Mühacirət mətbuatı Azərbaycan Xalq Cümhuriyyəti haqqında

Abid Tahirli

("Yeni Qafqasya" dərgisində dərc olunan məqalələr əsasında)

Azərbaycan mühacirət mətbuatını Azərbaycan Xalq Cümhuriyyəyti tarixinin salnaməsi  və istiqlal mücadiləsi yolunun güzgüsü adlandırmaq olar. Mücahidlər qürbətin ağır şərtləri içərisində, sovet xəfiyyəsinin cəzasız cinayətləri, qətlləri şəraitində, casus şəbəkəsinin təhlükəli təqibləri, təzyiqləri altında ilk demokratik dövlətimizin dəyərlərini yazmaq, yaşatmaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək, eyni zamanda bolşevik rejimini və kommunist ideologiyasını, sovet həyat tərzinin eybəcərliklərini  ifşa etmək kimi tarixi vəzifəni şərəflə, uğurla yerinə yetirmişlər. Mühacirət mətbuatı nümunələrində- -"Yeni Qafqasya", "Odlu yurd", "Azəri türk", "Azərbaycan yurd bilgisi", "Mücahid", "Türk izi" (İstanbul), "İstiqlal", "Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) və s. kimi dərgi və qəzetlərdə dərc olunmuş yazılar bu fikrin irəli sürülməsinə ciddi əsaslar verir. 1923-cü il sentyabrın 26-da  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə  İstanbulda  "Ədəbi, ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə nəşrə başlayan, 5-il sonra -1927-ci il oktyabrın 15-də sonuncu- 95-ci nömrəsi buraxılan Azərbaycan mətbuat tarixinin ən şərəfli, döyüşkən nümunələrindən  "Yeni Qafqasya"nın demək olar ki, əksər nömrələrində, xüsusi ilə tarixi hadisələrin ildönümlərinə həsr olunan saylarında haqqında bəhs etdiyimiz mövzulara dair xeyli məqalə dərc olunmuşdur.

Dövlət qurucıluğunun bütün sahələrində uğurlu islahatlar keçirməyə və ciddi dönüş yaratmağa müvəffəq olan Azərbaycan Xalq Cümhuriyyətinə dair "Yeni Qafqasya"da dərc edilmiş yazılar  mövzu baxımından  zəngin və maraqlı, janr baxımından  fərqli və rəngarəngdir. Bədii əsərlərdə, xüsuisi ilə poeziya nümunələrində Cümhuriyyət dəyərləri, azadlıq və istiqlal nəşəsi, ruhu və sevdası, türk əsgərinin şücaəti vəsf və təbliğ  edilir, eyni zamanda Cümhuriyyətin süqutu ilə itirilən hürriyyət  həsrəti, kədəri, nisgili əks olunur, xalqımızın milli və mənəvi dəyərlərinə qənim kəsilən düşmənlər qəzəb və nifrətlə  lənətlənir, ifşa edilir. "Azəri türk xalqının ən əziz duyğularına və ən incə hislərinə səmimi tərcüman olan  Əhməd Cavadın" (M.Ə.Rəsulzadə) "Yeni Qafqasya"da "Qalx" (Azərbaycandakı Osmanlı şəhidlərinə), "Milli Bayrağımıza", "Sən ağlama", "Bir gül əkdim", "Nədən yarandın", "Al bayrağa", "qüvvət və gözəlliyi ilə yalnız ədəbi deyil, siyasi mətbuatımızda da rəğbətlə qarşılanan  Gültəkinin" (Əhməd Cəfəroğlu)  "Anama", "Ağla, gözəl gəlin", "Qafqaz türküsü", "Bir Turan yolçusu deyir ki", "Moskva", "Çeka", "Sevgili Bakıya" və.s kimi çoxsaylı şeirləri milli ruhu, ideya dolğunluğu, bənzərsiz forma və üslub gözəlliyi ilə seçilən poetik nümunələrdir. Dərgidəki ədəbiyyatşünaslıq problemləri ilə bağlı məqalələrdə istiqlal və hürriyyət şairlərinin irsi təhlil və təqdir olunur, bolşevik hakimiyyəti illərində azadlıq aşiqlərinin  təqib və həbs edildiyi, işgəncə və zülmə məruz qaldıqları qeyd edilir, digər tərəfdən sovet ədəbi-nəzəri konsepsiyası və metodologiyasının fəsadları və perspektivsizliyi, bolşevik ədəbiyyat tənqidçilərinin məfkurəsinin əsl mahiyyəti açılır,  çirkin məqsədləri göstərilir və ifşa olunur. Publisistik yazılarda- məqalə və xatirələrdə Şərqdə ilk demokratik dövlətin  fəaliyyətindən bəhs edən,   parlamentin, hökumətin formalaşdırılması, dövlət təsisatlarının yaradılması, dövlət atributları, dövlət rəmzləri-  Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürünün qəbulu, təsviri, istifadə qaydaları və s., ordu quruculuğu, elm, mədəniyyət, səhiyyə sahəsində,  təhsil,  o cümlədən yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində görülən işlərdən daha geniş söz açılır. 28 May  İstiqlal bəyannaməsinin qəbuluna, Azərbaycanın müstəqil dövlət elan edilməsinə, 28 Aprel istilasına- Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalınıa, Cumhuriyyət qurucularının həyat və fəaliyyətinə, havadarlarından mənəvi və maddi dəstək alaraq xalqımızın istiqlalına və istiqbalına düşmənçilik edən murdar və məkrli qonşularımızın-ermənilərin törətdiyi ağlasığmaz cinayətlərə həsr olunan materiallar dövrün real mənzərəsini təsvir, tədqiq etmək baxımndan mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Gültəkinin, Məmməd Sadıq Aranın

