Fransa prezidenti çirkin geosiyasi oyunlar oynamağa can atır

Fransa zaman-zaman açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirib, düşmən ölkənin maraqlarından çıxış edib, hətta bu azmış kimi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb, ona dəstək nümayiş etdirib

Fransa zaman-zaman açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirib, düşmən ölkənin maraqlarından çıxış edib, hətta bu azmış kimi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb, ona dəstək nümayiş etdirib.  Baxmayaraq ki, rəsmi Paris ATƏT-in Minsk qrupundakı 3 həmsədr ölkədən biridir və ən azından buna görə tərəfsiz olub, balans siyasətini gözləməlidir, lakin buna rəğmən Fransa gözləməli olduğu prinsipləri kobud şəkildə pozaraq bir qayda olaraq Ermənistanın maraqlarından çıxış edir. Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını işğal edib bu münaqişə gündəmə gələndən günümüzə qədər Fransanın ermənipərəst mövqeyi dəyişməz olaraq qalıb. Hətta 44 günlük Vətən müharibəsi dövründə də bunun  əyani şahidi olduq. Xüsusilə Fransa prezidenti Emmanuel Makron qatı Ermənistan tərəfdarı kimi çıxış edərək maksimum dərəcədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qarşı çıxırdı. Hətta Makronun əlində imkan olsaydı silahlı dəstə yaradaraq Ermənistanın müdafiəsinə qoşulardı.

Baxmayaraq ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrıldı, lakin Fransa hələ də bu məğlubiyyətlə barışa bilmir, bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Bu günlərdə Ermənustanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Fransaya səfəri və Fransa prezidenti Makronla keçirilən görüşdə yenidən qondarma rejimlə bağlı məsələnin gündəmə gəlməsi deyilənlərin sübutudur. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da deyir ki, bu günlərdə Fransa və Ermənistan liderlərinin timsalında növbəti dəfə əsl siyasi məzhəkənin şahidi olduq. Onun sözlərinə görə, istər Emmanuel Makronun, istərsə də Ermənistanın baş nazir əvəzinin birgə mətbuat brifinqində səsləndirdiyi fikirlər tamamilə absurd idi: "İkincinin ilk fürsət ələ düşən kimi Qərbin dəstəyini arzulaması və eyni zamanda Fransa parlamentindən hazırda mövcud olmayan "dqr"in müstəqilliyini tanımasını xahiş etməsi bu adamın həqiqətən də xəyalpərəst və avantüristin biri olduğunu təsdiqləyir. Realist və adekvat siyasi lider ölkəsinin hazırki bərbad durumunda bu cür sərsəm istəkləri dilə gətirməzdi. Çünki hazırda nə Qərbin Ermənistana hər hansı bir formada "ildırım sürətli" yardım göstərməsi mümkün deyil, nədəki Fransa parlamentinin qondarma "Artsax"ın müstəqilliyini tanıyacağı real görünmür".

MHP sədri deyib ki, Paşinyan bu istək və tələblərini ortaya qoymaqla sadəcə olaraq özünü ifşa etdi və gerçəkdən sülh istəmədiyini dolayısı yolla etiraf etmiş oldu: "10 noyabr və 11 yanvar razılaşmalarının altında imzası olan bir lider (söhbət Paşinyandan gedir) ən azından heç olmasa, öz imzasına hörmət etməli və Makronla birgə brifinqdə sözügedən razılaşmaların ruhuna zidd olan açıqlamalar verməməliydi. Paşinyanın bu son açıqlamaları regionda qalıcı sülhün bərqərar olmasına deyil, gərginliyin daha da artırılmasına xidmət edir. Bu isə öz növbəsində Azərbaycanın istər sərhədlərin demarkasiyası məsələsində daha sərt mövqe tutmasına, istərsə də Dağlıq Qarabağda antiterror əməliyyatı keçirməsinə əlverişli zəmin yaradır".

Əlisahib Hüseynov qeyd edib ki, Fransa prezidenti isə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədr ölkələrdən birinin rəhbəri olduğunu unutmamalı və məhz bu səbəbdən də o öz ifadələrində mümkün qədər ehtiyatlı olmalıdır: "Həmsədr ölkənin missiyası tərəflər arasında qızışdırıcı rolunda çıxış etmək yox, neytral və qərəzsiz mövqe nümayiş etdirməkdir. Hiss olunur ki, Makronun həmsədrlik anlayışı yarımçıq və qərəzlidir. Fransa prezidenti çirkin geosiyasi oyunlar oynamağa can atır. Amma onun bu oyunları ilk növbədə Fransanın öz imicinə ağır zərbə vurur. Makronun Ermənistan kimi autsayder bir ölkəni dəstəkləməsi Fransanın və fransız xalqının maraqlarına ziddir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31