Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri həm də strateji baxımdan Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsindən  sonra qarşıda qədim şəhərin simasını bərpa etmək kimi vəzifə durur. Prezident İlham Əliyev qeyd etdiyi kimi vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməlidir. Təsadüfi deyil ki,  Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır". Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, "Xarı bülbül" festivalı bərpa olunmalıdır. Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: "Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz". Dövlət başçısı bildirmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar: "Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin".

Artıq dövlət başçısı "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" Sərəncam imzalayıb. Bununla da  Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmiş oldu. Prezident İlham Əliyevin belə bir sərəncam imzalanması təsadüfi deyil, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası  olub. Məhz sözügedən sərəncam da Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.

Xatırladaq ki, Ermənistan Respublikasının həyata keçirdiyi vandalism siyasəti nəticəsində 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan  170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılıb. Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. İndi Şuşa şəhərinin Azərbaycanın mədəni mərkəzi elan olunmaqla dünya erməniliyinə mesaj verilir ki, "Şuşi" adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına "töhfə verən" digər dövlətlərə də mesajdır. Ən mühüm mədəniyyət mərkəzlərimizin birindən Azərbaycan izini silmək üçün təəssüf ki, Ermənistanla yanaşı digər ölkələr də bilərəkdən və ya bilməyərəkdən iştirak etmişlər.

Azərbaycan Prezidenti isə bəyan edib ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir: "Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31