Hərbi cinayət və siyasi sabotaj
9 İyun 2021 13:49 SiyasətAzərbaycan ərazisini tərk etmək üçüm üç gün vaxt istəyən ermənilərin Kəlbəcər rayonu ərazisində basdırdığı tank əleyhinə minanın partlaması zamanı ikisi media təmsilçisi olmaqla, 3 nəfərin şəhid olması, 4 nəfərin isə yaralanması ilə nəticələnən hadisə yenidən ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi məsələsini gündəmə gətirib. Ermənistan rəhbərliyinin ayrı-ayrı təmsilçiləri bu cür xəritələrin olmadığını iddia etsə də, keçmiş erməni hərbçilərinin etirafları başqa məqamlardan xəbər verir. Bu arada erməni polkovnik Koryun Qumaşyan Azərbaycan ərazilərində minalanmış sahələrin xəritəsinin olduğunu etiraf edib. Polkovnik özünün və tabeliyindəki əsgərlərin Laçın və Kəlbəcərə 17 yük maşını mina tədarük etdiyini bildirib. O, Azərbaycanda saxlananların qaytarılacağı təqdirdə mina xəritələrini verəcəyini deyib. Erməni terrorçunun sözlərinə görə, Kəlbəcər və Laçın rayonu ərazisində 1993-cü illərdə basdırılan minaların xəritələri ancaq onda var: "1993-cü ildə bu ərazilər minalandı. Bu prosesi həmin vaxt Ermənistan baş qərargah rəisi olan general Norat Ter-Qriqoryanın əmiri ilə həyata keçirtmişəm. Həmin vaxt prezident Ter-Petrosyanın əmiri ilə Kəlbəcər Azərbaycana qaytarılmalı idi. İyulda yazılı əmr verildi ki, həmin ərazilərdə sərhədləri qurmağa başlayaq. Getdik və 17 Kamaz minanı 500-600 hektar ərazidə basdırdıq".
Politoloq Nurlan Qələndərli "Olaylar"a bildirib ki, mina terrorunun həyata keçirilməsi və minalanmış ərazilərin xəritələrinin gizlədilməsi hərbi cinayət kateqoriyasina aid olan siyasi sabotajdır. Ümumiyyətlə, bəhs olunan xəritələrin Azərbaycana verilməsi həm strateji zərurət, həm də hüquqi öhdəlikdir: "Birincisi, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların konkret tələbidir. Digər tərəfdən, Ermənistanın mina terroru, "xəritə oyunu" bütövlükdə regional təhlükəsizliyə ciddi təhdidlər yaradan neqativ faktordur. Ona görə də bu məsələ dünya ictimaiyyətini ciddi şəkildə narahat etməlidir. Müvafiq beynəlxalq təşkilatların, dünya siyasəti və beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan geosiyasi güc mərkəzlərinin adekvat təşəbbüslə çıxış etmələri zəruridir. Yəni regionda sabitlik, sülh, təhlükəsizlik və gələcək əməkdaşlıq mühiti nəzərə alınmaqla qəti addımlar atılmalı - mina xəritələrinin Azərbaycana verilməsi ilə əlaqədar məcburedici tədbirlər görülməlidir. Xüsusilə də, Ermənistana beynəlxalq sanksiyanın tətbiq olunması məsələsi qlobal institutlar tərəfindən dünyanın siyasi gündəliyinə çıxarılmalıdır".