Erməni yalanlarının ifşası və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli toplantı
21 May 2021 14:14 Siyasətİctimai Birlik təsisçisi: "Mövcud reallıqların Azərbaycan Prezidentinin dilindən beynəlxalq plaformalarda səsləndirilməsi haqlı mövqeyimizin bir daha dünyaya çatdırılması baxımından önəmlidir"
"44 günlük Vətən müharibəsindən sonra istər bu müharibənin baş verməsi səbəbləri, istər müharibədə tarixi qələbə etməyimiz, istərsə də bundan sonrakı mərhələdə işğaldan azad edilən ərazilərimizdə başlanan quruculuq-abadlıq işlərinin dünya ictimaiyyətinə çatdırılmasında beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həmin tədbirlərdə iştirakı, geniş, məzmunlu çxıışı olduqca əhəmiyyətlidir". Bu fikirləri "OLAYLAR"-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin təsisçisi Süleyman İsmayılbəyli bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələrdə iştirakı və çıxışına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycana qarşı artan informasiya savaşı, ölkəmiz barədə erməni lobbisinin xaricdə mənfi rəy formalaşdırmaq cəhdi ərəfəsində əsl həqiqətlərin, mövcud reallıqların Azərbaycan Prezidentinin dilindən beynəlxalq plaformalarda səsləndirilməsi haqlı mövqeyimizin bir daha dünyaya çatdırılması baxımından önəmlidir: "Göründüyü kimi 44 günlük müharibə dövründə olduğu kimi müharibədən sonrakı mərhələdə də Prezident İlham Əliyev informasiya mübarizəsinin önündədir. Dövlət başçısının yeni informasiya strategiyası və informasiya sahəsində fəaliyyəti həm İkinci Qarabağ müharibəsi dövründə, həm də günümüzdə öz müsbət nəticələrini göstərir. Məhz bu uğurlu informasiya strategiyasının nəticəsi idi ki, Vətən müharibəsi dövründə dünyanın aparıcı kütləvi informasiya vasitələri, televiziya kanalları Azərbaycan Prezidentindən müsahibə almaq təşəbbüsləri ilə çıxış edir, Qarabağ cəbhəsində baş verənləri birinci şəxsinin dilindən eşitmək istəyirdilər. Həmin ərəfədə dünyanın 26 aparıcı mediasının, 18 teıleviziya, 5 agentlik və 3 qəzetin Azərbaycan dövlət başçısından müsahibə götürməsi ölkəmizin hərb cəbhəsində olduğu kimi, informasiya savaşında da öndə olduğunun göstəricisi idi. Təbii ki, bu da Azərbaycan Prezidentinin yeni informasiya strategiyasından, onun uğurlarından irəli gəlirdi".
Süleyman İsmayılbəyli bildirib ki, bu kimi toplantılar erməni yalanlarının ifşa edilməsi, Azərbaycanın regionda sülh, sabitlik niyyətində olmasının dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir: "Nəzər almaq lazımdır ki, sözügedən görüşdə iştirak edənlər əsasən sabiq prezidentlər, baş nazirlər və öz tanınmış ictimai-siyasi xadimlərdir və onların da öz ölkələrində, eləcə də dünyada ictimai fikrə, rəyə təsir imkanları kifayət qədərdir. Bu baxımdan Azərbaycanın haqlı mövqeyinin, hazırkı situsiyanın məhz həmin şəxslərin imkanlarından istifadə edərək beynəlxalq aləmə çatdırılması faydalıdır".