məqalələri ideya, məzmun baxımından sanballı, dolğun, sənətkarlıq nöqteyi-nəzərindən mükəmməl,  təsirli və diqqətəlayiqdir.

Mövcud olduğu 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə, xalqımızın taleyində, təfəkkür və həyat tərzində oynadığı rol Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycanın böyük günü" adlı məqaləsində geniş təhlil olunmuş, dəyərləndirilmişdir. Müəllif aşağıdakı cümlələrlə  Xalq Cümhuriyyətinin ölkədə yaratdığı yeni ab-havanı, yüksək  mənəvi-psixoloji şəraiti  sərrast və dəqiq ifadə etmişdir: "Bu sətirləri yazan mühərrir iki il məsud bir istiqlal həyatı yaşayan Azəri mühitinin bütün sevincinə şahid olmuşdur. Kiçikdən böyüyə qədər kişi və qadın, kəndli və şəhərli, əhalinin bütün təbəqəsi az bir zaman içərisində nə qədər  tahavvül  etdiyini (dəyişdiyini- T.A) seyr eyləmiş, hakimiyyətin timsalını təşkil edən gənc ordusunun keçdiyi küçələrdə sevincindən ağlayan gözəl qara gözləri görmüşdür. İldırım sürəti ilə yetişən qardaşlarının köməyi ilə bolşevik zülmündən qurtulan Bakının xilas günündə, Azərbaycan alayının ilk dəfə Bakıya girdiyi anda, 28 May  İstiqlal günündə, Novruz bayramındakı o parlaq manevrada, Cümhuriyyətin Avropalılarca təsdiq edildiyi gündə müstəsna bir mənzərə təşkil edən Bakı küçələrini görən müşahid dünənki əsir bir xalqın nə kimi hisslər və nə kimi həyəcanlarla yeni istiqbal həyatı qurduqlarını dərk eyləmişdir".

