Dövlət Departamentinin terror xəbərdarlığından hansı nəticə hasil olunur?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, xəbərdarlıqdakı koronavirus bəndi bəhanəyə oxşayır. Onun sözlərinə görə, Azərbaycanda koronavirusun miqyası xeyli azalıb: «ABŞ vətəndaşları virusun yayıldığı daha təhlükəli ölkələrə səfərlər edir və Dövlət Departamenti onlara xəbərdarlıq çağırışı etmir.
20 May 2021 11:55 SiyasətZaman-zaman istər Avropa, istərsə də okeanın o tayından Azərbaycanla bağlı heç də xoş olmayan məlumatlar yayılır, xəbərdarlıqlar gündəmə gəlir. Bir qayda olaraq isə Azərbaycanda ayrı-ayrı vaxtlarda terror hadisəsinin baş vermə ehtimalı kimi o qədər də əsası olmayan xəbərdarlıqlar edilir, cəmiyyətdə müəyyən narahatçılıqlar yaradılır. Onu da qeyd etmək yerinə düşər ki, terror xəbərdarlıqları bir qayda olaraq okeanın o tayından gəlir və Birləşmiş Ştatlar il ərzində demək olar ki, bir neçə dəfə öz vətəndaşlarına müraciət edərək terror təhlükəsi səbəbindən Azərbaycana səfər etməməyi tövsiyə edir. Bu günlərdə daha bir anoloji xəbərdarlıq gündəmi zəbt edib. Belə ki, Birləşmiş Ştatların Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib. Xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib. Dövlət Departamenti xəbərdarlıqda səbəb kimi koronavirus, sərhəddəki gərginlik və terror təhlükəsini göstərib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, xəbərdarlıqdakı koronavirus bəndi bəhanəyə oxşayır. Onun sözlərinə görə, Azərbaycanda koronavirusun miqyası xeyli azalıb: "ABŞ vətəndaşları virusun yayıldığı daha təhlükəli ölkələrə səfərlər edir və Dövlət Departamenti onlara xəbərdarlıq çağırışı etmir. Dövlət Departamenti terror bəndi üzərində xüsusi dayanaraq bildirib ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir. Bundan başqa ABŞ vətəndaşlarına Azərbaycan-İran sərhədinə, o cümlədən Qarabağ regionuna və ətraf ərazilərə səyahət etməmək tövsiyyə edilib. Xəbərdarlıqdakı bu cümlələrə də diqqəti çəkir: "Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər".
Bəs görəsən, Dövlət Departamentinin bu xəbərdarlığından hansı nəticə hasil olunur?
Elxan Şahinoğlu qeyd edib ki, Dövlət Departamenti ötən ilin sentyabr ayında da oxşar bəyanat yaymışdı: "Bəyanatın yayılmasından iki gün sonra müharibə başladı. Demək, müharibənin başlayacağı haqqında kəşfiyyat məlumatı olan Dövlət Departamenti əvvəlcədən vətəndaşlarını Azərbaycanda və Ermənistanda ehtiyatlı olmağa dəvət edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin müharibə günlərində vətəndaşlarına ikinci xəbərdarlığı da olmuşdu. Səfirlik vətəndaşlarına Bakının mərkəzindəki otellərin birində uzaq dayanmağı təvsiyyə etmişdi. Böyük ehtimalla Vaşinqtonun erməni terrorçularının planı barədə kəşfiyyat məlumatı olmuşdu. Allah saxladı".
Mərkəz rəhbəri bildirib ki, Dövlət Departamentinin növbəti xəbərdarlığı da kəşfiyyat məlumatlarına dayanır: "Görünür Dövlət Departamenti həm kəşfiyyat məlumatlarına, həm də Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyə əsaslanaraq iki dövlət arasında növbəti toqquşmanın da qaçılmaz olduğunu hesablayıb. Bunu heç biz də istisna etmirik. Əgər sərhəddə gərginlik azalmasa və erməni hərbçilər sərhəddi müəyyələşdirən hərbçilərimizə qarşı təxribat törədərlərsə, aydındır ki, bunu cavabsız qoymayacağıq. Dövlət Departamentinin "terror təhlükəsi" bəndini də qulaqardına vura bilmərik. Vaşinqton Bakını tərəfdaşı sayırsa, əlində olan "terror təhlükəsi" barədə məlumatlarıyla Azərbaycanın müvafiq qurumlarıyla bölüşməlidir".
Bununla əlaqədar Dövlət Təhlükəsizlik Xidməti bəyan edir ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti onu da bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir
Süleyman
Olaylar.az