Tarixi qələbəmiz dünyanın bəzi güclərini narahat etməyə başlayıb

Ötən ilin 27 sentyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni silahlı birləşmələrinə qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi tariximizdə silinməz izlər buraxdı. Bu müharibə 30 ilə yaxın idi ki, davam edən, sadəcə işğalçılıq siyasətinə deyil, həmin ərazilərdə bəşəriyyət və insanlıq adına misli görülməmiş vandalizm hərəkətlərinə də son qoydu.

YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi, "Davamlı İqtisadi və Sosial Maarifləndirmə" ictimai birliyinin təsisçisi və sədri Kubra Əliyarlı deyib ki, 1990-cı ilin əvvəllərində erməni silahlı birləşmələrinin yenicə müstəqillik qazanmış, dünya meydanında hələ kövrək addımlarını atan ölkəmizə amansız hücumu və soyqırımı Azərbaycan torpaqlarının 20 faizinin işğal altına düşməsinə, 1 milyondan çox azərbaycanlının isə öz yurd-yuvasından məcburi didərgin salınmasına gətirib çıxardı: "Bu işğal nə az, nə çox düz 30 ilə yaxın davam etdi və günahsız insanların vəhşicəsinə öldürülməsi, 1 milyon insanın hüquqlarının kobud şəkildə pozulması, tarixi, dini, mədəni abidələrimizin dağıdılması və s. ilə nəticələndi. Təəssüflər olsun ki, bu siyahını xeyli uzatmaq olar... Aldığımız mənəvi, psixoloji zərbələri isə yüz illər keçsə də unutmaq olmaz. Hər bir vətənpərvər azərbaycanlı bu ağrı-acını ölənədək ürəyində daşıyacaq. Bir sözlə, tarix bizə başımıza gətirilən müsibətləri heç bir zaman unutmamağı və ciddi nəticə çıxarmağı öyrətdi. Biz bu qədər haqsızlıqla, vandalizmlə baş-başa qalanda dünya susdu, beynəlxalq hüquq susdu, özünü "demokrat", "super güc" adlandıran heç bir qüvvə haqq səsimizə səs vermədi. Sözdə münaqişənin həllinə "çalışdılar", ancaq ortada heç bir əməl, həqiqi niyyət görünmədi".

Kubra Əliyarlı qeyd edib ki, Azərbaycan isə bu illər ərzində yorulmadan, usanmadan haqq mübarizəsindən bir an belə olsa geri çəkilmədi, bütün sülh danışıqlarında fəal iştirak etdi, dialoqa hər zaman açıq oldu. Əvəzində isə işğalçı və terrorçu mahiyyətindən əl çəkməyən Ermənistanın yeni təxribatları və əsassız olaraq yeni torpaq iddiaları ilə dövlət sərhədlərimizə hücumlarının şahidi oldu: "Sözsüz ki, qeyrətli oğullarımızın sayəsində bütün bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Ən böyük və son təxribat isə Azərbaycanın Vətən müharibəsinə başlaması ilə nəticələndi. Vətən müharibəsi uzun illər idi ki, xalqımızın çəkdiyi torpaq həsrətinin sonu, məhv edilmiş talelərin dirçəlişi, ümidi, harayı idi. Hansı ki, bu haraya 30 idi ki, dünya susurdu...

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz xalqımızın ümidinə işıq tutdu. Düşmən əsarəti altında inildəyən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa işğaldan azad edildi. Ağdam, Kəlbəcər, Laçın isə müharibədən sonra imzalanmş üçtərəfli bəyanatın nəticəsində Azərbaycana təhvil verildi. Artıq Azərbaycan təkcə erməni işğalı ilə deyil, dünyanın ikili standartlarından usanaraq özü öz problemini həll etdi, tarixi və əzəli torpaqlarını azad etdi. Ermənistanın və onun ədalətsiz havadarlarının "yenilməz" obrazlarını məhv etdi, Azərbaycan üçün ərazi bütövlüyünün, milli məsələlərin nə qədər əhəmiyyətli və güzəştə gedilməyəcək bir məsələ olduğunu dünyaya sübut etdi".

