Arutyunyanın  Moskvaya səfəri nəyə hesablanıb?

Sahib Alıyev: "Bu səfər Azərbaycan-Ermənistan sərhəddində yaranmış qarşıdurmada  dəstək almaq  niyyəti güdür"

Ermənistanın revanşist qüvvələri ölkədə keçiriləcək parlament seçkilərində uğur əldə etməyin yolunu Azərbaycanla sərhəddə təzribat törətməkdə görür. Elə bu məqsədlə də Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi, yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər. Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki sərhəddə yerləşən mövqelərinə aparan "təminat yolunda minalama fəaliyyəti həyata" keçirən zaman Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi "əsir götürülüb". Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə, xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman "oğurlanıb".

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər? Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun. Bu arada Ermənistan müdafiə naziri Vaqarşak Arutunyan Moskvaya səfər edib. Bu barədə deputat Andranik Koçaryan səfərin sərhəddə baş verənlərlə əlaqəli olduğunu təsdiqləyib. Maraqlıdır, Ermənistan müdafiə nazirinin Moskva səfəri hansı məqsədi güdür?

Millət vəkili Sahib Alıyev bildirib ki, bu günün iki səfəri diqqət mərkəzindədir: "Onlardan biri qardaş  Türkiyənin milli təhsil naziri Ziya Selçukun Azərbaycana gəlişi, digəri isə  Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyanın  dabanqaçaraq Moskvaya getməsi idi. Bu iki səfər Azərbaycanla Ermənistanın gələcəklə bağlı planlarını da bir növ ortaya qoyur.  Məhz qardaş Türkiyənin ordusuna bənzər ordu formalaşdıran, onun dəstəyinə arxalanaraq istehsal etdiyi hərbi texnikadan da faydalanmaqla ikinci Qarabağ savaşında Ermənistanı diz üstə çökdürən və havadarlıq görüntüsü altında haylardan alət kimi faydalanları da dolayısıyla yerlərində oturdan Azərbaycanı indi quruculuq, işğalçıların xarabazarlığa çevirdiyi torpaqları abadlaşdırmaq, orada yeni idarəçiliklə yanaşı, həm də yeni təhsil standartları tətbiq etmək kimi məsələlər düşündürür ki, dövlətimizin başçısı cənab Selçukla görüşdə də onlara toxundu. Arutyunyanın  Moskvaya səfərinə gəldikdə isə o, çox güman ki, terror məqsədiylə Kəlbəcərin Yuxarı Ayrım kəndinə göndərilən  24 nəfərlik iki təxribat qrupunun ələ keçirilən 6 üzvünün Ermənistana  qaytarılması üçün  yardım istəmək və Azərbaycan-Ermənistan sərhəddində yaranmış qarşıdurmada  dəstək almaq  niyyəti güdür. Amma düşünmürəm ki, o, görüşdüklərindən bir-iki təsəlliverici sözdən başqa  yaxşı nəsə eşitsin. Çünki Nikol Paşinyan artıq neçənci dəfəfir ki,  KTMT-ni və demək, ilk növbədə də Rusiyanı sərhəddə yaranmış qarşıdurmada ölkələrinə operativ şəkildə yardım etməməkdə və açıq mövqe bildirməməkdə suçlandırır. Ancaq kim də olmasa, Kremldəkilər yaxşı bilirlər ki, Azərbaycanın  Zəngəzurla Kəlbəcərdə atdığı bütün addımlar ötən ili noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata  dayanır və biz keçmiş SSRİ dönəmində məhz Moskvada hazırlanan xəritə üzrə sərhəddimizin bərpasını reallaşdırırıq. Kremldəkilər onu da bilməmiş deyillər ki, sərhəddəki bu qarşıdurma  Rusiyanın marağına cavab vermədiyi  kimi Azərbaycanınkına da vermir. Azərbaycan regiondakı proseslərdən təcrid olunduqlarına görə su bulandırmağa, nəlbəkidə fırtına yaratmağa çalışan güclərə irəli atılmaq üçün fürsət yaratmaq, təbii ki, eyni zamanda da Rusiya ilə üz-üzə durmaq niyyətində deyil. Ermənistanın indiki rəhbərliyi də yaxşı görür ki, Rusiya da cənab Putinin təbirincə desək, "dünya arenasında yüksək nüfuz qazan Azərbaycan"la əlaqələrə həssas yanaşır.

Nikol Paşinyan ondan da xəbərdardır ki, Moskva bu seçkidə  başqalarının ön plana çıxmasını arzulayır və o yöndə ardıcıl şəkildə müəyyən addımlar da atılır. Ona görə də o,  seçkisi öncəsi Rusiyanı  gözdən salmaqla Kremlin daha çox dəstəklədiyi və ona daha çox bağlı olanaların az səs toplamalarına çalışır. İkinsisi və ən əsası, sərhədlərin keçmiş SSRİ-dən qalma xəritə üzrə bərpasıyla razılaşmaq  Qarabağın dağlıq hissəsinin də Azərbaycanın tərkib hissəsi olduğunu tanımaq anlamına gəldiyindən bütün gücü və gücsüzlüyüylə təkcə Paşinyan deyil, əksər rəqibləri də buna  qarşı çıxırlar.Yaxşı olardı ki, rəsmi Moskva torpaqlarımız işğal altında olarkən sərgilədiyi təcrübəyə son qoyaraq bu dəfə hər kəsi və hər şeyi  öz adıyla çağırsın. Və hamı da bilsin ki, Azərbaycan-Ermənistan sərhəddində yararan qarşıdurma ikincinin suçu üzündən baş verir, rəsmi İrəvanın üçtərəfli bəyanatda nəzərdə tutulanların heç də hamısına əməl etmək istəməməsindən qaynaqlanır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31