilə Ankara arasında iqtisadi sahədə əlaqələrin daha da inkişafına imkan yaradıb: "Bildiyimiz kimi işğaldan azad edilən şəhər və rayonlarımızda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti məhz qardaş Türkiyəyə aiddir. Türkiyə dövləti işğaldan azad edilən şəhər və rayonlarımızda quruculuq-abadlıq işlərinin aparılmasında yaxından iştirak edirlər. Bu da öz-özlüyündə iki qardaş ölkə arasında iqtisadi əıməkdaşlığın daha da dərinləşməsinə yol açır". Ekspert onu da qeyd edib ki, Zəngəzur dəhlizi bu əlaqələrə xüsusi bir rəng qatacaq və iqtisadi sahədə əməkdaşlıq imkanlarını birə-beş artıracaq. Elvin Babayev bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri və onun xüsusilə Şuşaya səfər edəcəyi barədə yayılan xəbərlərə də toxunaraq qeyd edib ki, bu səfər də hər bir sahə kimi iqtisadi sahəyə öz müsbət təsirini göstərəcək: "Burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı təkcə Bakı və Ankaraya deyil, ümumilikdə region ölkələri üçün də faydalıdır və bölgə ölkələri də bundan müsbət dividentlər qazanırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31