Makron israrla erməniləri müdafiə etməkdən niyə çəkinmir?
Əlimusa İbrahimov: “Bunu Fransada kök salmış erməni lobbisi ilə əlaqələndirmək mümkündür”
20 May 2021 13:20 SiyasətƏlimusa İbrahimov: "Bunu Fransada kök salmış erməni lobbisi ilə əlaqələndirmək mümkündür"
Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə ermənilərlə həmrəy olduğunu nümayiş etdirərək Azərbaycanla Ermənistan arasındakı sərhəd məsələsi ilə bağlı öz fikirlərini bölüşüb. Daha doğrusu, Azərbaycanı öz sərhədçilərini Ermənistanın "ərazisindən" çıxarmağa çağırıb. Maraqlıdır, Fransanın ermənilərə bu qədər can yandırmasının kökündə hansı amillər dayanır? Makron Ermənistanın yoxsa, öz ölkəsinin maraqlarından çıxış edir? Politoloq Əlimusa İbrahimov qeyd edib ki, bu Makronun ermənilərin yanında olduğunu sübuta yetirən birinci demarşı deyil. 44 günlük müharibə zamnı və ondan sonrakı proseslərdə Fransa Prezidenti dəfələrlə erməniləri müdafiə edən sərsəm çıxışları ilə yadda qalmışdı: "Amma sərhəd hadisəsi zamanı o bir az da irəli gedərək Azərbaycana olan müraciətini erməni dilində edib. Təbii ki, biz Makronun qısa prezidentliyi dövründə erməni dilini öyrənməsi fikrindən çox uzağıq. Amma erməni dilində feysbukda post atması onun ermənilərin xidmətindən bundan sonra da faydalanacağı anlamına gəlir".
Onun sözlərinə görə, Makron məsələnin mahiyyətinə varmadan, qarşıdurmada Azərbaycan tərəfinin mövqeyini öyrənmədən, Azərbaycan dövlət rəhbərləri ilə danışmadan Ermənistan Baş Nazirinin sözlərini eşidərək Azərbaycana çağırış edir ki, "ermənistan torpaqlarından" çıxsın: "Görəsən, Azərbaycan torpaqlarını 30 il işğalda saxlayanda nədən Makron statusunda olan Fransadakı erməni aşiqləri onları zorla tutduqları torpaqlardan çıxmağa çağırmadılar? Hətta Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək missiyasını üzərinə götürən 3 qlobal dövlətdən biri olan Fransa öz missiyasını yerinə yetirmirdi? İndi ermənilərin yanında yer tutmağa çalışan Fransa və digər həmsədr dövlətlərin məsuliyyətsizliyi üzündən bu münaqişə 30 ilə yaxın bir müddət çəkdi. Onlar erməniləri işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmağa məcbur edə bilsəydilər indi bu cür çıxılmaz vəziyyətə düşməz və erməniləri yazıq gününə salmazdılar. Hərçənd erməniləri yazıq adalandırmaqdan çox-çox uzağam. Amma digər tərəfdən, Fransa və onun tipli dövlətlərə arxayınlaşdıqca onlar bədbəxt və yazıq günə qalacaqlar. Makrona qədər də Amerika Prezidenti müşaviri Sillivan, Rusiya Xarici İşlər Naziri Lavrov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə bu mövzu ətrafında müzakirələr aparıb və münaqişənin danışıqlar yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Təbii ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ciddi sübutları qarşısında onlar həqiqətin kimin tərəfində olması haqqında ilkin mənbədən məlumat alıblar və bununla da msələni daha irəli aparmağı məsləhət bilməyiblər. Hətta Sillivan İlham Əliyev simasında regionda mükalimə aparmağa layiq yüksək səviyyəli dövlət rəhbəri gördüyünü sevinclə ətrafındakılarla, o cümlədən Co Baydenlə bölüşüb. Makron isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə sərhəddə baş verən hadisə ilə bağlı sadəcə zəng etməyə cürət etmədi. Çünki, o, İlham Əliyevin tutarlı arqumentləri qarşısında özünü itirəcək və erməniləri müdafiə edən demarşları həyata keçirə bilməyəcəkdi".
Bəs Makron dəfələrlə Azərbaycan Respublikası Prezidenti simasında ciddi maneə ilə üzləşdiyinə baxmayaraq nədən israrla erməniləri müdafiə etməkdən çəkinmir? Politoloq hesab edir ki, bunu Fransada kök salmış erməni lobbisi ilə əlaqələndirmək mümkündür: "Oradakı ermənilər və onların malik olduğu səs seçkilər zamanı hakimiyyətə gəlmək üçün çox əhəmiyyətlidir. Əgər Makron bu qüvvədən istifadə edə bilməsə, ona müxalif olan digər siyasi qüvvələr bu boşluğu dolduracaq və Makron tərəfdarları ilə birlikdə yenidən hakimiyyətdə təmsil olunmaq şansını itirəcəklər. Amma Fransa Prezidenti ölkə daxilindəki problemləri həll etmək istiqamətində addım atsaydı daha yaxşı olardı və ölkə əhalisinin rəğbətini qazanardı. Bu barədə Fransada olduqca məşhur olan Le Fiqaro qəzeti yazır: " Makron öz əhalisinin təhlükəsizliyini təmin edə bilmirsə, digər ölkələrin daxili işlərinə ümumiyyətlə qarışmalı deyil".Yəqin Ermənistanın ölkəsində hamının yalançı və satqın adlandırdığı Baş Nazirinin sözlərinə inanaraq Azərbaycana səslənmək Makron üçün daha asandır, nəinki öz ölkəsinin üzləşdiyi ciddi problemləri həll etmək. Le Fiqaro yazır :" Beynəlxalq aləmə çıxmaq üçün əvvəlcə öz ölkənin insanları arasında hörmət və nüfuz qazanmalısan. Əks halda dünya dövlətləri arasında gülüş mənbəyinə çevriləcəksən". Makron isə çoxdan gülüş hədəfidir. Öz adekvat olmayan qərarları sayəsində".
Alim
Olaylar.az