Niderland parlamentində anti-Azərbaycan qüvvələr baş qaldırıb
9 Dekabr 2020 15:26 SiyasətErməni diasporunun təsiri altında olan parlament ölkənin nüfuzuna xələl gətirir
Azərbaycanın 30 illik həmləni 44 günə dəf edərək torpaqlarını işğaldan azad etməsini həzm edə bilməyən qüvvələr baş qaldırmaqdadır. Yeri gəldi-gəlmədi, həqiqətə uyğun oldu-olmadı qərəzli mövqe sərgiləyən antiAzərbaycan qüvvələri sanki illərlə pusquda duraraq bu günü gözləyirmişlər. Maraqlı məqam ondan ibarətdiir ki, münaqişə tərəfləri razılıq əldə ediblər, kapitulyasiyası sənədinə imza atılıb, tərəflər sənəddə əksini tapmış müddəaların icrası ilə məşğul olduqları halda bəzi üzdəniraq hamilər "toy toğlusu" kimi ortalığa düşüblər. "Özü üçün əriştə kəsə bilməyən" Avropa "demokratları" müxtəlif adlar altında Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışırlar. Elə bu səbədən də 44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanat Avropanın bəzi az sayda ölkələrinin yuxusunu ərşə çəkib. Sirr deyil ki, bu məsələdə dəhşətli məğlubiyyətin acısını yaşayan erməni diasporunun da fəaliyyəti kifayət qədərdir. Ancaq bütün hallarda özünə hörmət edən dövlət və dövlət strukturlarının bir ovuc lobbinin təsiri altında inildəməsi heç də qəbul edilən deyil. Çox təssüf ki, bəzi ölkələrin qanunverivci orqanları nəinki milli, eləcə də beynəlxalq qanunlara sayğısızlıq nümayiş etdirərək dövlətin nüfuzuna xələl gətirməklə məşğuldurlar. Belə ölkələrdən biri də Niderlanddır ki, bu ölkənin parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, İslamofob, ultra-sağçı və ultra-millətçi qüvvələr baş qaldırıblar. Xatırladaq ki, müharibənin başa çatdıqdan dərhal sonra parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülmüşdür. Əldə olunan məlumata görə, qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma "suriyalı terrorçular" məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri Martin vanHelvert (Xristian Demokratik Çağırış partiyası), JoelVoordevind (Xristian İttifaqı partiyası), SvenKoopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Məhz onların səyləri ilə noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub. Çox təssüf ki, reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar.
Noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırıb. Dövlət başçısı parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulayıb.
Əslində Niderlandı "aydan arı, audan duru" ölkə kimi qələmə verib onun digər xalqlara qarşı törətdiyi soyqırımı aktlarının üstünü ört-basdır etmək mümkün deyil. Məlum olduğu kimi keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlamışdır. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşımübarizə aparmış, öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olmuşdur. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilmişdir. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır. Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır. Niderland Ali məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf etmişdir. Ölkənin ali qanunverici orqanının hazırki fəaliyəti heç də bu ölkəyə baş ucalığı gətirmir. Əksinə, dünyada gedən siyasi proseslərə qərəzli yanaşma ölkənin nüfuzuna xələl gətirir. Heç şübhəsiz ki, Niderland deputatlarının ölkəmizə qarşı təxribat xarakterli əməlləri Azərbaycan-Niderland münasibətlərinin inkişaf prespektivlərini sual altına qoyur.
Alim
Olaylar.az