Ərdoğan Baydenin “soyqırım” ifadəsinə niyə yumşaq reaksiya verdi? - Açıqlama
29 Aprel 2021 14:47 Siyasət"Türkiyə prezidentilə ABŞ prezidenti arasında məhz "soyqırım" ifadəsinin işlədilməsilə bağlı telefon danışığı olub. Güman ki, həmin telefon danışığında ABŞ prezidenti özünün bu ifadəni işlətmək zərurəti və səbəblərini Ərdoğana izah etməyə çalışıb. Böyük ehtimalla həmin telefon söhbətində sözügedən ifadənin Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərə xələl gətirməyəcəyi öhdəliyi də olub".
Bu sözləri açıqlamasında Türkiyə lideri Ərdoğanın məsələyə gözlənilənin əksinə olaraq, yumşaq reaksiya göstərməsinə aydınlıq gətirərkən politoloq Nəsimi Məmmədli deyib:
"ABŞ və ya başqa dövlətin 106 il öncə baş vermiş olayı "soyqırım" kimi tanıması bugünki Türkiyə üçün hər hansı bir hüquqi, mənəvi və siyasi öhdəlik yaratmır. ABŞ-da gəlmələr 200-dən çox yerli tayfanı ümumiyyətlə yer üzündən silib. Buna görə mövcud dövlətlərin qınanılması, hədəfə gətirilməsi reallıqdan çox uzaqdır".
Həmsöhbətimiz düşünür ki, ABŞ-ın bu davranışı əslində erməni cəmiyyətini sakitləşdirmək, könlünü almaq, seçki öncəsi Paşinyan iqtidarına dəstək vermək üçün atılan addımdır.
Politoloqun fikrincə, bu məsələdə Ərdoğan özü də maraqlıdır: "Rəsmi Türkiyə də maraqlıdır ki, Paşinyan hökuməti faktiki olaraq hakimiyyətini saxlasın. Ankara maraqlıdır ki, Ermənistanda Rusiya təsiri azalsın. Paşinyan hökuməti də Rusiyanın təsirindən çıxmağa çalışır. Erməni cəmiyyətinin özündə də Moskva ilə davamlı əmıəkdaşlıq arzusunda olan qüvvələr çox deyil". sfera