Xalq Cümhuriyyəti dövründə Azərbaycan dövlətinin möhkəmlənməsi üçün misilsiz işlər görülmüş, ictimai həyatın ən müxtəlif sahələrinin inkişafına xidmət edən 230-a yaxını qanun, o cümlədən "Azərbaycan vətəndaşlığı haqqında", "Mətbuat haqqında", "Hərbi məhkəmələr haqqında", "Bakı Dövlət Universitetinin yaradılması haqqında", "Müəssislər Məclisinə Seçkilər haqqında", "Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında",  "Dövlət Bankı haqqında", "Sərhəd Mühafizəsinin təşkili haqqında " və s.kimi tarixi  sənədlər qəbul edilmiş, qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrində mühüm islahatlar həyata keçirilmişdir. Bolşevik istilasından sonra isə Xalq Cümhuriyyətinin əldə etdiyi bütün uğurlar qərəzli və düşmən münasibətə tuş gəlmiş,  mili və demokratik dəyərlər alt-üst edilmişdir. "Dəmirçioğlu" gizli imzası ilə dərc olunmuş "Bu günün xatirəsi" adlı məqalədə deyildiyi kimi, hər şey matəmə bürünmüşdü, hər tətəfə qatı zülmət çökmüşdür. Bolşeviklər istiqlal dövrünü xatırladan nə varsa, aradan qaldırmışlar, milli nə varsa, məhv etmişlər. Hər yerə, hər şeyə, yerli, yersiz qalın və qanlı bir pərdə çəkilmişdir.  "28 May nədir" adlı məqalədə müəllif Cümhuriyyətə aparan yola nəzər salır, M.F. Axunzadə, H.Zərdabi ilə başlayan Azərbaycan cəmiyyətçiliyinin milli mahiyyət kəsb edərək tədricən  hürriyyət və istiqlalın nüvəsinə  çevrildiyini qeyd edir və yazır: "28 May bəyənnaməsində mündəriç (yer almış, dərc olunmuş- T.A) cümhuriyyət, demokratiya və milliyyət prinsiplərinin öz yurdunda tətbiqini görmək səadətinə nail olan Azərbaycan iki ili tamam olmayan bir məsud həyattdan sonra məlum şərait daxilində təkrar rus orduları tərəfindən işğal olunmuş, hürriyyət və istiqlalından məhrum edilmişdir". Mirzə Bala Məhəmmədzadə "Səkkiz illik yol" məqaləsində Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan türklərinin iqtisadi, ictimai, mədəni inkişafının məhsulu kimi dəyərləndirir və onun tam müstəqil, milli, demokratik dövlət kimi mahiyyətini açıqlayır, əkinçilərə torpaq vermək üçün qanun yazdığını, universitet açdığını, məmləkət maarifini, ticarətini, iqtisadiyyatını böhrandan çıxarmağa çalışdığını qeyd edir: "Məmləkətimizin müqəddəratı millətimizin əlinə keçirdi. Hər yerdə milli təşkilat fəaliyyətə başlayırdı". Məqalə müəllifi  bu intibahın dünənki zalımları qorxuya saldığını, millətin iradəsini  şiddət və təzyiqlə, top və tüfənglə, mərmi və bomba ilə  sındırmağa, Azərbaycanı məzarıstana çevirməyə çalışdığını qeyd edir. İstiqlal və hürriyyət arzusu xalqı  mücadiləyə səfərbər etmişdir: Dilə qarşı dil ilə, , qələmə qarşı qələmlə çıxan Azəri türkü hazırsızlığına rəğmən, silaha qarşı da silahla cavab verdi. Mücadilə mətbuatdan, mitinqlərdən kazarmalara, oradan da cəbhələrə keçdi. Müqəddəs hürriyyət və istiqlal haqqımıza istinadən mücadilə etdik, qurbanlar verdik, və qələbə çaldıq".

