Paşinyan real vəziyyəti anlamalı, dəqiq öhdəliklər götürməlidir
6 Noyabr 2020 13:04 SiyasətAzərbaycan rəhbərliyi müzəəffər ordumuzla uğurlu döyüş əməliyyatları aparıb, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müvəffəqiyyətli nailiyyətlər əldə etməklə yanaşı, düşmənin yalanlarını ifşa edən, onu sarsıldan informasiya savaşı da həyata keçirir və bu savaşda da dövlət başçısı öndədir. Cənab Prezidentin bu aspektdə xarici ölkələrin KİV-ləri və televiziya kanallarına verdiyi müsahibələrdə bir daha açıq şəkildə bəyan edilir və dünyanın diqqətinə çatdırılır ki, hərbi əməliyyatları ilk olaraq işğalçı Ermənistan başladığı üçün, onun nəticələrinə də qatlanmalıdır. Ancaq eyni zamanda hərbi əməliyyatların dayandırılması da mümkündür ki, bu da Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın Azərbaycanın onun qarşısında qoyduğu tələblərə əməl etməsindən irəli gəlir. Elə ötən gün İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də dövlət başçısı bu mövqeyini bir daha açıq şəkildə bildirdi. İlham Əliyev dedi ki, müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ancaq indiki situasiyada düşmən tərəf buna maraqlı görünmür.Ona görə də hərbi əməliyyatlar davam edir: "Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik".
Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki,Paşinyan real vəziyyəti anlamalı, ya kapitulyasiya elan etməli, ya da dəqiq öhdəliklər götürməlidir. Deputatın sözlərinə görə, hazırda cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir: "Bir-birinin ardınca kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz azad edilir. Bu gün də Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir və işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Sentyabrın 27-dən ötən müddət ərzində Ermənistanın real vəziyyəti anlaya bilməməsi, kapitulyasiya istiqamətdə heç bir addım atmaması onun vəziyyətini daha da ağırlaşdırıb. Lakin çox təəssüflər olsun ki, Ermənistan hələ də kompromis anlayışı ilə manipulyasiya edir, iddialı davranır və itirilmiş mövqeləri bərpa etmək üçün müxtəlif vasitələrə əl atır".
Deputat bildirib ki, bu gün Ermənistan üçün ən yaxşı variant məğlubiyyətini qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir: "Cənab Prezident İlham Əliyevin dediyi kimi Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli Azərbaycana təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Sirr deyil ki, 3 dəfə razılaşdırılmış humanitar atəşkəs rejimi Ermənistan tərəfindən pozulub. Əlbəttə, burada məqsəd vaxt udmaq, yeni yardım almaq və itirilmiş mövqeləri geri qaytarmaq olub. Bu plan alınmadıqda isə Azərbaycanın şəhərləri hədəf götürülüb, dinc sakinlər qətlə yetirilib, hərbi cinayət törədilib. Gəncə və Bərdə terrorları bunun əyani sübutu olub. Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə iki dəfə ballistik raketlə hücum edib. Bərdəyə hücum isə Ermənistanın Azərbaycana qarşı məqsədli təcavüzkar niyyətini ortaya qoyub. Bu gün Azərbaycan tarixi torpaqlarını hərbi əməliyyatla azad etməklə yeni bir reallıq yaradıb. Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin "münaqişənin hərbi həlli yoxdur" tezisi artıq tamamilə əsassız görünür. Çünki hazırda münaqişə məhz hərbi fazadadır".
Millət vəkili bildirib ki, Ermənstan hər bir vasitə ilə münaqişəni beynəlmiləlləşdirmək, digər ölkələri münaqişəyə cəlb etmək, onların dəstəyini qazanmaq istəyir: "Lakin Azərbaycanın uğurlu diplomatiyası ilə təcavüzkar ölkənin bu cür cəhdləri iflasa uğrayır. Məhz region dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını zəruri hesab etmələri işğalçı ölkənin bütün arqumentlərini məhv edib, Ermənistan isə tam təcrid vəziyyətinə düşüb. Bu səbəbdən də Paşinyan vaxt qazanmaq, daha çox hərbi yardım almaq üçün atəşkəs dilənmək, Azərbaycana qarşı yeni hücum planları qurmaq əvəzinə real vəziyyəti anlamalı, ya kapitulyasiya elan etməli, ya da dəqiq öhdəliklər götürməlidir".
Süleyman
Olaylar.az