Ermənistanın seçki şousu, yoxsa sərhədlərin delimitasiyası?
44 günlük Vətən müharibəsində acı məğlubiyyətə düçar olan Ermənistan dövlət kimi var olmaq uğrunda mübarizə aparır.
20 May 2021 11:55 Siyasət44 günlük Vətən müharibəsində acı məğlubiyyətə düçar olan Ermənistan dövlət kimi var olmaq uğrunda mübarizə aparır. Siyasi, hərbi və iqtisadi baxımdan tənəzzülə düçar olan işğalçı dövlətin aqibəti "suda batan adamın saman çöpündən yapışmasına" bənzəyir. Ölkədəki siyasi abu-hava isə Ermənistanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Erkən parlament seçkilərinin gedişi deməyə əsas verir ki, artıq bu ölkədə normal, işlək hökumətin yenidən təşkil edilməsi qeyri-mümkündür. Üstəlik kapitiliyasiya aktının müddəlarının icrası, Azərbaycanla sərhədlərin müəyyən edilməsi ölkəni çıxılmaz vəziyyətə salıb. Maraqlı orasıdır ki, Ermənistanda təmsil olunan siyasi qüvvələr çıxış yolunu illər boyu yürütdükləri yanlış xarici siyasətdə deyil, Rusiya, Fransa, yaxud KTMT-də axtarırlar. Məkirli siyasətin girdabına çevrilmək istəməyən himayədarlar isə Ermənistanın bu vəziyyətindən maksimum yararlanmaq niyyəti güdürlər. Elə son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr bu fikri bir daha təsdiq rtmiş olur. Politoloq Nurlan Qələndərli qeyd edib ki, əslində Azərbaycan öz sərhədlərinin bərpası və sərhəd müdafiə sistemini gücləndirmək istiqamətində konkret addımlar atır. Bu, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşı yönəlməyib, beynəlxalq hüquq normalarına zidd deyil. Burada hər hansı başqa məqam axtarmaq siyasi təxribat və ikili standartlar əsasında selektiv yanaşma nümayiş etdirməkdir. Politoloq bildirib ki, Ermənistan bu zamana qədər müxtəlif məsələlərlə əlaqədar manipulyativ və təxribatçı yanaşma nümayiş etdirib: "İstər keçmiş münaqişə, istər II Qarabağ müharibəsi dövründə, istərsə də postkonfilikt mərhələsində də bu reallığın şahidi olmuşuq. Zəngəzur dəhlizinin açılması ilə bağlı manipulyativ açıqlamaların verilməsi, minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması, keçmiş münaqişənin din kontekstində və sivilizasiyalararası qarşıdurma fonunda təqdim olunmasına cəhd göstərilməsi və digər məqamlar bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, bütün bunlar uğursuz gedişlərdir və heç bir nəticə verməyib, verməyəcək". Sərhədlərin delimitasiyası və demarkasiyasının regionda dayanıqlı sülhün və etibarlı təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən Nurlan Qələndərli əlavə edib ki, Ermənistanın məsələni beynəlmiləlləşdirməyə çalışması absurd yanaşma və uğursuz cəhddir: "Beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur ki, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işi aparır. Ermənistan vəziyyəti gərginləşdirməyə və məsələnin mahiyyətini - reallıqları təhrif etməyə yönəlmiş addımlardan çəkinməlidir". Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrdən təkcə Ermənistan yox, onu gələcək forpostları kimi görən güclər narahatdır: "Söhbət noyabırın 10-da və yanvarın 11-də imzalanan üçtərəfli anlaşmadan sonra özlərini regiondakı proseslərdən kənarlaşmış vəziyyətdə görən güclərdən gedir. Onlar baş verənlərdən narazıdırlar. Amma narazılıqlarının səbəbini özlərində axtarmalıdırlar. Çünki ATƏT-in Minsk qrupuna həmsədrlik edənlər vasitəçi olaraq problemin sülh yolu ilə həlli istiqamətində hər hansı bir addım atmadılar. Yəni münaqişənin həlli yox, idarəsi ilə məşğul oldular. O da aydındır ki, Ermənistan cəmiyyətində qorxu var. Azərbaycan 90-cı illərdə Ermənistanın indi üzləşdiyindən qat-qat artıq problemlərlə üzləşdi. Amma xalq olaraq sarsılmadıq. Bizdə heç zaman hay qorxusu olmadı və olmayacaq. Çünki biz böyük millətik. Ermənilər isə Azərbaycan əsgəri sərhəddə dayananda qorxudan tir-tir əsir. Çünki Zəngəzurda dədə-babalarının yaşamadığını, Göyçədə yad element olduqlarını bilirlər. Baş verənlər həm də Ermənistanda qarşıdan gələn seçki ilə əlaqəli məsələlərdir".
Alim
Olaylar.az