Dərgi  çox mürəkkəb bir tarixi şəraitdə bərqərar olan milli hökumətin fəaliyyətinin demək olar ki, bütün sahələrini- dövlət qurucıluğu istiqamətində həyata keçirilən islahatları, elm,  təhsil, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələri yüksək peşəkarlıqla işıqlandırmışdır. "Almaniyada Azərbaycan tələbəsi" adlı məqalədə Cümhuriyyət dövründə təhsil almaq üçün Avropaya göndərilən milli ruhlu  gənclərdən 52 tələbənin Almaniyanın ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almalarından, tədrislə bağlı problemlərindən bəhs olunur. Məhəmməd Əmin Rəsulzadənin "Azəri" imzası ilə qələmə aldığı "Azərbaycan darüfununları" adlı məqalə Cümhuriyyət hökumətinin milli təhsillə  bağlı atdığı addımları dəyərləndirmək, eyni zamanda  bolşevik hökumətinin təmsilçilərinin yalanını ifşa etmək baxımından diqqəti çəkir. Rusiya səfirliyinin İstanbulda Leninin vəfatı ilə bağlı keçirdiyi tədbirdə Azərbaycanı təmsil edən nümayəndə Leninin ünvanına təriflər yağdırdıqdan sonra Azərbaycanda "heç yox ikən Leninin dörd  darüfunun təsis etdiyini" söyləyir. Məqalə müəllifi natiqin dediklərini faktlarla təkzib etməklə kifayətlənmir, eyni zamanda universitet tələbələrinin milli tərkibinə diqqəti çəkərək yazır ki, Cümhuriyyət dövründə tələbələrin əksəriyyətinin türk olduğu halda, bolşeviklərin dövründə bu nisbət kəskin dəyişmiş və say etibarı ilə türk tələbələrin sayı  digər millətlərlə müqayisədə  bir neçə dəfə azalmışdır. "Bakıda maarif işləri" adlı məqalədə də bolşeviklərin təhsil sahəsindəki siyasətinin antimilli mahiyyəti  kəskin tənqid olunur: "Əslində əski çar hökuməti kimi bugünkü rus istilalçılarının fikirləri və təqib etdikləri qayələri budur: Məhkum millətlər arasında maarifin inkişafına mane olmaq! Çünki onlar yaxşı bilirlər ki, istibdadın, istilanın, hər cür zorakılığın əvvəlinci düşməni maarif işığıdır". "SSRİ-dəki sözlər və işlər" adlı yazıda qeyd olunur ki,  sözdə maarifin sərbəst olduğu bəyan edilsə də,  ruscanın təhsili məcburidir. Nəticədə üç türkcə məktəbi açılanda, on rus məktəbi açılır. Güclü rus mədmədəniyyəti zəif türk mədəniyyətini öldürür".  "Yeni Qafqasya"dakı bu qəbildən olan yazılar AXC dövründə təhsil və maarifə göstərilən doğma, milli münasibətlə bolşeviklərin bu sahədəki mənfur, irticaçı və istilaçı  siyasətinin fərqi  açıq-aydın özünü  göstərir.

Demokratik prinsiplər əsasında bərqərar olan  АХС müstəqil və azad mətbuatın hüquqi bazasını yaratdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən  müvafiq qanunvericilik aktları qəbul edildi. "Azərbaycan Milli Cümhuriyyəti zamanında məmləkətdə fikir hürriyyətinə və mətbuatın sərbəstliyinə tamamıilə riayət olunmaqda, hökumət millətin əqidə və düşüncəsinə təzyiq etməkdən çəkinməkdə idi. Millətin səadətini, məmləkətin səadət və tərəqqisini arzu edən firqə və cərəyanlar tam sərbəst şəkildə dövlət quruluşu, siyasi, ictimai və iqtisadi həyat təşkilatı xüsusunda, qanun və tədbirlər haqqında öz mülahizə və görüşlərini bəyam etməkdə, hökumət isə öz növbəsində  həmin fikirləri diqqətlə nəzərdən keçirməkdə idi". Bu cümlələr  Mirzə Bala Məhəmmədzadənin "Sovet Azərbaycanında mətbuat hürriyyəti" adlı məqaləsindən götürülmüşdür . Müəllif yazır ki, 27 aprel 1920-ci ilə qədər  Azərbaycan hökumətinin rəsmi dövlət qəzeti "Azərbaycan", Müsavat Partiyasının "İstiqlal", İttİhadi-İslam Partiyasının "İttihad", Əhrar Partiyasının "Xalqçı", Sosial Demokrat Partiyasının "Doğru yol", bitərəf tərəqqipərvər  "Bəsirət", bolşeviklərə məxsus "Al bayraq", "Füqara sədası" qəzetləri, milliyətpərvər bitərəf "Qurtuluş" ədəbi, bitərəf "Zənbur" gülgü, məktəbli uşaqlara məxsus "Məktəb", gənclərə məxsus "Mədəniyyət"  ədəbi məcmuələri və.s., eləcə də rus dilində  bir çox  qəzet nəşr olunurdu. Bolşevik istilasından sonra bütün bu qəzetlər bağlandı. "Molla Nəsrəddin" jurnalı və onun naşiri Mirzə Cəlil ciddi sıxışdırıldı, təqib, töhmət və təzyiqlərə məruz qaldı. Yalnız kommunistlərə məxsus olmaq üzrə rusca "Bakinski raboçi", "Trud", türklərə məxsus "Kommunist" qəzeti çıxmağa başladı. Mirzə Bala Məhəmmədzadə  haqlı olaraq bu qənaətə gəlir ki, Xalq Cümhuriyyətindən fərqli olaraq, bolşeviklər digər sahələrdə olduğu kimi, mətbuat aləmində də fərqli məfkurəli,fərqli  fikirli nəşrlərin fəaliyyətinə yol vermirdilər.