Hakim partiya rəsmisi təəssüf hissi ilə qeyd edib ki, bu tarixi qələbəmiz dünyanın bəzi güclərini narahat etməyə başladı, bu günədək münaqişənin həllinə sözdə çalışanların, zaman-zaman bu torpaqların Azərbaycana məxsusluğunu söyləyənlərin laqeyd, bəzilərinin isə ittihamedici çıxışları, bəyanatları onların əsl mahiyyətini və xislətini bir daha ortaya sərmiş oldu: "Bu gün, həm də Azərbaycan ordusunun Vətən müharibəsi zamanı düşmənin qoyub qaçdığı və ya döyüş meydanında ələ keçirilmiş hərbi texnikalarının nümayiş etdirildiyi və Bakı şəhərinin Xətai rayonu ərazisində salınan Hərbi Qənimətlər Parkı bir çox antiazərbaycan qüvvələri ciddi narahat etməyə başlayıb. Hətta bəzi şəxslər, xüsusilə Fransanın Ermənistandakı səfiri Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırıb. Görünür özlərinə və məğlub Ermənistana bununla təskinlik verməyə çalışırlar. O dövlətlərə sual olunur: Ermənistanın Azərbaycana qarşı etdiyi əsassız torpaq iddialarına, işağlçılıq siyasətinə, vandalizm aktlarına, dünyada misli görülməmiş Xocalı soyqırımına, dövlət sərhədlərimizdəki hərbi təxribatlarına susanda bəs sizin ləyaqətiniz harda idi?!. Ermənistan və onun havadarları dünyanı bir çox savaşlara, müharibələrə sürükləyənlər öncə özlərinin ləyaqətlərini sorğulasınlar. Azərbaycan öz gücü və mövqeyimizi dəstəkləyən qardaş, dost dövlətlərin, xüsusilə Türkiyə və Pakistanın mənəvi, siyasi və diplomatik dəstəyi ilə bu zəfərə imza atdı. İllərdir ki, icra olunmayan, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Beynəlxalq hüququn pozulmuş maddələrini öz gücü, əzmi və qətiyyəti ilə həyata keçirdi. Belə olan halda dünyanın bacara bilmədiyini və ya etmək istəmədiyini Azərbaycan öz gücünə bacardı. Əməlləri və niyyətləri ilə təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı təhdid olan erməni faşizmi məhv edildi. Azərbaycan dövləti isə bu günədək olduğu kimi, bu gün də açıq şəkildə bildirir ki, Azərbaycan ərazi bütövlüyünü heç kəsə güzəştə getməyəcək, Qarabağ Azərbaycandır!"

Kubra Əliyarlının sözlərinə görə, Hərbi Qənimətlər Parkı isə təkcə Azərbaycanda deyil, həmin səfir və onunla eyni fikirdə olanlar araşdırsalar görərlər ki, dünyanın bir neçə ölkəsində belə parklar və ya muzeylər var: "Bu park Azərbaycan Ordusunun peşəkarlığının, qətiyyətinin, qüdrətinin tənətənəsidir, təzahürüdür. Öz döyüş bayrağının meydanda qoyub qaçan Ermənistanın ordusunun isə əsl mahiyyətinin - qorxaqlığının, cəsarətsizliyinin, cılızlığının göstəricisidir. Bir neçə gün bundan öncə mən də həmin parkı qürurla ziyarət etdim və gördüklərimdən bir daha əmin oldum ki, bu millət yenilməzdir, bu millət üçün Vətən, torpaq anlayışı bütün varlıqların fövqündə ən uca mərtəbədədir. Dünya azərbaycanlıların vətənpərvərliyindən və cəsarətindən dərs götürməlidir. Hətta vurğulamaq lazımdır ki, bir sıra ölkələr artıq Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini və peşəkarlığını, xüsusilə Şuşa döyüşlərini araşdırmağa və tədris etməyə hazırlaşır. Budur Azərbaycanın "Dəmir yumruq" iradəsi! Ordumuzla və qeyrətli, Vətənpərvər oğul, qızlarımızla fəxr edir, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31