Niderlandda İslama və türkə qarşı nifrətin tarixi kökləri
9 Dekabr 2020 15:31 SiyasətSentyabr ayının 27-də ermənilərin ərazilərimizə yeni təcavüz planlarına qarşı Azərbaycanın həyata keçirdiyi əkshücum əməliyyatı və bu uğurlu əməliyyatın davam etdiyi 44 gün müddətində müşahidə etdiyimiz bir mənfi tendensiya da ondan ibarət oldu ki, bəzi Avropa ölkələri Azərbaycanın haqlı davasında onu müdafiə etmək əvəzinə, bizə qarşı müxtəlif üsul və vasitələrdən istifadə edərək haqq işi uğrunda mübarizəmizə mane olmağa, əngəl yaratmağa çalışdılar. İstər siyasi və iqtisadi təzyiq cəhdləri, istər erməni təxribat maşınına qoşulub Azərbaycana qarşı qara yaxmaq, ona ləkə atmaq kimi bütün mənfi tendensiyaları müşahidə etdik. Hətta Azərbaycana qarşı qərəzli, deyərdim ki, ermənilər qədər düşmən mövqe elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə müsahibəyə gələn bəzi xarici media təmsilçilərinin dövlət başçısına verdiyi təxribatçı suallarda da aydın sezilirdi. Bir sözlə, Azərbaycan Prezidentinin dediyi kimi 44 günlük müharibə kimin dost kimi yanımızda olduğunu, kimin isə bizə qarşı düşmənçilik münasibəti bəslədiyini sərgilədi.
44 günlük müharibənin gedişində Azərbaycanın apardığı haqq işi uğrunda mübarizəyə əngəl olmağa, Azərbaycana qarşı ədalətsiz şəkildə ermənilərlə bərabər cəbhə açmağa çalışan dövlətlər sırasında Fransa və Niderland Krallığı daha çox antiAzərbaycan mövqeyi ilə seçildi. Düzdür, bütün halda nə Paris, nə Amsterdam, nə də bir başqa dövlətin nümayiş etdirdiyi antiAzərbaycan münasibət rəsmi Bakının başladığı müqəddəs mübarizəyə hər hansı formada mənfi təsir göstərmək gücündə olmadı. Bu və ya digər formada hər bir təzyiq və maneçilik cəhdlərinə rəsmi Bakı öz tutarlı mövqe və cavabı ilə antiAzərbaycan qüvvələri oyundan kənarlaşdıra bildi. Nəticə etibarilə qarşısına qoyduğu məqsədə, işğal altında olan ərazilərini erməni qəsbkarlarından təmizləməyə nail oldu. Əslində elə həm Fransa, həm də Niderlandı ciddi şəkildə narahat edən bu amil idi ki, Azərbaycan öz işğal altında olan ərazilərini düşməndən azad etməsin. Burada ermənipərəst mövqe ilə yanaşı, biznes maraqları da mühüm rol oynayırdı. Çünki əldə edilən məlumatlara görə, ötən 30 ilə yaxın ərzində həm fransız, həm də niderlandlı iş adamları işğal altında olan ərazilərimizə qeyri-qanuni investisiya qoyub və həmin ərazilərdə özləri üçün biznes qurublar. Heç şübhəsiz ki, belə bir qeyri-qanuni addımın atılmasında hər iki ölkədə fəaliyyət göstərən güclü erməni lobbisi ilə yanaşı, həmin ölkələrin hakimiyyət qurumlarının, siyasilərin də əməyi az olmayıb. Məhz həmin dairələr iş adamlarını işğal altında olan ərazilərdə biznes qurmağa yönləndiriblər. İndiki məqamda isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi həmin biznesin iflası deməkdir. Ona görədir ki, həm Fransa, həm də Niderlandda Azərbaycan əleyhinə yeni qanunların qəbulu, separatçı Dağlıq Qarabağ "Respublikası"nın tanınması kimi cəhdlər edilir. Bu fonda müharibənin başa çatmasından sonrakı ilk günlərdə Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma "suriyalı terrorçular" məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri isə Niderlanddakı erməni lobbisi ilə yaxından əməkdaşlıqda olan Xristian Demokratik Çağırış Partiyasından olan Martin van Helvert, Xristian İttifaqı Partiyasından Joel Voordevind, eləcə də Azadlıq naminə Xalq Partiyasından Sven Koopmans və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Hələ noyabrın 17-də adıçəkilən ermənipərəst siyasilərin "fəallığı" nəticəsində Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub.
Ermənipərəst siyasilərin antiAzərbaycan siyasəti elə Niderland parlamentdə məkirli müzakirələrin aparıldığı günün səhəri dövlət başçısı tərəfindən sərt tənqid edilmişdi. Noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırmışdı. O, parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulamışdı.
Ümumilikdə götürəndə isə həm Fransa, həm də Niderland Kraallığının antiAzərbaycan, antiTürkiyə münasibəti başadüşüləndir. Çünki hər iki ölkədə Türkiyə, Azərbaycana nifrət hissi zaman-zaman özünü büruzə verib və bu nifrətin tarixi kökləri var. Fransa təsadüfi deyil ki, ermənilərin ikinci ana vətəni sayılır. Niderlanda gəlincə isə tarixən bu ölkədə türkə, İslama nifrət hissi hökm sürüb.
Keçən əsrin 40-ci illərində Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllərin həyata keçirilməsi bu ölkədə İslama olan nifrət hissinin bariz nümunəsidir. Yaxud 2017-ci ilin martın ortalarında Türkiyənin xarici işlər naziri M.Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, ailə və sosial siyasət naziri Dr. Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılması isə türkə qarşı olan nifrət hissindən irəli gəlir.
Süleyman
Olaylar.az