"Qızıl Ordu milli dövlətləri məhv etmək yolu ilə millətləri təkrar Rusiya idarəsinə çəkdi" yazan mahir publisist  Mirzə Bala Məhəmmədzadə məktəblərə, mətbuata, milli tarix və milli ədəbiyyata, milli ruha düşmən  mübasibəti ilə  imperialist Rusiyanın böyük cinayət törətdiyini,  hər cür vasitələrlə milli qəhrəmanları, xalqa xidmət edən görkəmli xadimləri yaddaşlardan silməyə, gənc nəslə onları cəllad şəklində təqdim etməyə çalışdıqlarını vurğulayır. Məqsəd yeni nəslin milli məfkurə və amallardan uzaq yetişdirilməsidir

. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici siyasət, milli təhlükəsizlik və ordu quruculuğu sahəsində , ölkənin ərazi bütövlüyü uğrunda cinayətkar erməni quldurları ilə mübarizədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq,  şücaət  "Yeni Qafqasya" dərgisinin müraciət etdiyi əsas  mövzulardandır və həmin yazılar obyektivliyi, sanbalı, milliliyi, müasirliyi və aktuallığı ilə diqqəti çəkir və mühüm əhəmiyyət kəsb edir. 

Bu qəbildən olan yazılar:

- Azərbaycan Xalq Cümhuriyyəyti tarixinin tədqiqində sanballı və etibarlı mənbə, milli dövlətçilyimizin şanlı, şərəfli səhifəsinin təbliğində qürurverici məxəzdir;

-Sovet dövrü tarixçilərinin AXC ilə bağlı qərəzli, saxta müddəlarını təkzib etmək, milli hökumətə münasibətdə kommunust ideologiyası və imperiya rejiminin  meyar və prinsiplərinin puç və perspektizizliyini əsaslandırmaq üçün təkzibolunmaz və  tutarlı materiallardır;

-Azərbaycan Xalq Cümhuriyyəytinin ədəbi-mədəni, ictimai-siyasi, sosial həyatının obyektiv mənzərəsi barədə geniş təəssürat yaradır;

- Mühacirət mətbuatının proqram, məram və missiyasının obyektiv, dərindən, hərtərəfli, araşdırılması və dəyərləndirilməsinə yardım edir;

- İstiqlal mücahidlərinin həyat və yaradıcılığına işıq salır;

-Bolşevik hakimiyyətinin milli, dini, ədəbi-mədəni sahələrdə yürütdüyü və təhdid, təqib, təzyiq, sürgün və edamlarla müşaiyət olunan siyasətini tənqid və ifşa edir;

-Gənc nəslə istiqlala, Vətənə məhəbbət hissi aşılayır, onların milli -mənəvi, dini  dəyərlərə sədaqət və ehtiram ruhunda tərbiyəsində mühüm rol oynayır.

11.05.2021.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31