İranın iç üzü açıldı
Əlisahib Hüseynov: “Regionda güclü Azərbaycanın mövcudluğunu həzm edə bilməyənlərin təhdid dili ilə danışmaları absurddur”
20 May 2021 11:55 SiyasətƏlisahib Hüseynov: "Regionda güclü Azərbaycanın mövcudluğunu həzm edə bilməyənlərin təhdid dili ilə danışmaları absurddur"
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni hələ də bəzi dövlətlər həzm edə bilmir, tarixi zəfərimizə kölgə salmağa, ona mane olmağa çalışırlar. Bu günlərdə Zəngəzurda Qara göl ətrafında yaşanan olaylara həmin güc mərkəzləri və dövlətlərin mövqeyində bunu açıq-aydın gördük. AntiAzərbaycan dövlətlər və qüvvələr Qara göl məsələsində sırf Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycanın bu ölkənin sərhədlərini pozduğunu iddia etdilər. Halbuki burada söhbət Ermənistanın sərhədinin pozulmasından getmirdi. Söhbət sərhədlərin demarkasiyası, iki ölkə arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsindən gedirdi. Ancaq cərəyan edən hadisələr fonunda aydın şəkildə gördük ki, sərhəd anlayışından xəbəri olmayan yaxın və uzaq ölkələr, hətta qonşularımız Qara göl məsələsində də Ermənistan maraqlarından çıxış etdilər. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. Partiya sədri bildirib ki, Zəngəzur dəhlizi ilə ilgili söz-söhbətlər, Qaragöl ətrafında baş verən olaylar təkcə Fransanın, Birləşmiş Ştatların və Kanadanın deyil, ən yaxın qonşularımızdan biri sayılan İranın da iç üzünü açıb ortaya qoydu. Onun sözlərinə görə, sərhədlərin demarkasiyası istiqamətində Azərbaycanın son günlərdə atdığı prinsipial addımlar necə deyərlər, xeyirxahlarımızı da, bədxahlarımızı da, bizi istəməyənləri də hərəkətə gətirib: "İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Moctəba Zonnurinin Azərbaycana qarşı qərəzli açıqlama verməsini də məhz bu kontekstdən dəyərləndirməliyik. Erməni KİV-nə açıqlama verən Zonnurinin Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləməsi sıradan bir hadisə deyil. İranlı deputatın az qala hədə tonuyla səsləndirdiyi fikirlərə gəlin birlikdə nəzər salaq: "İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır".
Əlisahib Hüseynov deyib ki, qonşu ölkənin parlamentarisi bu açıqlaması ilə əslində bütün siyasi-diplomatik normaları pozub və konkret ad çəkməsə də, region ölkələrinə (o cümlədən Azərbaycana) meydan oxuyub: "Eyni zamanda cənab Zonnurinin yaddaşının qısalığı üzə çıxıb. Adam regionun 30 il bundan əvvəlki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsindən əvvəl mövcud olmuş siyasi coğrafiyasını bilmədən danışıb. İranlı molla-siyasətçilərin diqqətinə çatdırırıq ki, regionda hər hansı ərazi dəyişikliyindən söhbət getmir. Söhbət Azərbaycanın öz sərhədlərini bərpa etməsindən gedir. Qara göl də Azərbaycanın dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmasının ilk günlərindən bizim nəzarətimizdə olub".
Partiya sədri onu da diqqətə çatdırıb ki, həmin molla-deputatın təmsil etdiyi İran İslam Respublikası da ölkəmizin müstəqilliyini tanıyarkən, Qara göl Azərbaycanın ərazi subyektlərindən biri olub: "Odur ki, mollalar ağızlarını açıb danışmağa başlamazdan əvvəl nə deyəcəklərini yaxşı-yaxşı ölçüb biçsinlər, məsuliyyətsiz açıqlamalar verməsinlər, "ikili standart"lardan çıxış etməsinlər. 30 il əvvəl regionda qanunsuz oilaraq ərazi dəyişikliyinə yol vermiş, sərhədlərimizin toxunulmazlığını pozaraq ərazilərimizi qəsb etmiş Ermənistana bir kəlmə də etirazını bildirməyən bu cür qərəzli qonşularımızın indi regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini bildirməyə mənəvi ixtiyarları yoxdur. Regionda güclü Azərbaycanın mövcudluğunu həzm edə bilməyənlərin təhdid dili ilə danışmaları absurddur".
Süleyman İsmayılbəyli
Olaylar.az