Azərbaycan Prezidentinin fəaliyyətinə verilən yüksək dəyər

Azərbaycan bu günlərdə müstəqillik tarixini, Respublika Gününü qeyd edir. 103-cü yaşlı respublikamızı təbrik etmək üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə çoxsaylı məktublar ünvanlanır. Birlışmiş Ştatlar başda olmaqla dünyanın nüfuzlu dövlət və hökumət başçıları Azərbaycan prezidentini təbrik edir, ölkəmizin bu illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək regionda rəsmi Bakı ilə əməkdaşlığa üstünlük verdiklərini ifadə edirlər.

Azərbaycan dövlət başçısına ünvanlanan çoxsaylı məktublar bir tərəfdən ölkəmizə, digər tərəfdən isə Prezident İlham Əliyevə verilən beynəlxalq dəyərin, ona olan hörmətin göstəricisidir desək yanılmarıq. Onu da qeyd etmək lazımdır ki, Cənab Prezidentə olan hörmət, ona verilən yüksək qiymət 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra daha da artıb. Elə millət vəkilləri də bu qənaətdədirlər. 

Milli Məclisin deputatı Sədaqət Vəliyevanın sözlərinə görə, artıq bir neçə gündür ki, dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika günü münasibətilə təbrik məktubları göndərməkdədirlər. Millət vəkili bildirib ki, məktub ünvanlayan liderlərin arasında ABŞ, Rusiya, Çin, İran, İtaliya, Hindistan, Almaniya prezidentlərinin, Birləşmiş Krallığın kraliçasının, Yaponiya imperatorunun və başqalarının da olması Azərbaycana olan beynəlxalq diqqətin göstəricisidir: "Onu da unutmayaq ki, mühüm tarixi günlərdə dövlətlərarası təbrik məktublarının ünvanlanması diplomatik etiket olsa da, bu, həm də həmin ölkənin dünyadakı roluna, əhəmiyyətinə, siyasi-iqtisadi çəkisinə, eləcə də onun liderinə olan səmimi münasibətdir, maraqdır".

Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Avrasiya geosiyasi məkanında nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə, "Dostluq" yatağının Türkmənistanla birgə işlənilməsi ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsi strategiyasına töhfələr verməsi, həmçinin COVİD-19 pandemiyası ilə qlobal mübarizə prosesində aktiv iştirak etməsi ölkəmizin əhəmiyyətini daha da artırıb: "Məsələn, ABŞ Prezidenti Cozef Baydenin məktubunda dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin qeyd olunması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məktubunda "Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır" yazılması, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda Azərbaycanın dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə fəallığının bildirilməsi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin məktubunda "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsinin vurğulanması bir daha Azərbaycanın yalnız regionda deyil, ümumilikdə dünyada çəkisinin və rolunun artmasından xəbər verir".

Millət vəkili deyib ki, Azərbaycan artıq bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi də diqqət mərkəzindədir: "Bu mənada, dünyanın aparıcı dövlətlərinin liderlərinin ünvanladıqları məktublar Prezident İlham Əliyevin qlobal əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətdir. Eyni zamanda, ölkəmizin dünyadakı nüfuzunun, beynəlxalq münasibətlərdəki önəmli rolunun, qlobal iqtisadi və humanitar layihələrdə liderliyinin, siyasi və iqtisadi potensialının göstəricisidir".

Millət vəkili Anar Məmmədov isə bildirib ki, 44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsindən sonra ölkəmiz nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, müharibənin əsas nəticələrindən biri Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradılmasından ibarət oldu. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur: "Azərbaycan ötən müddətdə bütün beynəlxalq platformalarda torpaqlarının işğal olunması, Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlıların etnik təmizləmə və soyqırıma məruz qalması həqiqətini qəbul etdirə bilmişdi. Bəzi ölkələr bu faktları öz siyasi maraqları kontekstində rəsmi şəkildə etiraf etməkdən çəkinsə də, ümumilikdə dünya ictimaiyyətində münaqişənin meydana çıxma səbəbləri barədə aydın təsəvvür formalaşdırılmışdı. İndi artıq müstəqilliyinin 30-cu ilinə yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olan Azərbaycanın dünyada çəkisi və rolu ciddi şəkildə artmaqdadır. Bu dəyişiklik xüsusən, dünyanın super dövlətləri ilə olan münasibətlərdə özünü daha çox biruzə verir. Bu günlərdə ABŞ Prezidenti Cozef R. Baydenin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi hesab olunur. Ötən 29 ildə də Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər davamlı şəkildə inkişaf edib".
Deputatın sözlərinə görə, ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması işində, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb: "İki ölkə arasında əlaqələr beynəlxalq təhlükəsizliyin təmin edilməsində ortaq fəaliyyət və enerji layihələri ilə sıx bağlıdır. Buraya təbii ki, nəqliyyat dəhlizləri də daxildir. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Bu baxımdan ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib".
Anar Məmmədov hesab edir ki, beynəlxalq təhlükəsizliyin təmini sahəsində də Azərbaycanın dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında aktiv iştirakı xüsusi qeyd edilməlidir: "Təcrübə göstərir ki, rəsmi Bakı məsələnin bu tərəfinə böyük diqqət yetirir. ABŞ rəhbəri Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi dəstəyi qabartmaqla hazırkı həssas dönəmdə rəsmi Vaşinqtonun Azərbaycanın terrorun qarşısında dayanan güc olduğunu qəbul etdiyini göstərmiş oldu. Bununla da qarı tərəf rəhbərliyi sözün həqiqi mənasında sülh və barış tərəfdarı olduğunu, beynəlxalq hüquq normalarına böyük önəm verdiyini, demokratik birgəyaşayışın bütün dünyada bərqərar olmasına çalışdığını və cinayətlərə qarşı güzəştsiz mövqedə dayandığını nümayiş etdirmiş olur. Bu sıraya, əlbəttə ki, Azərbaycanın terrorla mübarizəyə ciddi diqqət yetirdiyi də daxildir. Dünyanın istənilən regionunda terrora Azərbaycan "yox" deyir. Terrorla mübarizədə irəli sürülən təşəbbüsləri birmənalı dəstəkləyir və bu zaman tamamilə beynəlxalq hüquq normaları çərçivəsində problemlərin həll edilməsinə üstünlük verir. Bütün bunlar bir daha Azərbaycanın antiterror fəaliyyətinin nə dərəcədə genişmiqyaslı əhəmiyyətə malik olduğunu aydın surətdə meydana çıxarır. Bu mənada tamamilə təbiidir ki, terrorizmlə mübarizə istiqamətində Azərbaycanın fəaliyyəti dünya dövlətləri tərəfindən də yüksək qiymətləndirilir. Beləliklə, Azərbaycan Prezidentinin dünyada nüfuzu, onun fəaliyyətinə verilən yüksək qiymət, habelə Azərbaycanın dünyada nüfuzu, beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı artıq regionda kimin söz sahibi olması faktını bir daha təsdiqləyir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31