İran İslam Respublikası Xarici İşlər Nazirinin növbəti səfərndə gözlənən nəticələr
25 May 2021 14:09 Siyasətİran İslam Respublikası Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Ermənistana səfərini İranın Cənubi Qafqazda diplomatik fəallığının artması ilə əlaqələndirirlər. Lakin nədənsə bu fəallıq Gürcüstanla münasibətdə diqqəti cəlb etmir. Xarici İşlər Nazirini son beş ayda ikinci dəfə Azərbaycan və Ermənistana göndərməklə Tehran Dağlıq Qarabağ məsələsində bəlkə də əldən buraxdığı imkanları geri qaytarmaq istəyir? Yaxud Rusiyanın tədricən zəiflədiyi mövqelərini doldurmaq üçn cəhd edir? Hər halda Zərifin bu gün başlanan səfərindən sonra danışıqlar masasına çıxarılan məsələlərin səciyyəsindən asılı olaraq müəyyən mülahizələr söyləmək imkanı yaranacaq.
Zərifin səfəri haqqında məlumatın təsdiqlənmədiyi dövrlərdə də İranın regionda gedən prosesləri izləməklə kifayətlənməyəcəyi haqqında proqnozlar var idi. Bu proqnozlar artıq özünü doğrultmağa başlayır. İran Rusiyadan sonra Ermənistanın sərhədlərinin ikinci "müdafiəçisi" statusunu əldə etməyə çalışır və Ermənistanın ərazi bütövlüyünü özü üçün " qırmızı xətt" elan edir. Diplomatik mənbələrdən verilən qeyri-rəsmi məlumatlara görə Azərbaycan-Naxçıvan- Türkiyə dəhlizinin açılması xətti də İslam dövləti üçün eyni rəngdədir. Amma regionda dövlətlərarası münasibətlərin inkişaf etdirilməsinə qarşı çıxmaqda günahlandırılmaqdan ehtiyat edərək bunu açıq bəyan edə bilmir.
Düşünmək olardı ki, Ermənistanın sərhədlərinin mhafizəçisi statusunda çıxış etməsi və ona siyasi, iqtisadi və hərbi sahədə istənilən yardımı təqdim etməsi formasında İranın bu fəallığı Ermənistanda razılıqla qarşılanacaq. Amma Ermənistanda İrana açılan "qucağın" əhatə dairəsinin getdikcə daralması haqqında xəbərlər gəlməkdədir. İrəvanın Tehranın bu təşəbbüslərinə yetərincə diqət yetirmədiyinin təzahürləri özünü Paşinyanın və Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyanın əks tərəfə münasibətlərində hiss edilməkdədir. Bu da təbiidir. Ermənistan indiki şəraitdə Rusiya , Amerika Birləşmiş Ştatları və Avropa ilə münasibətlərin inkişaf etdirilməsində daha maraqlıdır. Bu qüvvələrlə ciddi münasibətlər isə İranın regiona girməsinə yol qoymur. Buna görə də İran bütün imkanlarından və Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən istifadə edərək Ermənistan üçün həssas məsələlərdə özünü onun yanında göstərmək istəyir.
Yüksək rütbəli generalların İrəvana səfəri hərbi-siyasi şəraiti öyrənməklə İranın Ermənistanla hərbi-strateji sahədə daha uzağa gedən planlarından xəbər verirsə, Məhəmməd Cavad Zərifin hər iki ölkəyə gəlişi İranın regionda daha ciddi lövbər salmaq istəyinin göstəricisidir. İranın Ermənistana zəruri olan hərbi texnika və hərbi sursatla təmin etmək sahəsində təklifləri də gələcək əməkdaşlığın komponentləri hesab oluna bilər.
Ermənistanın ərazi bütövlüyünün İran üçün " qırmızı xətt" olmasını bildirməklə İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin nəyi nəzərdə tutduğunu müəyyən etmək bir qədər problemli məsələdir. Yəqin ki, Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Xarici İşlər Naziri ilə keçirəcəyi görüşlərdə SSRİ dönəmində Azərbaycana məxsus olan torpaqların Ermənistan ərazisi olmadığı ona izah olunacaq.
Amma Azərbaycanda yüksək rütbəli dövlət nümayəndələri ilə keçirilən görüşdən sonra təşkil olunacaq mətbuat konfransında politoloq kimi İranın Baş Diplomatından soruşmaq istərdim: 30 ilə yaxın bir dövrdə Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları İran üçün hansı "rəngdə olan xətt" idi?
Azərbaycanda keçiriləcək görüşlərdə Ermənistan və Azərbaycan sərhədlərində baş verən son hadisələrin müzakirə ediləcəyini düşünmürəm. Türkiyə-Naxçıvan-Azərbaycan dəhlizinin də müzakirəyə çıxarılması Azərbaycanla İran arasında prioritet məsələ deyil. Bu məsələlər Türkiyə, Rusiya , Azərbaycan və Ermənistanın maraqlarını daha çox əhatə edir. Nəinki İranın.
İran regionun qurulmaqda olan yeni arxitekturasında iştirak edərək öz təhlükəsizliyinə yönələn təhdidlərin qarşısını almaq istəyirsə özünü Türkiyə. Azərbaycan və Rusiyaya daha yaxın verməlidir. Zəif, dağılıb aradan çıxmaqda olan Ermənistana arxadan dirək vurmaqla onun nəyəsə nail olması mümkün deyil.
Əlimusa İbrahimov.
Politoloq.