Qaragöl Paşinyanın günlərini qaralda biləcəkmi?

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda hərarət yüksəlməyə başlayır. Onsuz da Paşinyanın nəzarəti altında seçkiyə getməyi özlərinə sığışdıra bilməyən müxalif qüvvələr etiraz hərəkatına başlamağa bəhanə axtarırdılar. İki dövlət sərhədində yerləşən Qaragöl ətrafında baş verən insident onların axtardığı bəhanə oldu. Erməni müxalifəti bu hadisədən Paşinyana qarşı lazım olan səviyyədə istifadə edə biləcəkmi? Yaxud onlar Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bu dəfə ciddi təsir imkanlarına malikdirlərmi?

Fikrimcə, bu sualların heç birinə müsbət cavab vermək mümkün deyil. Qaragöl ətrafında baş verən hadisələrin Ermənistanda necə əks-səda yaradacağı əvvəlcədən məlum idi. Bu hadisə ilə iştirakçı qüvvələrin heç biri Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını son nəticə kimi nəzərdə tutmurdu. Baş Nazir vəzifələrini yerinə yetirən bu gün həm Azərbaycan, həm də Rusiyanın indi və yaxın gələcəkdə hakimiyyət kreslosunda görmək istədikləri siyasətçidir. Təbii ki, Paşinyanın hərəkətlərində hər iki dövləti zaman-zaman narazı salan ştrixlər baş verir. Lakin bu ştrixlərə görə onu başqası ilə əvəz etməyin yeri yoxdur. Azərbaycan, həm də Rusiya Paşinyanı  tərbiyə edərək nəzərdə tutduqları addımları həyata keçirməyi məqsədəuyğun hesab edirlər.

Digər tərəfdən Paşinyanı Azərbaycan və Rusiyanın dediyini əməl edəcək vəziyyət gətirmək üçün ona Qarabağ boyda problem yaşatdılar. Onun yerinə gələ biləcək növbəti adamı mütiləşdirmək üçünsə Ermənistanın yarısının, əzəli Azərbaycan torpaqlarının geri qaytarılması lazım gələrdi. Amma Rusiya hələ bu varianta hazır deyil. Elə isə Qaragöl hadisəsi nəyə hesablanıb? Təbii ki, bura həqiqətən Azərbaycanın ermənilər tərəfindən işğal altında saxlanan torpaq parçasıdır və gec-tez Azərbaycan digər hazırda ermənistan işğalında olan torpaqlar kimi oranı da azad edəcəyik. Amma nədən indi?  

Bu elə Paşinyanın oyun qaydalarına əməl etmədiyindən qaynaqlanır. Üçtərəfli görüşlər zamanı Ermənistan Baş Naziri Ermənistan işğalı altında olan torpaqların mərhələ-mərhələ Azərbaycana qaytarılması ilə əlaqədar üzərinə öhdəlik götürüb. Amma sonradan növbədənkənar Parlament seçkilərini bəhanə gətirərək bu vədini yerinə yetirmək istəməyib. Ən azından seçkilərə qədər.

Azərbaycan isə artıq ermənilərə inanmaq limitinin çoxdan bitdiyini ona başa salmaq istəyir. Digər tərəfdən Paşinyan Rusiya qarşısında götürdüyü bəzi öhdəlikləri də yerinə yetirmiş kimi görünmür. Elə isə cəzalndırılmalıdır və nida işarəsi!

Son sərhəd hadisəsindən sonra Azərbaycan Xarici Siyasəti prizmasından baxanda çox maraqlı vəziyyət yaranıb. Artıq Ermənistandakı daxili - siyasi vəziyyət Rusiyanın deyil  Azərbaycanın diktəsi ilə idarə olunur.Budur müharibədə qalib gəlməyin verdiyi üstünlüklər. Biz bu üstünlüyü həmişə əlimizdə saxlamağa çalışmalıyıq. Hörmətli cənab Prezidentimiz İlham Əliyevin dediyi ki:  "Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır!" Biz hücum zamanı özümüzü daha yaxşı hiss edirik.

Əlimusa İbrahimov

Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31