Salih Kurt: Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti Türkiyəyə qarşı düşmənçiliyin davamıdır

Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) məqsədi Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətləri sistemli şəkildə araşdırmaq, bu barədə mövcud olan və ortaya çıxarılacaq bütün həqiqətləri hüquq müstəvisində dünya birliyinə çatdırmaq və ədalətli qərarlara nail olmaqdır. KASSAK araşdırma fəaliyyətini qruplar şəklində davam etdirəcək. Komissiyasının tərkibində təmsil olunan şəxslər saxta "erməni məsələsi"nin ayrı-ayrı sahələrini araşdıran ekspertlərdir. Bu fəaliyyətləri bir təşkilatda birləşdirmək, əlaqələndirilmiş şəkildə çalışmaq və bölüşmək özlüyündə yeni uğurların əsasını yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının sədri Salih Kurt ifadə edib.

KASSAK-ın təşkilatçılığı ilə Türkiyə Prezidentinin Baş müşaviri, tədqiqatçı alim, professor Seyit Sertçelikin saxta "erməni məsələsi" ilə bağlı verdiyi videokonfransı atılan ilk mühüm addımlardan biri kimi dəyərləndirən Salih Kurt deyib: "Saxta "erməni məsələsi"ni siyasi gündəmdə saxlamaq Türkiyəyə qarşı ən böyük düşmənçilik, Azərbaycana qarşı otuz illik hərbi təcavüz siyasəti və işğal altındakı bölgələrin tamamilə məhv edilməsi bu düşmənçiliyin məntiqi davamıdır. Ona görə də KASSAK "saxta "erməni məsələsi"nin səbəb və məqsədlərini bütün parametrlər üzrə təhlilinə kompleks yanaşmağı qarşısına məqsəd qoyub. Əminliklə bildirmək istəyirəm ki, üzə çıxaracağımız yeniliklər ən qısa zamanda təkcə Azərbaycan və Türkiyədə deyil, ümumiyyətlə, dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq."

Komissiyanın fəaliyyətinin bütün bölgə üçün faydalı olacağına əminliyini ifadə edən təşkilatın sədri bildirib: "Azərbaycan ərazisinin 20 faizinin otuz ilə yaxın müddətdə işğal altında saxlanılmasının regiona vurduğu mənəvi, siyasi və iqtisadi zərərin çoxşaxəli araşdırılması Ermənistanın terrorçu siyasətinin hamı üçün zərərli və təhlükəli olduğunu geniş şəkildə çatdırmağa imkan verəcək".

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31